Məmməd Əmin yolu

  Təkcə türk dünyasında deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. "Rus-müsəlman" məktəbində məşhur pedaqoq S.M.Qənizadənın şagirdi olmağı gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə təhsilini rus dilində Bakı Texniki məktəbində davam etdirmişdir, onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. On yeddi yaşında, 1902-ci ildə  M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatını” yaradır. Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.   M. Ə. Rəsulzadənin ədəbi yaradıcılığı 1903-cü ildə  “Şərqi- Rus” qəzetində nəşr olunmuş “Müxəmməs” şeri ilə başlamışdı. 1904-cü ilin axırlarında "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. Bu təşkilata 1905-ci ildən etibarən M.Əzizbəyov, N.Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli inqilabçılar da üzvlük etmişlər. Həmin təşkilatın “Hümmət” adlı qəzeti də nəşr olunmuş, amma cəmi 6 ay dərc olunmuşdur. Təəssüf ki, hələ indiyədək onun heç bir nömrəsi tapılmamışdır. 1906-cı ilin dekabrından etibarən qəzet "Təkamül" adı ilə çıxmışdı.   M.Ə.Rəsulzadə Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur. О vaxtlar, 1907-ci ildə Stalin Balaxanı neft mədənlərində çalışan fəhlələr arasında milyonçuların əleyhinə təbliğat aparırdı. Milyonçuların yan-yörəsində gəzən qoçular bundan xəbər tutub Stalini yaxalamış və quyuya salmaq istəmişdilər. Bunu eşidən Rəsulzadə vaxtında yetişib Stalini quyuya atmaq istəyən qoçuların əlindən almışdı.   1908-ci ildə M. Ə. Rəsulzadə həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edib İrana yola düşür. O, Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzərək doğma xalqının güzarını müşahidə edir. O, İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış Məşrutə inqilabının əsas rəhbərlərindən biri olur.   Məhəmməd Əmin Rəsulzadə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoydu. Bu işdə ona bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süləyman Mirzə, Seyid Məhəmməd Rza və b.)  kömək olur. Sonralar bu partiyanın əsas orqanı olan "İran-e Nou" və "İran-e Ahat" qəzetlərinin baş redaktoru olur. Qəzetdə M. Ə. Rəsulzadənin şerləri, yazıları, məqalələri çap olunur. Bundan sonra daimi olaraq Rəsulzadə jurnalistliklə məşğul olur. Bir sıra kitablar çap etdirir, məqalələri, şerləri qəzetlərdə dərc olunur. O, 1915-ci ildə Müsavat partiyasının orqanı olan “Açıq Söz” qezətini nəşr etdirməyə başlayır.  Seyid Həsən Tağızadə Rəsulzadə haqda belə demişdir: "Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur".   Rusiya imperiyasının tabeliyində olan kiçik ölkələrin öz müstəqil dövlətlərini yaratmaq arzusu ilə qurultay çağırıldı. Bu səbəblə, 1917-ci il fevral ayında Rusiyada inqilab baş verdi.  1917-ci ildə bir neçə partiya birləşərək “Müsavat” adı altında çıxış etməyə başladı . May ayında Azərbaycan varlısı olan Şəmsi Əsədullayev Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. 1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən "Türk Ədəmi-Mərkəziyyət partiyası "Müsavat"ın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında xalqımızın milli hərəkatı başlanmışdır. Bu hərəkat tarixə Milli Azərbaycan hərəkatı kimi daxil oldu.   1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili çəkişmələri nəticəsində ləğv olundu. Bundan 1 gün sonra Seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yarandı və bu Şuranın sədri M.Ə.Rəsulzadə seçildi. 1918-ci il mayın 28-ində bütün dünya qəzetləri Azərbaycan İstiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bitərəf Fətəlixan İsgəndər oğlu Xoyskinin (1875-1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan "Məhəmməd Əmin Rəsulzadə", "Yalvac oğlu", "Məhəmməd Əmin", "M.Əlif Rəsulzadə" və s. qeyd etmək olar. Şəkər xəstəliyindən əziyyət çəkən Məhəmməd Əmin Ankara universitetinin tibb fakultəsinin klinikasında 1955-ci il martın 6-da gecə saat 22:50-da  üç dəfə "Azərbaycan… Azərbaycan… Azərbaycan…" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi. O, Ankara Əsri qəbirstanlığında dəfn edildi.   «Azərbaycanın bu qədər fəlakətlər nəticəsində əldə etdiyi bir qazanc varsa, o da  istiqlal fikrinin rüsuxudur.»  
Tweet