Azərbaycan Respublikası Gerbinin mənası

Bu baxımdan dövlət gerbimiz həm simvolların zəngin ahəngdarlığına, xalqımızın tarixi və mədəniyyətinin əks etdirməsinə görə digər ölkələrin gerblərindən fərqlənir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Azərbaycan Respublikası Dövlət gerbində ağ ulduz, qırmızı alov, yaşıl palıd budaqları, sarı sünbüllər təsvir edilmişdir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır. 1919-cu ilin martın 23-də “Azərbaycan” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Hökumətin qərarı ilə Azərbaycanın dövlət gerbi və möhürünün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat (“Ən yaxşı gerb layihəsi”nə görə 1000 rubl, möhürə görə isə 500 rubl) müəyyənləşdirilmişdi. Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir. Azərbaycanın yeni Dövlət gerbinin hazırlanması və təsdiqi məsələsinə bir də təqribən 70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində baxıldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır. Üçrəngli milli bayrağın bərpası və qəbulu ilə yanaşı, Dövlət gerbi və Dövlət himninin də qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alındı. Lakin təqdim olunan gerb esgizləri Milli Məclis üzvlərini qane etmədiyi üçün vaxtilə  mövcud olmuş gerb layihəsini bərpa etmək məqsədəuyğun hesab edildi. Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir. Günəşin mərkəzində alov təsviri “Odlar Yurdu”nu - Azərbaycanı simvolizə edir, hansı ki, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli (“Novruz” bayramında oda münasibət) ənənələr də nəzərə alınmışdır. Sünbül – Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olan doğma münasibətini ifadə edir. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türkçülüyü, müasirliyi və İslamı tərənnüm edir. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş simvolunun ağ rənglə verilməsi isə «əmin-amanlıq, sülhsevərlik, barış» mənalarını verir. Səkkizguşəli ulduz  Azərbaycanın  memarlıq, şəbəkə  sənətində geniş istifadə olunan ornament növlərindəndir. Azens.az Orucova Jalə
Tweet