Əsrin faciəsi - Xocalı

  1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366 saylı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirdilər. Faciəvi gecəyədək şəhərdə qalmış Xocalı sakinləri (təxminən 2 700 nəfər) yaşadıqları yerləri tərk etməyə cəhd göstərdilər. İşğalçılar Xocalını dağıtdılar və dinc əhalini xüsusi qəddarlıqla qətlə yetirdilər. Xocalının yüzlərlə günahsız sakininin qəddarcasına qətlə yetirilməsi Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilmiş ən iyrənc cinayətlərdən biri idi. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüşdür. 1 275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə indiyədək naməlum  olaraq qalmaqdadır. Faciə zamanı Xocalının 487 sakini, o cümlədən həddi-buluğa çatmamış 76 uşaq ağır xəsarət alaraq şikəst edilmiş, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq valideynlərinin hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Həlak olanların 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirilmişdir: diri-diri yandırılmış, başının dərisi tükü ilə birlikdə soyulmuş, boynu vurulmuş, gözləri çıxarılmış və hamilə qadınların qarnını yarmışdılar.   Erməni rəsmiləri laqeydliklə faktları təhrif edərək və reallıqdan uzaq və sadə məntiqə söykənməyən şərhlər verərək, münaqişəyə, o cümlədən Xocalı əhalisinə qarşı törədilmiş cinayətlərə görə məsuliyyətlərini danırlar. Ermənistanın məsuliyyəti Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının mühüm məlumatları ilə yanaşı, çoxsaylı müstəqil mənbələr və faciənin şahidləri tərəfindən sənədləşdirilmiş və soyqırımı törədənlərin bilavasitə etirafı ilə təsdiqlənmişdir. Qeyd olunmuş faktlar təsdiq edir ki, 25-26 fevral 1992-ci il tarixində Xocalı şəhəri sakinlərinin, o cümlədən uşaqların, yaşlıların və qadınların qəsdən qırğını onların yalnız azərbaycanlı olmaları səbəbindən kütləvi məhvi məqsədini daşıyırdı. İnsanların ürəyinə qorxu salaraq və dəhşətli qırğın qarşısında vahimə və qorxu yaradaraq, Xocalı şəhəri Azərbaycan ərazilərinin     sonrakı işğalı və etnik təmizləməsi üçün mərhələ kimi seçilmişdi. 1992-ci ilin may ayında Şuşa şəhəri və      Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir.1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər. Rəsmi Yerevanın Azərbaycan ilə münaqişədə birbaşa tərəf olmamasına dair çoxsaylı bəyanatlarının əksinə olaraq, Ermənistan Respublikasının suveren bir dövlətə qarşı birbaşa hərbi təcavüzünə və əsassız bəyanatlarının əleyhinə şahidlik edən danılmaz dəlillər mövcuddur.                                             Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycana qarşı düşmənçilik aktlarında iştirakına dair kifayət qədər fakt vardır. Mövcud faktların hamısını burada qeyd edə bilməsək də, aşağıda ətraflı şəkildə sənədləşdirilmiş dəlillər Ermənistanın Azərbaycana qarşı birbaşa hərbi təcavüzünü sübut edir. Belə ki, 1994-cü ilin yanvar ayında Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının 555 saylı (59016 saylı hərbi hissə) əlahiddə motoatıcı alayının bölmələrini döyüşdə məğlub edərək, bir neçə erməni əsgərini əsir götürmüşdü. Döyüş əməliyyatları zamanı ələ keçirilmiş sənədlərdən məlum olmuşdu ki, bu alayın hissələrindən biri Azərbaycanın Kəlbəcər rayonunu işğal etmək istəyən Ermənistan qüvvələrinə kömək məqsədilə 1993-cü ilin aprel ayında Ermənistan Respublikasının Vardenis şəhərindən Kəlbəcərə hücum etmişdir. Azərbaycan Respublikasının Kəlbəcər rayonunda döyüş zamanı ələ keçirilən qənimətlər arasında Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi general-leytenant G.Andresian tərəfindən 555 saylı əlahiddə motoatıcı alayın komandirinə və əməliyyat qrupunun rəhbərinə ünvanlanmış imzalı döyüş xəritələri və döyüş əmrləri, eləcə də Ermənistan Respublikasının silahlı qüvvələrinin 3-cü əlahiddə motoatıcı briqadasının 3-cü motoatıcı batalyonunun zabitlərinə məxsus döyüş xəritələri aşkarlanmışdır. Bu xəritələrin üzərində əl yazısı ilə 1 aprel 1993-cü il tarixində Azərbaycanın Kəlbəcər rayonunu ələ keçirmək məqsədilə hücum əmri qeyd olunmuşdur. Azərbaycan qoşunları orduya çağırılmış və döyüş əməliyyatlarında iştirak etmək üçün Azərbaycana göndərilmiş Ermənistan Respublikası vətəndaşlarının çoxlu sayda şəxsi sənədini aşkar etmişdir. Bu sənədlər arasında milli pasportlar, Ermənistan Respublikasının müxtəlif hərbi komissarlıqları tərəfindən verilmiş hərbi biletlər, hərbi xidmətə və Ermənistan Respublikasının müxtəlif rayonlarının hərbi komissarlıqları tərəfindən hərbi toplantıda iştiraka dair çağırış vərəqələri, Ermənistan Respublikası Daxili İşlər və Müdafiə Nazirliklərinin rəsmi əməkdaşları üçün kartlar, Ermənistan Respublikasının silahlı qüvvələrində xidmət üçün xüsusi müqavilələr, səyahət kartları, hərbi rütbə verilməsi üçün ərizələr, məzuniyyət və digər sənədləri misal gətirmək olar .    Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar".   Bu gün türkləri soyqırım iddiası ilə günahlandıran ermənilərin törətdikləri bu qırğınlar dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz. Azərbaycan  xalqı erməni vəhşiliklərini heç vaxt unutmayacaq və bağışlamayacaqdır. Bu qırğınları törətmiş erməni millətinə dünya birliyində yer yoxdur. Dünya birliyi bunu nə vaxtsa başa düşəcək və qərarını verəcəkdir. Bütün azərbaycanlıların son qələbəyə qədər yalnız bir mövqeyi olacaqdır.  Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Hazırladı: Orucova Jalə
Tweet