Bakının sirləri: Qubernator bağının tarixi


 Hər şey uzaq 1830-cu ildən başladı...

 Qubernator bağı – bu bağ bir vaxtlar Mixaylovski, sonra İnqilab bağı, daha sonralar Əliağa Vahid adına bağ adlandırılsa da,  Bakının ən köhnə bağlarından hesab olunur və uzun müddət yeganə şəhər bağı olmuşdur. Bağ o zamanlar, qala divarları arasında salınmış yeganə yaşıllıq ərazi idi. 



 Bakıdakı Qubernator bağının yaranma tarixi o zamanlar Bakı qalasının hərbi komendantı olmuş polkovnik Roman Romanoviç von der Hovenlə sıx bağlıdır. 

 Zatən aristokrat olan bu şəxs gözəllik vurğunu olduğundan boynuna götürdüyü bağsalma işinin öhdəsindən çox məharətlə gəlirdi. Abşeronun torpağı şoran, iqlimi quru olduğundan burada yaşıllıq salmaq çox çətin və müşkül bir məsələ idi. Buna baxmayaraq, Hoven bu müşkül məsələni çox məharətlə həll etdi. O, göstəriş verdi ki, Bakıya gələn hər bir iranlı tacir özü ilə bir neçə kisə təbii çürüntülərlə zəngin olan qaratorpaq gətirsin və bunun müqabilində də həmin tacirlər vergidən azad ediləcək. Tez bir zamanda böyük bir ərazi iranlı tacirlərin İrandan gətirdiyi qaratorpaqla örtüldü və həmin ərazidə ağaclı, güllü-çiçəkli gözəl bir bağ salındı.


 35 ildən sonra imperator II Aleksandrın əmri ilə qalanın çöl divarı uçuruldu və bağın ərazisi eninə daha da böyüdü. Bu ərazidə 5 il ərzində 12000-dən çox ağac əkilmişdi. Artıq bu bağ ən gözəl istirahət yeri sayılırdı. Buradakı həmsöhbətlər üçün çox səliqəli çardaqlar, fontanlar, qu-quşları üzən kiçik gölməçələr, hovuzlar və kiçicik adacıqlar kompozisiyası istirahət edənlərdə çox romantik bir təəssürat yaradırdı. Bağın əsas hissəsi Nikolaevsk küçəsindən başlayaraq düz Sahil küçəsinədək uzanırdı. 

 Praktiki olaraq bu parkda hər il gözəlləşdirmə işləri aparılırdı. Bağ özünün landşafına və əsrarəngizliyinə görə digər bağlardan çox fərqlənirdi və bura xüsusi qulluq edilir, daha çox vəsait xərclənirdi.


 “Kaspi” qəzetinin o vaxtlar yazılarından belə məlum olurdu ki, Qubernator bağı xüsusi şirin quyu suyu ilə suvarılırdı ki, bu quyu da gündə 250 vedrə həcmində su ilə bağı təmin edə bilirdi. Bu da bağdakı ağacları qədərincə suvarmaq üçün yetərli deyildi. Bu səbəbdən alternativ suvarma variantlardan da istifadə edilirdi.

 O zamankı “Kaspi” qəzetinin digər bir məlumatlarına görə, o zamanlar Qubernator bağını çox bahalı elektriklə təchiz etmək istəmişlər, amma bütün cəhdlər boşa çıxdığından, bağ uzun müddət gecələr kerosin lampaları ilə işıqlardırılırdı. 


 Sadə insanlar üçün bağa giriş məhdud idi: həftədə bircə dəfə. Yerli aristokratlar və neft milyonçuları üçün isə bağın darvazası hər zaman açıq idi. Bağın giriş tağı, darvazası və ona bitişik otaq ağ rənglənmişdi. Bu səbəbdən bura “Ağ klub” adlandırılırdı.  


 1910-cu ildə “Ağ Klub” yandıqdan sonra imkanlı adamların xoş istirahət etməsi üçün yeni klub tikmək lazım idi. Bakı İctimaiyyətinin Yığıncağında bu tikilinin layihəsi müzakirə olunarkən bu tikilini tikmək üçün 220 ağacın kəsilməsi lazım gəldi. Buna narazılığını bildirənlər olsa da, lahiyə təsdiqləndi. 2 ildən sonra İctimai Yığıncağın mıhtəşəm binası hazır oldu. Binanın böyük konsert zalı, yay estradası və restoranı da vardı. Bina Nikolayevsk (indiki İstiqlaliyyət) və Sadovıy (indiki Niyazi) küçələrinin tinində inşa edilmişdi. Arxitektoru isə Qavriil Mixayloviç Ter- Mikelov olmuşdur. 


 Ter-Mikelov o zamanlar Avropanın ən gözəl tikililərində hesab edilən Monte-Karlonun “Mavi Sahil” filarmoniyasının arxitekturasından ilham alaraq, belə bir tikilinin bənzərini Bakıda inşa etmişdir. Bu gün həmin bu tikili M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasıdır.


 AzEns.AZ
Tweet 334