Milli musiqi alətimiz ― kamança

Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır. Onun tarixi də digər xalq çalğı alətlərimiz kimi çox qədimə söykənir. Kamançadan xalq çalğı alətləri orkestrində və ansambllarda əsas melodiyanı aparan solo aləti kimi istifadə edilir. Kamança orta əsr klassiklərinin əsərlərində geniş təsvir olunmuşdur. Sayı əvvəlcə bir, sonra iki, üç və nəhayət doqquz simli olmuşdur. Müasir dövrümüzdə dörd simdən ibarət olan kamança sol dizin üstündə qoyularaq çalınır.  Kamança çanaq, qol və çanağın içərisindən keçərək, onun hər iki hissəsini birləşdirən şişdən ibarətdir. Çanaq, qol və aşıqlar qoz ağacından xüsusi dəzgahda yonulma üsulu ilə hazırlanır. Çanağın üzünə nərə balığının dərisindən hazırlanmış üzlük çəkilir. Kamanla çalınan kamança tut və yaxud qoz ağacından, kaman isə at tükündən hazırlanır. Alətin səslənməsinin yaxşı təmin edilməsində qol ilə simlər arasındakı məsafənin dəqiq təyin edilməsi vacib şərtdir. Ümumi uzunluğu 700 mm, çanağının hündürlüyü 175 mm, eni 195 mm-dir. Diapazonu kiçik oktavanın «lya» səsindən üçüncü oktavanın «lya» səsinə kimidir. Kamança üçün notlar «sol» açarında yazılır və yazılışından bir ton yuxarı səslənir. Xalis kvarta, kvinta intervalları ilə köklənir. Azərbaycanda gözəl kamança çalanlar sırasında Habil Əliyev, Şəfiqə Eyvazova və başqalarının adları xüsusi qeyd edilməlidir.
Tweet