«Bakı» sözünün izahlı mənası

 «Bakı» sözü dəqiq izahını tapa bilməyən toponimdir. Sözün hardan yarandığı ilə bağlı onlarla fikir var. Bəzi alimlər bu toponimi eramızın VII əsrində bu ərazidə yaşamış "bakan" tayfası ilə əlaqələndirirlər, bəzilərinin fikrincə isə paytaxtımızın adı "Bakuyə" sözündən götürülmüşdür.  Bakı toponiminin qədimliyi haqqında ilk məlumata İ.İ.Meşşaninovun 1927-ci ildə Bakıda nəşr olunmuş “Eqipet i Kavkaz” adlı məqaləsində rast gəlmək olar. Fərziyyəyə görə, e.ə. III minilliyin sonlarına aid edilən “Ölülər kitabı” Misir mifologiyası toplusunda əksini tapmış “Bakhav” toponiminin Qafqazda formalaşmasıdır.Sözün kökü olan “Baka” “Günəşin doğulduğu yer” və ya “Səhər şəfəqi” kimi iddia edilir. Bu toponim Böyük Qafqazın şərqində yerləşən Bakı ilə eyniləşdirilir. İslam dini fəlsəfəsində Allahın 99 mübarək adının 96-cısının əl-Bakiy olması da məlumdur. On birinci imam Hz.Həsən Əsgərinin oğlu Hz.Mehdinin (Sahibi-Zaman) özəl adlarından biri də məhz Hz.Bakıyyətullahdır. Burada “Bakıy” etnonimi əlbəttə ki, əbədi mənasındadır. Bakı sözü ərəbcə “sonsuz”, “əbədi”, “qalan”, “fani olmayan”, “varlığı daim olan”,  türkcə isə “toxunulmaz” və “müqəddəs” anlamını verir. Sanskritcə (qədim hind ədəbi dillərindən biri) “bhaqa” günəş anlamındadır. Avesta və qədim pəhləvi-iran-fars dillərində “baqa” və yaxud “baq” tanrı deməkdir. E.ə. VI əsr Bisütun mixi kitabəsində (İranın Həmədan şəhəri yaxınlığında Bisütun qayası üzərində İran şahı I Daranın (e.ə. 522-486) həkk etdiyi kitabə) də “Baqa” sözünə rast gəlinir.  Azens.az saytının məlumatına görə, “Baqa” sözü günəş-od kimi tərcümə edilərək dolayısı ilə “Boq” sözünü formalaşdırmış və bu etnonim rus dilinə belə keçmişdir. “Bhaqavad Qita” – Veda müdrikliyinin məğzi olan dünyanın transindental ruhi və fəlsəfi klassikasının ən məşhur əsərlərindən biridir. Sözün kökü “bhaqa” – “günəş” və ya “Tanrı” deməkdir. Demək “Bhaqa”, “baqa”, “baq” sözləri – əsrlər boyu dəyişmiş, Günəş, Tanrı və ya od, alov, atəş anlamını verərək formalaşmışdır. Bəzi mənbələrdə bu etnonim Tanrı-Allah kimi də verilir. Nəhayət, belə nəticəyə gəlmək olar ki, bu ərazidə çox qədimlərdə torpaqdan çıxan qaz və neft yanıb od-atəş halında göründüyü üçün adıçəkilən etnonimlər assimilyasiyasına uğramış, burada yaşayan xalq “baq”, “baqa”, ərazi isə “Baqavan”, “Bakuyə”, “Baku”, “Baki” və Bakı kimi formalaşmışdır. Toponim “Allah şəhəri”, “Allah yeri” və ya “Günəş (atəş) şəhəri”, “Günəş (atəş) yeri” mənasını daşıyır.  Bakı XII-ci əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur. Bakı dünyada 20 şəhərlə “qardaşlaşmış şəhər” statusuna malikdir. Bunların arasında Türkiyənin İstanbul və İzmir, İranın Təbriz, İtaliyanın Neapol, İraqın Bəsrə, Səudiyyə Ərəbistanının Ciddə, CAR-ın Yohannesburq və Rusiyanın Moskva şəhərləri var.
Tweet