AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Cahangir Novruzov

Cahangir Novruzov

Ölkəmizdə çox az adam tapılar ki, Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi olan Cahangir Novruzovu tanımasın.

Cahangir Novruzov 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki Fәaliyyәtlәrinә görə "Əməkdar incəsənət xadimi" fəxri adına,  2014-cü ilin aprelində "TÜRKSOY-un 20 illiyi" yubiley medalına, 23 dekabr 2015-ci ildə TÜRKSOY-un "Haldun Taner" mükafatına layiq görülmüşdür. Oljas Janaydarmovun "Dans Plus" əsərinin səhnələşdirdiyinə görə 2 dekabr 2016-cı ildə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin "Qazaxıstanın Fəxri Mədəniyyət Xadimi" medalı ilə təltif olunub.

Gənclərin istəyini nəzərə alaraq, Azərbaycan səhnəsinin sevimli aktyoru, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovla müsahibəmizi sizə təqdim edirik:

 

 

 

Cahangir müəllim, Azərbaycan kinosunun dünyada tanınması üçün nə etməliyik?

-       Azərbaycan kinomatoqrafiyası ötən əsrə nisbətən çox zəifləyib. Kinomuzu dünyaya tanıtmadan öncə onu ayaq üstə qaldırmalıyıq. Bunun üçün kinostudiyamızın həyatda olan, müxtəlif sahələrinin keçmiş professional işçilərini toplayıb kino fabrikamızı yavaş-yavaş da olsa işə salmalıyıq. İlk hədəf, kinostudiyamızın bazasında bir film platosu yaradıb Türk kino industriyasını və başqa ölkələrin kinomatoqrafçılarını buraya cəlb edib pavilyonlarımızı və çalışanlarımızı qəbul olunan qiymətə onlara kirayələrək kino industriyamıza pul qazandırmaqdır məncə. Gənclərə yol açılmalıdır, həm də köhnə peşəkar və sənətkarlara şərait yaradılmalıdır ki, bu gün üçün sağlam gənc nəsil yetişdirə bilsinlər. Mən sadəce aktyor və rejissorları nəzərdə tutmuram. Azərbaycan kinosu yalnız aktyor və rejisordan ibarət deyil ki, işiqçısından tutmuş, qrim ustasına kimi – hər biri bir sənətdir. Azərbaycan film studiyasının ən gözəl zamanlarını xatırlayıram ki, ora bir kinofabrika idi. Hətta Türkiyədə elə bir yer tanımıram ki, Azərbaycan film studiyasının köhnə halını yansıdan bir məkan olsun. Onun əvvəlki halından daha da gözəl bir hala gətirərək bütün türk kinomatoqrafiyasını buraya cəlb edərək, daha keyfiyyətli filmləri ərsəyə gətirməyə şərait yaradaraq, onun maliyyə və maddi texniki bazasını gücləndirərək gələcəyə yol açmaq lazımdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən gənclərin Moskva və ya Hollivudda təhsil almaları üçün bir proqram yaradılmalıdır. Gənclərə istər rejisor, istər aktyor və ya ssenarist olaraq mükəmməl təhsil vermək önəmlidir. Sirr deyil ki, Sovet ittifaqının dağılması, Respublikanın maddi vəziyyətinin düşüşü ən çox Azərbaycan kinosuna təsir etdi. Azərbaycan kinosunu yenidən ayağa qaldırmaq üçün ölkəmizin mentalitetini və mədəniyyətini mükəmməl bilən peşəkarlar işə dəvət olunmalıdır.

 

Artıq 21 ildir ki, Azərbaycandan kənarda Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru kimi fəaliyyət göstərirsiz. Azərbaycanın ən çox nəyi üçün darıxırsız?

-       Azərbaycanın hər şeyi üçün darıxıram, havası üçün, torpağı üçün ..... Gözəl insanları üçün darıxıram. Öz gənclik və olqunluq dövrümün şərəfi, namusu üçün darıxıram. Bizim gəncliyimizdə yanımızdan keçən qıza aramızdan biri söz deyərdisə, ona qulaq burması verərdik, etdiyi hərəkətə görə danlayardıq. Azərbaycan gənclərinin mənəvi səviyyəsinin qeyb olmuş yüksəkliyi üçün darıxıram. Biz gəncliyimizdə oturub söhbət edəndə, dərin mənəvi-mədəni mövzulara üstünlük verirdik. Etiraf edim ki, son illərdə Azərbaycan çox gözəl şeylər əldə edib amma bir çox gözəl şeyləri də itirib. Önəmli olan gözəl şeyləri qazanaraq köhnə gözəllikləri itirməməkdir.

