"Bermud üçbucağı"na düşən iki azərbaycanlı


 Bu səfər 1982-ci ildə olub. Rüstəm Babayev hazırda çalışdığı Geologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışırdı. Keçmiş SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun Cənub bölməsindən məktub gəldi ki, bölmə SSRİ Elm və Texnika Dövlət Komitəsinin (SETDK) qərarına əsasən, elmi-tədqiqat aparmaq məqsədilə Bermud adalarına 3 aylıq ekspedisiya təşkil edir və Azərbaycandan iki alim səfərə dəvət olunur.


 Ekspedisiyanın məqsədlərindən biri okeanın atmosferlə əlaqəsini öyrənmək idi. Okeanla atmosfer arasında ən sıx və güclü əlaqə, böyük enerji "Bermud Üçbucağı"ndadır. Ümumiyyətlə, həmin ərazi dünya okeanının ən enerjili və təlatümlü hissəsidir. Bu əlaqənin sirrinin açarı oradakı Qolfstrim cərayanındadır. "Açarı" tapmaq üçün onun səthdən dərinliyə kimi kəsilişinin hansı hidrogeoloji hissələrdən ibarət olduğunu öyrənmək lazım idi. 


 Sakit və Hind okeanından sonra Rüstəm bəy üçüncü dəfə idi ki, okeana səfərə çıxırdı. Aprelin 17-də "Bermud Üçbucağı"na "Vityaz" gəmisi ilə səfər edildi. Gəmi Qara dənizlə gedərək Cəbəllütariq boğazından Atlantik okeanın şimalına keçdi. Üçbucağa yaxınlaşanda gəminin baş radisti infarkt oldu. Sunami dalğaları gəmini yellədirdi, "Vityaz" böyük və güclü burulğanın içərisində idi. Bu vəziyyət 3 gün davam etdi. Həmin müddətdə nə xörək bişirmək, nə də tədqiqatlar aparmaq mümkün deyildi. 


"Bermud Üçbucağı"nda itənləri tapmaq mümkün deyil. Çünki Qolfstrim cərəyanı oranın suyunu daim lilləndirir. Dibdə lil çox qalın olur. Bu lil ən böyük gəmini belə gizlədə bilər. Bundan əlavə okeanın dibində dərin yarıqlar da var, ora gəmilər yerləşməsə də, kiçik təyyarələr, qayıqlar, insanlar düşə bilər. Balıqların ən bol olduğu yer də elə buradır.     


 Müəllif: Səid Hüseynov elmi-tədqiqatçı-jurnalist

Tweet 1073