Alovun sönmədiyi yer «Atəşgah»

Mərkəzi məbəd-səcdəgah isə 1810-cu ildə hindistanlı tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir. Hazırda bu məkan hər tərəfdən neft buruqları ilə əhatə olunub.  Dünyanın ən qədim ziyarətgahlarından olan Suraxanı Atəşgahına girəndə adama elə gəlir ki, buradan qədim ruhların səsi gəlir. Azens.az saytının məlumatına görə, həyətdəki hər bir hücrədə vaxtilə burada yaşamış və dünyasını dəyişmiş atəşpərəstlərin qeyri-adi təsirə malik aurasını duymaq mümkündür. Vaxtilə ölmüş atəşpərəstlərin yandırıldığı vannayabənzər daş çuxur isə bu gün də ziyarətə gələnlərə qeyri-adi duyğular yaşadır.  Atəşgah plan quruluşuna görə şəhər karvansaraylarına oxşayır. Abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının tikinti ənənələrini əks etdirir. Lakin o, özündə bəzi hind məbədlərinin əlamətlərini saxlayıb.  Atəşgah 26 hücrədən və mərkəzi ibadətxanadan ibarətdir. Mərkəzi ibadətxana burada ən müqəddəs yer hesab edilirdi. Ora ancaq baş kahinlər keçə bilər və sitayiş edərdilər. Adi atəşpərəstlərin içəri keçməyə ixtiyarları yox idi. Məbəddə 20 qiymətli daş kitabə vardır ki, onlar hücrənin üzərində yerləşdirilmişdir. Birini zərdüşt, 19-nu isə atəşpərəstlər qoymuşlar. Onlardan 19-u hind, biri fars dilində yazılmışdır. Hər kitabədə otaqların neçənci ildə və hansı tacir tərəfindən tikilməsi, həmçinin hind tanrılarının adları qeyd olunmuşdur. Hücrələrdən yaşayış yeri, ibadətgah və karvansara kimi istifadə olunmuşdur. Son bir ildə iki yeni hücrə açılıb. Onlardan biri Azərbaycana, o biri isə Suraxanı rayonunun maddi mədəniyyətinə aiddir. Həmin hücrələrdə eradan əvvələ aid əşyalardan bəzi nümunələr toplanmışdır. Ziyarətə gələn atəşpərəstlər hücrələrdə qalırdılar. Bir hücrədə 3-4 nəfər yerləşdirilirdi. Başqa ölkələrdən gələn tacirlər də müqəddəs yer kimi mütləq Atəşgaha baş çəkirdilər. Burda 2-3 gün qalıb dincəlir, atəşpərəstlərə, zərdüştlərə vəsait ayırırdılar.  Zərdüştlük  dünyada  ən  qədim  dinlərdən  biridir. Bu din Azərbaycan  ərazisində yaranmışdır. Abşeron  yarımadası  isə,  xüsusən  neft və qaz  yataqları  ilə  zəngin olan  Suraxanı zərdüştilərin təxminən b.e. II – III əsrlərində özlərinə məbəd tikdirmələri üçün ən  münasib yer  olmuşdur, məbəd  isə “Atəşgah”, yəni “od yeri”, “od səcdəgahı” adlandırılmışdır. Bəzi araşdırmaçıların qənaətinə görə, Od Məbədinin tikintisi eradan əvvələ aiddir. Hazırda dünyada yalnız iki yerdə - Şimali Hindistanda və Azərbaycanda belə bir atəşgah mövcuddur. Atəşpərəstlərin ən ali sitayiş və ibadət məbədi məhz Azərbaycandakı Suraxanı Atəşgahıdır.  Azərbaycan Prezidenti İlham Əliyev bu il iyulun 1-də "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsinin təkmilləşdirilməsi və onun maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə sərəncam verib. Sərəncamda göstərilir ki, Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması və "Atəşgah" tarixi muzey mərkəzinin yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın. Azərbaycanın maddi mədəniyyət abidələri sırasında atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və hazırda YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilmiş “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun özünəməxsus yeri vardır. Qoruq Azərbaycan tarixinin öyrənilməsi ilə yanaşı, Respublikamızda turizmin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. 
Tweet