Dolmabağça sarayının tarixçəsi


 Dolmabağça  Sarayı Avropa sənəti üslublarının bir qarışığı kimi  1843-1856-cı illər arasında inşa edilmişdir.  Osmanlı sultanlarının hər dövrdə bir sıra sarayları olmuşdur.  II Mahmud Topqapı sarayından başqa, Bəylərbəyi və Çırağan bağçalarında iki böyük saray inşa etdirmişdir. Oğlu Sultan Əbdülməcid də atası kimi Topqapı sarayına çox etibar etmir, orada yalnız bir neçə soyuq qış ayını keçirirdi. Əbdülməcid köhnə Beşiktaş sarayında bir müddət yaşadıqdan sonra, o zamana qədər üstünlük verilən klassik Osmanlı sarayları yerinə, iqamətgah, səfirlik, qonaq qəbulu və dövlət işlərinin idarəsi məqsədiylə Avropa saraylarına bənzər planlaşdırma və üslubda bir saray inşasına qərar verdi.  


 Sultan I Əbdülməcid tərəfindən inşa etdirilən sarayın ərazisi İstanbul boğazının Avropa sahilində 600 metr ərazini əhatə etməkdədir. 1855–ci ildə inşası tamamlanan Dolmabağça sarayının açılış mərasimi ruslar və türklər arasında bağlanan Paris müqaviləsindən (30 mart 1856) sonra olmuşdur. İnşası 5.000.000 qızıl pula başa gələn Dolmabağça sarayında Sultan Əbdülməcid cəmi altı ay yaşamışdır.  


 Dünyada ən böyük bal salonu məhz bu saraydadır. Saray dövrün məşhur memarları Karapet Əmir Balayan və oğlu Niqokos Balayan tərəfindən inşa edilmişdir. Saray 3 mərtəbədən, 285 otaqdan və 43 salondan ibarətdir. Sultan II Əbdülhəmidin dövründə (1876-1909) saraya saat qülləsi və Vəliəhd Dairəsinin arxa baxçasındakı Hərəkət köşkləri əlavə edilmişdir. Böyük xərc çəkilərək inşa etdirilmiş saray, otuz üç il boyunca ildə iki dəfə Böyük Qəbul Otağında təşkil edilən ziyafətlər üçün istifadə edilmişdir. V Mehmedin hakimiyyəti dövründə sarayın işçilərinin sayı azaldılmış, ölkədə böyük hadisələrin baş verdiyi səkkiz il dövründə, sarayda çox az hadisə yaşanmışdır. Bu hadisələr 9 mart 1910–cu ildə doxsan nəfərə verilən bir ziyafət, eyni ilin 23 martında Serbiya kralı Petronun bir həftə müddətində davam edən ziyarəti, vəliəhd Maksın ziyarəti və Avstriya imperatoru Karl ilə imperatriça Zitanın şərəfinə təşkil edilmiş ziyafətdir. Yorğun və yaşlı padşahın vəfatı isə Dolmabağça sarayında yox, Ulduz sarayında olmuşdur.


 Dolmabağça sarayının Atatürkün həyatında ayrı bir yeri və əhəmiyyəti vardır. İstanbula hər gəlişində sarayın özü üçün ayrılan Hərəm hissəsindəki iş və yataq otaqlarını istifadə edən Böyük Öndər dövrün əhəmiyyətli dövlət adamlarını burada qarşılamış, dil və tarix sahəsindəki işlərini  burada icra etmişdir. Atatürkün yataq otağı Dolmabağça Sarayının ən önəmli məkanlarından biridir. Böyük Öndərin son nəfəsini verdiyi bu otaqda olan türk bayrağı çarpayı örtüyü atlas üzərində işlənmişdir. 


 Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 10 noyabr 1938-ci il saat 9.05 radələrində həyata gözlərini yumduğu bu tarixi otaq əşyaları ilə birlikdə bir muzey halındadır.  1952–ci ildə Dolmabağça sarayı Millət Məclisi İdarə Amirliyinin təklifi ilə həftədə bir dəfə xalqın ziyarəti üçün açıq elan edilmişdir.


 AZENS.AZ


Tweet 1035