Azərbaycanın ilk hərb naziri - Xosrov bəy Sultanov


 1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur.  


 Vacib məsələlərdən biri Hərbi Nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-ə qədər Xosrov bəy Sultanov icra etdi. Xosrov bəy çox az müddət nazir vəzifəsini icra etsə də, tarixdə adını yaza bilmiş bir şəxsiyyətdir.  


 Həmin ilin oktyabrın 23-də Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şixlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu.


  1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza edən 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cümhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy Hərbi Nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur.   


 Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. 


  Azərbaycanın 1918-20-ci illərdə iki müdafiə naziri – Xosrov bəy Sultanov (mülki şəxs) və artilleriya general-leytenantı Səməd bəy Mehmandarov, ikinci müstəqilliyi dönəmində isə 8 müdafiə naziri olub.   


 X.Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin edilmişdi. Az sonra həmin ilin martı ayında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişdi. X.Sultanovun başçılığı ilə daşnak generalı Dronun hərbi dəstələri mayın 30-da darmadağın edildi və Azərbaycan silahlı dəstələri Xankəndi və Şuşaya daxil oldular.


  1923-cü ildə general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlandı. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşadı, Almaniyada Tibb Universitetində professor vəzifəsində işləmişdir. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov, Trabzonda məskunlaşmışdı. Xosrov bəy 1947-ci ildə vəfat edib.  


 AZENS.AZ    

Tweet 1103