Azərbaycan və BMT münasibətləri


 Beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respulikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edildi.  Xalqımızın haqq səsinin dünyaya çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılması, eləcə də dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin  inkişaf etdirilməsi məqsədi ilə 1992-ci il martın 6-da Nyu-Yorkda Azərbaycanın BMT yanın¬da daimi nümayəndəliyi fəaliyyətə başlamış, həmin ilin noyabr ayında isə BMT-nin Azərbaycanda daimi nümayəndəliyi açılmışdır. Azərbaycanın BMT-də fəaliyyət göstərən daimi nümayəndəliyi həm BMT, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq edir. Siyasi sahədə əməkdaşlığın əsas məqsədi Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətini münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəy formalaşdırılmasıdır.


  BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq və Ermənistanın açıq-aşkar təcavüzünün genişlənməsi ilə əlaqədar Azərbaycan BMT-nin Baş Katibinə, Təhlükəsizlik Şurasının sədrinə müraciət edərək bu təcavüzü dərhal dayandırmağa, beynəlxalq hü¬quq normaları və BMT Nizamnaməsinin açıq-aşkar pozulmasının qarşısının alınmasında, münaqişənin dinc siyasi yolla nizama salınmasında köməklik göstərməyə çağırdı. BMT-nin Baş Katibi münaqişə bölgəsində vəziyyəti öyrənmək üçün 1992-ci il martın ortalarında BMT Baş Katibinin xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin başçılıq etdiyi nümayəndə heyətini Bakıya, Dağlıq Qarabağa və Yerevana göndərmiş, səfərin yekunları barədə BMT Təhlükəsizlik Şurasına məlumat vermişdir.


  1992-1993-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin  6 bəyanatında, eləcə də Təhlükəsizlik Şurasının  822, 853, 874  və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı ölkənin qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin əldə edilməsi və münaqişənin danışıqlar yolu ilə həll olunması tələb olunur.   BMT-nin Baş Assambleyası (BA) Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu keçməsindən dərin narahatlıq hissi keçirərək 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" Qətnamə (A/RES/48/114) qəbul etmişdir.

 

 1992-1996-cı illər ərzində BMT TŞ-nın Sədri və BMT Baş Katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş, ATƏT-in Minsk Qrupunun münaqişə üzrə səylərini dəstəkləyən bir sıra bəyanatlarla çıxış etmişlər.  Azərbaycanın BMT ilə əməkdaşlığının dərinləşməsində BMT-nin Baş katibi B.Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynamışdır. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan B.Butros Qali mövcud problemlərin həllində Azərbaycana dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının öz səylərini artıracağını bildirmişdir.


 Prezident Heydər Əliyev 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmiz ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə  çatdırmışdır. 1995-ci ilin oktyabrında  BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən  BMT Baş Məclisinin  xüsusi təntənəli iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev  bu qurumun yüksək  kürsüsündən  dünya dövlətlərinə müraciət edərək, mövcud  qlobal problemlərə dair Azərbaycan dövlətinin  prinsipial  mövqeyini açıqlamış, xüsusilə  Ermənistanın təcavüzünün aradan qaldırılması ilə  bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır. 2000-ci ilin sentyabr ayında BMT-də Minilliyin sammitində çıxış edən Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirmişdir.  BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür.


 Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edilmişdir.  Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənir.


  Azərbaycan Respublikası BMT-nin üzvlüyünə qəbul olunduğu ilk gündən bu nüfuzlu beynəlxalq təşkilatla qarşılıqlı  əlaqələrin genişləndirilməsinə, onun çoxşaxəli əməkdaşlığa çevrilməsinə və Azərbaycanın  müstəqil dövlət kimi beynəlxalq aləmdə müvafiq yer tutması üçün fəal iş aparmış, bu təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün  qorunmasına öz töhfəsini vermişdir.  Azərbaycan bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini daimi bildirir.


 2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməsinin vacibliyini qeyd edərək, mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların mühüm məsələyə çevrildiyini bildirmişdir.


 Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir. Beləliklə, Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəliyə gətirdi. Sessiyada Azərbaycanın dövlət başçısı bildirmişdir ki, "Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir".  Azərbaycan Respublikası BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar.  Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilmişdir.

 

 Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında əməkdaşlıq məcburi köçkün və qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur.  2000-2002-ci illərdə Azərbaycan Qadınların statusu haqqında Komissiyanın üzvü olmuşdur. Azərbaycan, həmçinin, Komissiyanın "Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında" qəbul etdiyi illik qətnaməsinin əsas sponsorudur.


 Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin müasir norma və standartlar çərçivəsində inkişaf etməsini əsas məsələ hesab edir. Bu prosesin mühüm tərkib hissəsi kimi demokratik infrastrukturun gücləndirilməsi, geniş şəffaflıq, qərar qəbulu və siyasi müzakirələr prosesində ictimaiyyətin inkişafı məsələlərini qeyd etmək olar. Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı, siyasi və digər müvafiq tədbirlərin xüsusi sektorda effektiv inkişafı və böyüməsini təmin etmək üçün BMTİP Azərbaycan hökumətinə yardım edir. Struktur islahatlarının genişləndirilməsi məqsədləri üçün BMTİP Azərbaycanda xüsusi sektorda proqramın icrası ilə əlaqədar Dünya Bankı ilə əməkdaşlıq edir.  Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir. Xüsusilə də, BMT-nin İnkişaf Proqramı Azərbaycan Respublikasının Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdir. BMT-nin İnkişaf Proqramı ARRA-nı dəstəkləməklə Dünya Bankı, BMTİP, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR), Avropa İttifaqının (Aİ) Müstəqil Dövlətlər Birliyinə Texniki Yardımı (TACİS) proqramı və s. həyata keçirir.  Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər (məs: Azərbaycan Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı).


 Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə aktiv iştirak edir. Azərbaycan Respublikası 1995-1997, 1998-2000-ci illər ərzində UNİCEF-in İcra Heyətinin, 2000-2002-ci illər ərzində Qadınların vəziyyəti haqqında Komissiyanın və 2002-2004-cü illər ərzində BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilmişdir.  Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir (S/2001/1325, S/2002/1022, S/2003/1085).


 Azərbaycan Respublikası 2011-ci ildə BMT  Baş Məclisinin Prosedur Qaydalarının 142-ci bəndinə əsasən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürmüşdür. Azərbaycan seçkilərdə əvvəl Macarıstan, sonra isə Sloveniya üzərində şərtsiz üstünlük qazanaraq qələbə üçün tələb olunan 129 səsdən də çox - 155 səs əldə etmişdir. Beləliklə, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə  inamlı qələbə qazanmışdır. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur. Bununla yanaşı,  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması  və artıq dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında  Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması, Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal  problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də  əsas aktorlarından birinə çevrilməsi deməkdir.


 Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il  yanvarın 1-dən  başlamış və 2013-cü il dekabrın 31-ə qədər davam edəcək. Bununla yanaşı, iki il müddətində Azərbaycan növbəyə uyğun olaraq, 2012-ci ilin mayında artıq Təhlükəsizlik Şurasının sədri funksiyalarını yerinə yetirmiş  və 2013-cü ilin sentyabr ayında  daha 1 ay müddətinə vəzifəni icra edəcəkdir.  Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması tarixi hadisədir və  bu Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Eyni zamanda, Azərbaycan dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr quraraq bunu dövlətlərarası sivil münasibətlər müstəvisində daim inkişaf etdirir.


 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyəti müddətində Azərbaycan Respublikası bir sıra məsələlərin gündəliyə çıxarılmasına nail olmuşdur. Beləliklə, artıq Azərbaycan Respublikası 2012-ci ilin 4 may tarixində BMT Təhlükəsizlik Şurasının sədri funksiyalarını icra etmiş və dövlət başçısı İlham Əliyev öz çıxışında Azərbaycanın təhlükəsizlik problemlərini, xüsusilə  Ermənistanın xalqımıza qarşı apardığı terror, etnik təmizləmə, soyqırımı siyasətini bu yüksək qurumun kürsüsündən bir daha bəyan etmişdir. Azərbaycan Prezidenti Ermənistanın terror risklərinin yenə də yüksək olaraq qaldığını, Azərbaycanın işğal edilmiş ərazilərinin terrorçuluq, separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlıq, o cümlədən narkotik maddələrin dövriyyəsi, çirkli pulların yuyulması və silah qaçaqmalçılıq üçün istifadə olunması baxımından böyük narahatlıq mənbəyi olduğunu, Azərbaycanın beynəlxalq terror qruplarından irəli gələn risk və təhlükələrlə hələ də üzləşdiyini bildirmişdir. Prezident, həmçinin, buna görə, Azərbaycanın milli səviyyədə terrorçuluğun qarşısının alınması üçün genişmiqyaslı tədbirlər gördüyünü və beynəlxalq anti-terror koalisiyasına fəal şəkildə töhfə verdiyini bildirmiş, terrorçuluğa qarşı mübarizənin aparılmasında səmərəli vasitə kimi xidmət edəcək beynəlxalq terrorçuluqla bağlı əhatəli konvensiya üzərində razılığın əldə edilməsinin vacibliyini vurğulamışdır.


 Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində bir sıra məsələlələ, o cümlədən, təhlükəsizlik problemlərinə, ilk növbədə, pozulmuş ərazi bütövlüyü məsələsinə BMT Təhlükəsizlik Şurasının gündəliyində baxılmışdır, Azərbaycan Respublikası dünyada sülh və inkişaf siyasəti yürüdərək beynəlxalq hüququn bərpa olunması tələbi ilə çıxış edir.

Tweet 656