Dünyanı fəth edən səs - Müslüm

 Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yaransa da, bunu Müslüm Maqomayev kimi əvəzolunmaz sənətkara şamil etmək olmaz. Çünki onun zamanı heç vaxt dayanmayıb. Zaman və zamansızlıq, ölüm və ölümsüzlük daim onunla birgə addımlayır. Bu mənada Müslüm Maqomayevin yaşı əllini də, yetmişi də, yüzü də çoxdan haqlayıb. Onun yaşı dünyanın yaşı qədər qədim və gəncdir. Qədimdir ən azı ona görə ki, onu dinlədikcə kamilləşirsən, müdrikləşirsən. Dünyaya göz açdığı 17 avqustu Azərbaycan təqvimində əlamətdar günə çevirən böyük Müslüm Maqomayev bütün zamanların sənətkarı olmaqla yanaşı, həm də musiqi tariximizdə əbədiyaşarlıq qazanmışdır. Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Maqomayev 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı. Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. İlk dəfə 14 yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqalə dərc edib. Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçmişdir. Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ xalq artisti fəxri adına layiq görülüb. Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslum Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın — şair, bəstəkar və müğənninin ruhu görüşür.  Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La skala" teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndi isə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu. Müslüm Maqomayev sağlığında hər yaş gününü doğma şəhəri Bakıda, bir ay sonra 27 sentyabr isə dostlarıyla Moskvada qeyd edərdi. Bu artıq demək olar ki, Maqomayevin həyatında bir ənənəyə çevrilmişdi. Bu ənənəni pozmamaq üçün Maqomayevin xanımı Tamara Sinyavskaya və Maqomayevin ən yaxın dostları, Bakı gələrək, onun ad gününü hər il məzarını ziyarət edərək qeyd edirlər. Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub. Allah Rəhmət Eləsin! AZENS.AZ
Tweet