Başdan-başa "İçərişəhər" olan Roma


Tarixçilər əkiz qardaşı Remi öldürən Romulun e.ə. 753-cü ildə şəhərin əsasını qoyması və öz adıyla adlandırmasına inanırlar.  Digər mənbə isə daha maraqlıdır: Roma yunan mənşəli “rome” sözündəndir, yəni “hünər, qoçaqlıq”.  Aralıq dənizinin 26 kilometrliyində, Apennin dağının vulkanik mənşəli yamacında, Tibr çayının sahilində yerləşən, tarixi ərazisi 143, hazırda isə 1285 kv km-i əhatə edən (ərazi baxımından o qədər də böyük deyil) 3 milyonluq bu qoçaqlar şəhərindəki tarixin izlərini gəzib-görmək bir yana, saymaqla bitib-tükənməz. İmperiyanın yarandığı gündən bu vaxta qədərki tarix Romada daşların yaddaşındadır: abidələr, məbədlər, Kolizey, imperator sarayı, İspaniya meydanı…   Avropanın dəliqanlıları  İtalyanları “Avropanın dəliqanlıları”, coşqun və temperamentli bir xalq olaraq xarakterizə edirlər. Orda olduğum müddətdə bəzi səyahətçilərin italyanlarla Qafqaz türklərini – yəni bizləri müqayisə etməsinin də, “Bakı gecələri Neapol gecələrinə bənzəyir” deyən Qorkinin də məntiqini anlamaq üçün çox baş sındırmağa ehtiyac olmadı. Heç də ona görə yox ki, burda Nizami Gəncəvinin abidəsini görəndə Bakını, Gəncəni xatırladıq. Ona görə ki, bu coşqun xalq doğrudan da bir çox xarakterik keyfiyyətlərinə görə bizlərə oxşayır. Məsələn, onlardan yolu soruşarsan sınıq-salxaq bir “dillə”, əl-qol işarəsiylə, xəritəni göstərməklə… Vaxtlarına heyifləri gəlməz, əsil qonaqpərvərliklə gedəcəyin mənzili əməlli-başlı izah edərlər; hətta bəzən yolu tapmayacağını düşünüb, bir-iki küçə – axtardığın məkanı göstərincəyə qədər səni müşayiət də edərlər.  Baxmayaraq ki, bu ölkə turistlərlə aşıb-daşır, gündə yüz yol qonaq-qara ilə qarşılaşmaq və nəyisə izah etmək zəhlətökənliyi var, amma italyanlar öz səmimiyyətlərini kimsədən əsirgəmirlər – eynilə bizim kimi, bizim qonağa yanaşdığımız kimi…   Bahalı şəhər!  Roma – Avropanın ən bahalı şəhərləri sırasındadır. Maraqlı bir müqayisəsi var bu şəhərin: “Piza dağı və pizzanın vətəni” sayılan Roma mətbəxi də bizim mətbəxə çox yaxındır – təbii ki, müəyyən fərqlərlə. Fərqlər isə… daha çox qiymətdə özünü göstərir.  İnanılmaz olsa da, Romadakı otellərdə, kafelərdə rastımıza pulsuz İnternet – “vay-fay”la qoşula biləcəyin sistem – çıxmadı; yəni İnternet problemi yoxdur, sadəcə, pulludur!  Taksidən isə danışmağa dəyməz: axşam taksiyə mindinmi, sayğac qoşularkən artıq 5 avro yazıldığının şahidi olursan.  Polislər gözə dəyməz – sanki bu ölkədə polis yoxdur. Qərb ictimai təfəkkürü üçün xarakterik olan bu halı İtaliyada heç də hərarətlə qarşılamadıq. Çünki tez-tez bizə xatırladırdılar ki, axşam gəzintisinə çıxarkən üstünüzdə mümkün qədər az pul götürün – soyğunçuyla rastlaşmaq ehtimalına görə. Biz heç bir təhdidlə üzləşmədik, amma əgər bu ehtimal varsa, vətəndaşlarını (qonaqlarını) qorumaq üçün polisin «gözə görünməsi» daha yaxşı vasitə olmazdımı?  Müəllif: Anar Yusifoğlu
Tweet