 

Ən sevdiyiniz Azərbaycan filmi hansıdır?

-       Ögey ana. Çox savadlı, peşəkar və qrammatikası düzgün olan bir filmdir. Ümumiyyətlə Həbib İsmayılovun bütün filmləri yüksək profesionallıq əks etdirir.Daha çox Həsən Seyidbəyli, Həbib İsmayılovun filmləri üçün darıxıram, hardasa Rasim Ocaqov....

 

İncəsənət sahəsində Azərbaycan gənclərindən nə gözləyirsiz?

-       Sadəcə incəsənət sahəsində deyil, elm, idman və sənət sahəsində də çox nailiyyətlər gözləyirəm. Çünki Azərbaycan xalqı çox istedadlı xalqdır, Azərbaycan xalqının ümidi də gənclərdir. O gənclikdən çox şeylər gözləyirik amma zəmanə elədir ki, maddiyyat mənəviyyata üstün gəlir. Təbii ki, maddi zənginlik içində yaşamaq da gözəldir amma mənəviyyatın zənginliyi daha önəmlidir. Zəngin ailələrin övladları həyatın onlara bəxş etdiyi fürsətdən istifadə edib mənəviyyatlarını da zənginləşdirməyə səy göstərsəydilər, gələcəyimizdən nigaran olmazdıq. İnsanın ruhu, daxili zəngin olmalıdır. Çox gözəl bir söz var “Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcəklər”.  Təsadüfi deyil ki, Qurani kərimin ilk endirilmiş surəsi “İkra” yəni, oxu kəlməsi ilə başlayır. Şərqin böyük alimlərindən Əli Şəriətinin də bu barədə gözəl sözü var; “Oxu, deyirsə, oxuyun! Mürəkkəbin axmadığı yerdə qan axar.” İndi isə təəssüflər olsun ki, Vikipediyadan başqa heç bir şey oxumurlar.

Əfsuslar ki, bizim bəzi yazıçılar, araşdırmaçılar, saqqalı –saçı ağarmasına baxmayaraq, arxiv materiallarının yerinə Vikipediyadan informasiyalar götürərək, kitablarında istifadə edirlər. Burdan səslənirəm ki, gənclər bu xətanı təkrar etməsinlər. Çünki Vikipediya ensiklopediya deyil, orada kimin nə yazdığı nə bəlli, nə də etibarlı deyil. Təsəsüf ki, indi gənclər dərslərini belə Vikipediyadan istifadə edərək hazırlayırlar. Gənclərin doğru məlumatları arxivlərdən, kitabxanalardan, kitablardan almalarını istərdim. O zaman öz gələcəyinizi, Azərbaycanın gələcəyini düzgün qurmuş olarsınız.

 

Kitabları, kitabxanaları sevən bir ziyalı kimi yeni nəslin kitablarının nə haqda yazılmasını istərdiz?

-       Düzgün və doğru həyat haqqında... Nə yazıq ki, dünya ədəbiyyatının demək olar ki, çoxu insanlığın günahlarından yoğrulmuş hekayələrdən ibarətdir. Düşünün bir, mənə bir roman göstərin ki, orada günah olmasın… Ya birini öldürəcəklər, ya zina olacaq, ya xəyanət ya oğurluq və i.a. Mən isə günahlar haqqında yazılmış hekayələri istəmirəm, savablarla yazılmış hekayələr istəyirəm. Niyə bu gün ədəbi əsərlərdə, filmlərdə oluşmuş həyati vəziyyəti ancaq zorakılıqla çözürlər? Bunu heç düşündünüzmü?  Anton Çexovun kitabları kimi mənəviyyatı və ruhu zənginləşdirən əsərləri istəyirəm. Dünya sadəcə günahlardan ibarət deyil… Əfsuslar olsun ki, bu gün günahlarla dolu əsərlərə əyləncə qaynağı kimi baxırlar. Nədən gözəl şeylərə, yaxşılıqlara maraqlı hadisə kimi baxılmır? Bu gün ən nadir şey yaxşılıqdır, insanlıqdır, heysiyyətdir, insafdır– bunlara insanlığın ehtiyacı var. Bu mövzularla yazılmış kitablar istərdim. Ən sonunda da xalqımın gənclərinə işıqlı, zəngin mənəviyyatı olan bir gələcək istərəm.