Əfsanələrlə dolu Xınalıq kəndi

  Xınalığın erkən orta əsrlərdə salındığı ehtimal olunur. Qafqazda Elbrus zirvəsindən sonra ən uca dağların əhatəsində qərar tutmuş Xınalıq kəndi Şah dağının, Şah düzünün və Şahnabat çayının şah əsəridir.    Xınalıq bütün dünyada tanınır. Bu, onun təbii rəngarəngliyi ilə məhdudlaşmır. Orada yaşayanların xüsusi dili mövcuddur. Qəribə quruluşlu dil yalnız həmin kənddə işlənir. Bu dildə təqribən 2000 adam danışır. Tədqiqatçılar xınalıqlıların Qafqaz Almaniyasının qədim tayfalarından biri olduğunu güman edirlər. Xınalıq dilini bəzi mütəxəssislər Ural dil qrupuna aid edirlər. Bu dildə ismin 18 halı var. Ədəbi dilləri Azərbaycan dilidir.   Dünyanın bir çox alimləri xınalıq dili ilə maraqlanmış, onu öyrənməyə təşəbbüs göstərmişlər. XIX əsrdə alman alimləri  R. Erkert və A. Dirr öz əsərlərində Xınalıq dilindən bəhs etmişlər. 1980–1990-cı illərdə Xınalıqda Lomonosov adına MDU- nin bir dəstə dilçi alimi işləmişdir. Bu dəstəyə qədim yunan və roman dilləri mütəxəssisi, məşhur rəssam Y.A.Kibrikin oğlu A.Y.Kibrik başçılıq etmişdir.   Xınalıq adı “xına”sözündən götürülmüşdür ki, bu da qarşıdakı dağın günəş çıxanda verdiyi rəngdir.   Əvvəllər indi Xınalıq kimi tanınan obalarına Kətş deyiblər. Xınalıq sakinləri özlərini Nuh peyğəmbərin nəslindən sayırlar. Rəvayətə görə, Nuh peyğəmbərin tufanı dövründə Ketş-Xınalıq, Ketş dağlarında yerləşib. Baş verən zəlzələdə kənd tamam dağılıb, əhalinin çox hissəsi həlak olub. Sağ qalanlar isə çayı keçərək daha hündür zirvələrə qalxıb, indiki Xınalıqda məskunlaşıblar.  Prezident İlham Əliyevin göstərişi ilə Xınalığa Qubadan 57 km uzunluğunda asfalt yol çəkilərək istismara verilmişdir. Xınalığa yeni, son modelli elektron telefon xətti çəkilmişdir. Xınalıq kəndinin tarixi ərazisi Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli, 2563 nömrəli Sərəncamı ilə "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilmişdir. Artıq həm ölkəmizin, həm də dünyanın hər yerindən bu gözəl diyara rahat gəlmək və gəzmək mümkündür.   Azens.az   Orucova Jalə
Tweet