"Bibiheybət" adı hardan gəlir?

Bibiheybət məscidi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarındakı tarixi kitabələrdə qeyd edilib ki, 1281-1282-ci illərdə tikilən məscidin memarı Mahmud ibn Səyiddir.  Bakının cənub-qərbində yerləşən Şıxlar (Şeyxlər) adlanan kənddəki məscidin içində vaxtilə şiələrin yeddinci imamı Musa əl-Kaziminin qızı 8-ci imam Əli ibn Musa ər-Rizanın bacısı Həkimə (Hükeymə) xanımın məqbərəsi var idi. Həzrəti Həkimə xanım heç vaxt ailə həyatı qurmayıb, bütün ömrünü qardaşı uşaqlarına həsr etmişdir. Deyilənə görə, Bakıda xanımın etibar etdiyi yeganə adam Hacı Bədir adlı bir şəxs olub. Tarixi məlumatlara görə, İçərişəhər taciri olan Hacı Bədir zəngin bir tacir imiş.  Hamıya maraqlıdır ki, bəs "Bibiheybət" adı hardan gəlir? Bildiyiniz kimi, ərəb dilində hərflər zəngin səslənir. Hacı sözünün birinci hərfi ərəb dilində həy, Bəbir sözünün birinci hərfinin adı isə bə-dir. Necə ki, əlifba sözü ərəb dilində birinci və ikinci hərfin adından ibarətdir (əlif və ba). Əslində Hacı Bədir və Heybət eyni adamdır. O ki, qaldı "bibi" sözünə, Həkimə xanıma insanlar "bibi" deyə müraciət edirdilər. Sonralar bu məscid "Bibiheybət" adı ilə ziyarətgah kimi tanınmışdır.  Xanım və üç uşaq burada yaşadıqdan sonra vəfat ediblər və indiki Bibiheybətin ərazisində yaşayış məskəni olmadığı bir yerdə dəfn ediliblər. Hacı Bədir Heybət isə öz arzusu ilə xanımın ayaq tərəfində dəfn edilib. Bu, azərbaycanlı Hacı Bədirin xanım həzrətlərin, imam və İslam dünyasına olan sədaqət və məhəbbətinin təzahürü idi.  Klassik şərq üslubunda tikilən əzəmətli Bibiheybət ziyarətgahının daxili bütünlüklə ağ mərmərdən ibarətdir. Hazırda Bibiheybət məscidinin iki minarəsindən biri H.Əliyevin adını daşıyır. Bibiheybət məscidində eyni vaxtda təxminən 3 min nəfərin namaz qılması mümkündür. Qadınlar və kişilərin ayrılıqda namaz qılmaları üçün şərait yaradılıb,  namaz qılınan yerin döşəməsinin altında xüsusi istilik sistemi quraşdırılıb.  Məscid 1934-cü ildə kommunistlər tərəfindən iki dəfə partladılıb, 1994-cü ilə kimi məscidin yerində ermənilər tərəfindən inşa edilən və gözəçarpmaz yerlərdə “erməni xaçı” qeyd olunmuş “Qələbə tağı” mövcud olub. 1997-ci il iyulun 23-də Məhəmməd (s) peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsi qoyulub. Ziyarətgahın əsas korpusunun H.Əliyevin iştirakı ilə açılışından (12 iyul 1998-ci il) düz on il sonra – 2008-ci il iyul ayının 12-də əsaslı yenidənqurma və təmir işləri yekunlaşdığı vaxt məscidin bütöv bir kompleks kimi  prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi olub.  XIX əsrin ən görkəmli şəxsiyyətlərindən biri olan, Azərbaycan xalqının şairə qızı  Xurşudbanu Natəvan ailə qurduqdan sonra bir müddət övladı olmur. O, Bibiheybət pirinə nəzir edərək əhd edir ki, əgər övladı olsa, pirə yol çəkdirəcək və xanımın nəziri qəbul edilir, övlad sahibi olur. Öz əhdinə sadiq qalan xan qızı pirə yol çəkdirir və övladını qucağına alıb nəzir dediyi yolla da pirə gəlir...  Quba xanı Fətəli xan isə vəsiyyət edir ki, vəfat etdikdən sonra onu ziyarətgahda olan qəbirlərin ayaqları altında dəfn etsinlər. Onun yaxınları xanın vəsiyyətinə əməl edirlər və Fətəli xan orada dəfn edilir. Lakin 1934-cü ilin sentyabrında  pir dağıdılarkən xanın da qəbri yerlə-yeksan edilir. Yalnız onun baş daşı Tarix Muzeyində saxlanılır. AZENS.AZ
Tweet