9 May - Qələbə Günü


 Mayın 9-u Azərbaycanda Qələbə Günü kimi qeyd olunur. 1941-1945-ci illərdə Azərbaycanın 3 milyondan çox əhalisindən 700 mini cəbhəyə gedib, onlardan təqribən yarısı döyüşlərdə həlak olub, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft göndərib.   Faşizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.   Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.   İndi Azərbaycanda 30 minədək müharibə veteranı var, onlardan 12 min 500-ü döyüşlərdə iştirak edib.   Faşizmin məhvində minlərlə Azərbaycan övladının qəhrəmanlığına baxmayaraq, yalnız 43 hərbçimiz Sovet Ittifaqı Qəhrəmanı adına layiq görülüb. Tarixi faktlara əsasən söyləmək olar ki, müharibənin ən qızğın zamanlarında, cəbhənin ağır döyüş gedən hissələrində məhz azərbaycanlılar vuruşub. Onlardan biri də xüsusi rəşadəti ilə seçilən Həzi Aslanov idi.   Fransa prezidenti Şarl de Qolun yaxın dostu, göstərdiyi qəhrəmanlıqlarla tarixə düşən daha bir azərbaycanlı Əhmədiyyə Cəbrayılovdur. O, müharibə zamanı Fransa ordusunun Fransa xalqı üçün edə bilmədiyi fədakarlığı öz ordusu ilə etmişdi. Məhz bu səbəbdən də Fransa hökuməti ona ölkə tarixində görülməyən bir səlahiyyəti, orduda komandandan qabaqda getmək səlahiyyətini verdi.   Cəbhədə vuruşmaqla yanaşı, azərbaycanlılar partizan hərəkatında da fəal iştirak ediblər. Sayı az, lakin göstərdiyi qəhrəmanlığın miqyası böyük olan belə qəhrəmanlardan biri də Mehdi Hüseynzadədir. O, İtaliyanın Treys şəhərində 3 əməliyyat aparıb və nəticədə 1000-dən artıq alman zabitini məhv edib. Mehdi Hüseynzadə İtaliyanın, Yuqoslaviyanın, indiki Slaveniyanın faşizmdən xilas olması üçün və bütövlükdə dünyanın faşizmdən azad olması üçün vuruşmuşdur.   Qeyd edək ki, Böyük Vətən Müharibəsində təyyarəçi Hüseynbala Əliyev, kəşfiyyatçı Əli Kərimov, Malik Məhərrəmov, Cəlil Rəfiyev, Ziya Bünyadov və minlərlə adını çəkmədiyimiz digər qəhrəman Azərbaycan oğulları iştirak edib.   İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.   AZENS.AZ
Tweet