AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Polad Bülbüloğlu

Polad Bülbüloğlu

Dövlət müstəqilliyinin qorunması, çoxşaxəli inkişafın davamı, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə müdafiəsi və bir çox məsuliyyətli sahələr gələcəkdə məhz intellektual gənclərimizin üzərinə düşəcəkdir.

Ölkənin gələcək geniş inkişaf perspektivlərini yalnız savadlı, ictimai fəal gənclərdən ibarət yüksək səviyyəli peşəkar kadrlar həyata keçirə bilər. Bu səbəbdən, gənc nəslin düzgün yetişdirilməsi və istiqamətləndirilməsi, onların diqqət və qayğı ilə əhatə edilməsi hər birimizin mənəvi borcudur. Mən özüm üç övlad atası və iki nəvə babasıyam. Onların timsalında cəmiyyətimizə yüksək şəxsi keyfiyyətlərə malik layiqli vətəndaşlar tərbiyələndirməyə çalışıram.

Azərbaycanın gələcək rifahı və inkişafı naminə ölkə prezidenti tərəfindən gənclərimizin təhsilinə, onların xaricdə mütəxəssis kimi hazırlamalarına xüsusi diqqət yetirilir.

Azərbaycan gənclərinin kütləvi şəkildə xaricdə təhsil almalarına yönəlmiş siyasət ilk dəfə 1970-1980-cı illərdə ümummilli lider Heydər Əliyev tərəfindən başladılmışdır. Bu strategiya özünü doğrultmuş və SSRİ-nin aparıcı təhsil mərkəzlərindən məzun olan ilk tələbə axını respublikanın yüksəkixtisaslı mütəxəssisləri, siyasətçiləri, iqtisadçıları, səhiyyəçiləri, mədəniyyət və incəsənət xadimləri qismində dövlətimizin rifahı naminə indi də öz şərəfli fəaliyyətlərinə davam edirlər.

Prezident İlham Əliyev Azərbaycan gənclərinin XXI əsrdə xaricdə təhsil almaları istiqamətində vahid sistemin yaradılması məqsədi ilə müxtəlif dövlət proqramlarını təsdiq etmişdir. Onların tətbiqi nəticəsində çoxlu sayda azərbaycanlı gənc keçmiş sovet məkanının hüdudlarını aşaraq, bir çox xarici ölkənin tanınmış təhsil ocaqlarında oxumaq imkanını əldə etmişdir. Bu gənclər alacaqları yüksək səviyyəli ali təhsilləri əsasında ölkəmizin zəngin kadr potensialının tərkib hissəsini təşkil edəcəklər.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində işlədiyim müddətdə təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət yetirmişəm. Səfirliyin dəstəyi ilə görülən tədbirlər nəticəsində Rusiya təhsil ocaqlarına tələbələrimizin axını və iki ölkə Universitetləri arasında tələbə mübadiləsi artmış, Rusiyanın ən nüfuzlu təhsil mərkəzi sayılan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıda filialı açılmışdır. Bu tarixi hadisə bir çox gəncimizin Azərbaycanın hüdudlarını tərk etmədən Moskvanın aparıcı Universitetində ali təhsil almasına imkan verir. Əminəm ki, gənc nəslin maarifləndirilməsi üçün dövlət tərəfindən yaradılan yüksək şərait, gələcəkdə öz müsbət töhfəsini verəcəkdir.

Ümumiyyətlə Mədəniyyət Naziri və Səfir vəzifələrində işlədiyim müddət ərzində gənc və istedadlı kadrların cəlb olunmasının, hər iki sahədə işlə təmin edilmələrinin tərəfdarı olmuşam. Onların timsalında yeni peşəkarların yetişdirilməsinə çalışmışam. Düşünürəm ki, hər bir rəhbər müasir düşüncəli, yeni fikirli gənclərin geniş bilik potensialından istifadə etməlidir. Bu tendensiyanın inkişafını hər zaman dəstəkləyirəm. Çünki, müstəqil dövlətimizin parlaq gələcəyinin möhkəm zəmin üzərində qurulması yalnız sağlam və savadlı vətəndaş cəmiyyəti sayəsində mümkündür.

Qloballaşan dünyanı əhatəsinə almış sonsuz informasiya məkanında mübarizə aparmaq üçün internet resurslarından faydalanmaq vacibdir. Azərbaycanlı gənclərin təbliğat sahəsində - Dağlıq Qarabağ münaqişəsinin və Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanın haqlı mövqeyinin internet resursları vasitəsi ilə bəyan edilməsindəki xidmətləri böyükdür. Bu sahədə Heydər Əliyev Fondunun vitse-presidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı AMOR-un başlatdığı və həmçinin internet vasitəsi ilə bütün dünyaya yaydığı “Xocalıya Ədalət” kompaniyasını nümunə kimi xüsusi ilə qeyd etmək istəyirəm.

Dövlətimizin mənafeyi naminə mütəfəkkir Azərbaycan gənclərinin fəaliyyətini dəstəkləyirəm, YAP Gənclər Təşkilatının təsis etdiyi Azens.az saytını yüksək qiymətləndirir, saytın yaradıcılarına informasiya məkanında davamlı və uğurlu fəaliyyət arzulayıram.

 

Hörmətlə, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Polad Bülbüloğlu