AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Murad Dadaşov

Murad Dadaşov

Tanınmış teleaparıcı,  “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü və əməkdar artist Murad Dadaşov bu gün Azərbaycan Respublikasının İlk Elektron Ensiklopediyası olan Azens.az-ın təşkilatçılığı ilə gənclərin suallarını cavablayır:

Əgər KVN-ə düşməsəydiz, özünüzü necə təsəvvür edərdiz?

    - Onda mən idmançı olardım, mən əvvəllər cüdo ilə məşğul idim. Düzdür, çox böyük nailiyyətlər qazana bilməsəm də, cüdo və musiqi ilə məşğul olmuşam. Bəlkə də yaxşı musiqiçi ola bilərdim. Anam da fortepiano üzrə pedaqoqdur. Təssüf ki, qeyri-peşəkar yanaşdım və sonadək davam etdirmədim.

 

Bu yaxınlarda ad gününüz idi, ürəkdən təbrik edirik. Yaş sizin üçün nə ifadə edir?

    - Yaş təbii ki, müəyyən mənada bir hesabatdır – dostlar qarşısında, cəmiyyət qarşısında. İnsan fikirləşir ki, nə qazanmışam, nə itirmişəm. Həmişə düşünürdüm ki, illər ötdükcə dostlar çevrəm artacaq, amma illər ötdükcə dostlar çevrəm getdikcə azalır. 15 yaşımda mən ad günümdə 150-200 nəfər adam görmək istəsəm də, bu gün artıq 5-6 nəfərlə kifayətlənirəm.

 

Deyilənə görə, səhnəyə çıxan adamlar qeyri-səmimi olurlar, dürüst olmaq onlarda alınmır. Bu fikirlə razısız?

    - Bütün bu sualların cavabı insanın kökü, onun keçmişi ilə bağlıdır. Əgər müəyyən yerdə daxili pozuntu varsa, o həmən özünü biruzə verəcək. İnsan səhnədə qeyri-səmimidirsə, səhnəyə qədər və səhnədən sonra də qeyri-səmimidir.

 

Necə oldu ki, KVN-ə gəldiz? Anar Məmmədxanlı ilə əvvəldən tanış idiz?

     - KVN-dən ilk təklifi dostum Timur Vaynşteyn tərəfindən almışam, indi Timur Rusiyanın NTV kanalının baş prodüseridir. Hətta Timurun peşə seçimi də mənə bir nümunə oldu. Timur Vaynşteyn televiziyanı seçdi, onun bu seçimi məniim üçün də faydalı oldu. Mən də televiziya sahəsinə addımladım. Anar Məmmədxanlı ilə daha sonra tanış oldum, bu həyatımın həlledici və unudulmaz görüşlərindən biri idi.

 

Pulla sizcə nəyi almaq olar və nəyi almaq olmaz ?

    - Əslinə qalsa, pulla çox şeyi almaq olar. Sadəcə reputasiya məsələsi var, bunu pulla almaq olduqca çətindir. Bir deyim var: “siz pulu neynirsiz, sizin fantaziyanız yoxdur”. İnsan pulu bir vasitə kimi müəyyən böyük nailiyyətlərə çatmaq üçün istifadə etməlidir. Pul özü-özlüyündə bir amil və dəyər deyil, o vasitəçi rolunu oynayır. İnsanın daxili aləmi kasaddırsa, pul onun əlində böyük bir dərdə çevrilir.

 

Dünya miqyaslı elə bir insan var, hansı ki, onunla görüşmək və ya tanış olmaq istəyərdiz?

    - Bir yox, bir neçə insanın müəyyən cəhətləri var ki, onlarla ümumiləşmiş şəkildə çox geniş bir söhbət edərdim. Onların daxili aləmləri mənimçün olduqca maraqlıdır. Elə bir şəxslər var ki, həyat elə şans yaratdı ki, mən onlarla görüşüb tanış ola bildim. Dəqiq ad çəkmək çətindir, öz fəaliyyətimə uyğun olaraq, Türkiyənin məşhur komediya ustası Cem Yılmazı, daha sonra Acun Ilıcalını misal göstərə bilərəm. Sahibkar, ixtiraçı və investor olan Elon Mask, Riçard Brenson kimi şəxslərin fikirləri mənim üçün maraqlıdır. Bir də yüksək biliyə malik olan həkimlərlə ünsiyyətdə olmaqdan zövq alardım. Təəssüf ki, məktub illərdə kimya və biologiya fənnlərdən zəif idim, bu sahəyə xüsusi diqqət yetirə bilmədim.

 

Siz necə müəyyən edirsiz ki, insanlara inanmaq olar yoxsa yox?

    - Mən insanların təsvirinə baxıram, hətta dostlarım da hər hansı şəxs haqqında fikir söyləndə, həmin şəxsin şəkilini görmək istəyirəm. Mən nədənsə hiss edirəm ki, insanın xarici görünüşü və onun üz cizgiləri onun haqqında çox şeydən xəbər verir. Çox yaxşı olardı ki, pis insanlar çirkin, yaxşı insanlar gözəl olardılar. Onda insanlar çox rahat başa düşərdilər ki, kim kimdir...

 

Tezliklə “Ağlama” adlı yeni yumoristik proqramınız efirə gedəcək. Proqram üzərində işlər necə gedir?

    - Son zamanlar yumorun formatı kifayət qədər dəyişib. Mən istədiyim formada yumor ustaları və yumora meyilli insanlar çox azdır. Yumora malik olan insanların bəzilər isə verilişə gəlmirlər. İstəyirəm ki, Azərbaycanda yumora münasibəti yenidən intellektual yumora qaytarım.

 

Murad müəllim, bəs haqsızlıqla nə vaxtsa üzləşmisiz?

    - Əsas odur ki, mən kiməsə haqsızlıq etməyim. Məni narahat edən əsas məsələ budur. Bəzən olur ki, insan bir addım atır və bilmir ki, sonda səhvdir. Səhv etdiyim halda, mütləq şəkildə üzr istəyə bilərəm.

 

Müasir komiklər özlərini həyatda necə aparırlar? Addımbaşı zarafat edirlər?

    - Təbii ki, çox çətindir, Cim Kerri kimi bir şəxsi qəmgin görmək və ya Cekki Çan drammatik bir rolda oynasın. Məşhur komiklər həyatda kifayət qədər yorğun insanlardır. Onlar digərlərindən fərqli olaraq, daha çox enerji ötürürlər. Məncə onlar daxilən sadə və hardasa darıxdırıcı insanlardır.

 

Bildiyiniz kimi, saytımız əsasına yeni Ensiklopediyamız nəşr olundu. Ensiklopediyamızı bəyəndiz?

    - Hədiyyəniz üçün təşəkkür edirəm, Çox bəyəndim, yanaşma maraqlıdır. Ensiklopedik hər hansı bir dərgi mənim üçün önəmlidir. İstərdim ki, Ensiklopediyanın daxilində müasir nailiyyətlərimiz də öz əksini tapsın.

 

Bu müsahibəmiz vasitəsilə müasir gənclərə nə arzulamaq və nə demək istərdiz?

   - Gənc olsunlar, yaşlarından artıq və ya az olan məsuliyyəti yaddan çıxarmasınlar. Oxusunlar, öyrənsinlər, öz yaşlarını yaşasınlar.

 

AzEns.AZ