Azərbaycan səhnəsinin mirvarisi - Nəsibə Zeynalova

Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana köçmüşdür. Lakin sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedir. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənmişdir.  Uşaqlıq, yeniyetməlik çağlarında çox əzab-əziyyət çəkən, həyatın hər üzünü görən Nəsibə Zeynalova məhz sənəti, istedadı ilə illərdən sonra çoxlarının qibtə edəcəyi yüksəkliklərə ucaldı. Həyatda həm sənətkar, həm qadın xoşbəxtliyi ona nəsib oldu. Ailəsi, onu çox sevən həyat yoldaşı, babasının adını daşıyan, sənətini davam etdirən oğlu, milyonların sevgisi...  Nəsibə xanım 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa kimi işləməyə başlayıb. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olmuşdur. 1938-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Texnikumu bitirəndən sonra Musiqili Komediya teatrında fəaliyyətini davam etdirir. Lakin teatr 1949-cu ildə müvəqqəti olaraq bağlanır və aktrisa həmin ildən Bakıdakı Nizami adına kinoteatrın yay zalında kassir, mədəniyyət evində dram dərnəyinin rəhbəri, Filarmoniyanın estrada sektorunda aktrisa işləyir. 1956-cı ildə Musiqili Komediya Teatrı yenidən qapılarını tamaşaçıların üzünə açır və Nəsibə xanım yenidən doğma sənət ocağına qayıdır. Buradakı səhnə fəaliyyəti, bir-birindən rəngarəng, duzlu-məzəli obrazlar ona korifey aktrisa Nəsibə Zeynalova adını bəxş edir. Aktrisanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda da böyük miqyasda açılıb.  Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. “Qaynana”da Cənnət, “Hicran”da Qızbacı, “Ulduz”da Zuleyxa, “Dərviş Məstəli şah”dakı Xanpəri, “Gözün aydın”da Nargilə, “Durna”da Şərəf və Nisə, “Toy kimindir”də Məsmə, “Qızıl axtaranlar”da Rəxşəndə, “Altı qızın biri Pəri”də Cəhrə xala obrazları ilə xalqın ürəyində əbədi yer tutan Nəsibə Zeynalovanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda da böyük miqyasda açıldı. Aktrisa üçün rolun böyük-kiçikliyi önəmli deyildi, o ən kiçik hesab olunan obrazı belə yüksək səviyyədə təqdim etməyi və sevdirməyi bacarırdı. “Bizim Cəbiş muəllim” də daxil olmaqla “Ögey ana”, “Böyük dayaq”, “Qanun naminə”, “Bəyin oğurlanması”, “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm”, “Yuxu” və bir neçə filmlərdə əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarırdı.  Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə, Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. Azərbaycanın xalq artisti, müxtəlif dövlət mükafatlarına layiq görülmüş Nəsibə Zeynalova üçün ən böyük mükafat - tamaşaçı sevinci, tamaşaçı alqışı idi. Nəsibə xanım unudulmaz aktyordur və uzun illər Azərbaycan səhnəsinin əvəzolunmaz aktrisası kimi onun bütün rolları tamaşaçılar tərəfindən maraqla izlənilib və izlənilir. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Nəsibə xanım teart tarixinə və qəlbimizə adını yazmış bir aktrisadır.     Nəsibə xanım Zeynalovanın aldığı Mükafatlar: 1. 9 iyun 1959-ci ildə «Şərəf nişanı» ilə təltif olunub  2. 24 may 1960-cı ildə AzSSR Əməkdar artisti adını alıb  3. 1961, 1965-ci illərdə Bakı Şəhər Zəhmətkeş Detutatları Sovetinə deputat seçilib  4. 21 oktyabr 1967-ci ildə Azərbaycan SSR Xalq Artisti adını alıb  5. 1967-ci ildə Bakı Şəhər Zəhmətkeş Detutatları Sovetinə deputat seçilib  6. 31 mart 1970-ci ildə Vladimir İliç Leninın anadan olunması 100 illiyi münasibətilə şərəfli əməyinə görə  7. 2 iyul 1971-ci ildə Qırmızı Bayraq ordeni ilə mükafat olunub  8. 1971-ci ildə Bakı Şəhər Zəhmətkeş Detutatları Sovetinə deputat seçilib  9. 24 aprel 1974 il Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb  10. 1975-ci ildə «1974-ci illin Sosialism Yarışı qalibi» olub  11. 1975-ci ildə Bakı şəhər Zəhmətkeş Detutatları Sovetinə deputat seçilib  12. «1941-45-ci illər Böyük Vətən müharibəsində əmək sücaətinə görə» ordeni ilə təltif olunub  13. 16 mart 1976-ci ildə «1941-45-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 30 illiyi münasibətilə» mükafata layiq görülüb  14. 23 mart 1976-ci ildə Oktyabr İnqilabı ordenı alıb  15. 17 aprel 1976-ci ildə Doqquzuncu Beşilliyin zərbəçisi adına layiq olunub  16. 1977 ci ildə Bakı şəhər Zəhmətkeş Detutatları Sovetinə deputat seçilib  17. 30 oktyabr 1978-ci ildə Əmək Veteranı medalını alıb  18 1979, 1982, 1985-ci illərdə Bakı Şəhər Zəhmətkeş Detutatları Sovetinə deputat seçilib  19. 22 avqust 1986-ci ildə Xalqlar Dostluğu Ordenı alıb  20. 1987-çi ildə Bakı Şəhər Zəhmətkeş Detutatları Sovetinə deputat seçilib  21. 7 yanvar 1988-ci il «Daxali İşlər orqanları ilə mədəni hamiliyə görə» nişanı ilə təltif olunub  22. 1 may 1995-ci ildə «1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyinə görə» Yubiley medalı verilib  23. 10 marta 2004-ci ildə vəfatı günü «Azərbaycan Teatr Xadimləri İttifaqı»nın medalı verilib  24. 2005-ci ildə ölümünan sonra «Qrand» Müstəqil Milli İctimai mükafatı ilə təltif olunub   Azens.az Hazırladı: Orucova Jalə
Tweet