«QARABAĞ» sözünün mənası

 Qarabağ əraziləri qədim dövrdə “Arsax” adı ilə (“Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir) Albaniya dövlətinin (e.ə. IV-e.VIII əsrlər) tərkibində olmuşdur. Albaniya dövləti müasir Azərbaycan Respublikasının ərazisi də daxil olmaqla geniş torpaqlara malik idi. Albaniyanın qərb sərhədləri Göyçə gölündən keçməklə indiki Ermənistan deyilən ərazilərin böyük hissəsini əhatə edirdi.  Qarabağ təkcə Azərbaycanın deyil, eləcə də bütün dünyanın ən qədim tarixə malik diyarlarındandır. Ərəb xilafətinin dağılmasından sonra Qarabağ Azərbaycan Şəddadilər dövlətinin (975-1075-ci illər), Böyük Səlcuq imperatorluğunun (XI əsrin ortaları-XII əsrin əvvəlləri), Azərbaycan Atabəyləri dövlətinin (1136-1225-ci illər) hakimiyyəti altında oldu. XII əsrin sonu - XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı, sonralar onun ərazisində, Xaçının özü də daxil olmaqla, Qarabağ-alban məliklikləri (Xaçın, Vərən də, Dizaq, Gülüstan (Talış), Çiləbörd) meydana gəldi. Qarabağ XIII-XIV əsrlərdə bütünlüklə Monqol imperiyasının, XIV əsrin sonu - XV əsrdə Teymurilər dövlətinin tərkibində idi. Şirvan hökmdarı I İbrahim (1382-1417-ci illər) Qarabağın düzənlik hissəsini öz torpaqlarına birləşdirə bildi. Qarabağ XV-XVIII əsrin əvvəllərində Azərbaycan Qaraqoyunlu (1410-1468-ci illər), Ağqoyunlu (1468-1501-ci illər), Səfəvilər (1501-1736-ci illər) dövlətlərinin tərkib hissəsi idi. Səfəvi-Osmanlı müharibələri dövründə (1514-1555-ci illər, 1578-1590-cı illər və s.) Qarabağ əldən-ələ keçdi.  "Qarabağ"ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) "qara" rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və.s. mənalarını da verir. Bu baxımdan, "Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ" və s. mənalarını bildirir. Beləliklə, Qarabağın özü kimi "Qarabağ" sözü də Azərbaycan xalqına məxsusdur. Qarabağ heç vaxt ermənilərin tabeliyində və ya tabeçiliyində olmamışdır. "Dağlıq Qarabağ" sözü isə sonralar separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır.  Qarabağ adı təxminən VII əsrdən işlənilmişdir. O, əvvəllər konkret məkanı bildirmiş, sonra isə geniş coğrafi əraziyə aid edilmişdir. Müqayisə məqsədilə qeyd edək ki, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri-Naxçıvan bölgəsi və i.a. kimi Qarabağın da ilk zamanlar şəhər adı olması fikri vardır. Coğrafiyaşünas-toponimist R.Yüzbaşova görə Araz çayının qırağında Qarabağ şəhəri olmuşdur.  AZENS.AZ
Tweet