Əzəmətli Möminə Xatun türbəsi

Abidənin üzərindəki kitabədən türbənin 1186-cı ildə Atabəy Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə xatunun şərəfinə tikildiyi məlum olur. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə Xatun türbəsi  1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir (memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani). Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Möminə Xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar  vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 1186) başa çatdırmışdır. Elin yaddaşında "Atabəy günbəzi" adı ilə qalmışdır. Türbənin nəfis divar naxışları Möminə Xatun türbəsinin əsas hissəsini təşkil edən yerüstü abidə xaricdən ongüşəli, daxildən isə dairəvidir. Ümumi hündürlüyü 34 m olmuş, sonralar 8 m hündürlüyündə xarici örtüyü dağılmışdır. Türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarətdir. Sərdabə hissəsi planda 10 bucaqlıdır. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun arvadı Möminə xatun və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. Sərdabədə dəfn olunanların məzarlarının başdaşıları vaxtilə oğurlanıb aparılmışdır. Sərdabə orijinal quruluşlu olub, bədii baxımdan zəngin tərtibata malikdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə doğru bir tağ salınmışdır. Türbə sərdabəsindəki bu quruluş sonralar Qərbdə, qotika memarlığında tətbiq edilmişdir.  Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir. Türbə 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin əmri və himayəsi ilə əsaslı bərpa olunmuşdur.  Abidənin baş tağında kufi xətti ilə bu sözlər həkk olunmuşdur. "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük,  əsər qalır yadigar". AZENS.AZ
Tweet