Mirvarinin möcüzəli yaranışı


Qiymətli daş hesab olunan mirvarini yaratmaq qabiliyyəti cəmi iki molyuska məxsusdur, bunlardan biri dənizdə yaşayan mirvari ilbizi, digəri isə şirin sular sakini midiyadır. Əslində istənilən bir balıqqulağının içərisində yaşayan molyusk mirvari yaradaraq, onu böyüdə bilər. Amma sədəf mirvariyə təbiətdə çox nadir hallarda rast gəlinir. Belə bir mirvarinin yaranması üçün kənardan-hər hansı bir qıcıqlandırıcı (qum dənəsi, parazit və s) müdaxiləsi zəruridir, həmin kənar maddəni molyusk canlı şəkildə sədəf mirvarinin içinə məhbus edir. Zərif sədəf pərdələr, bir birinin üstünə çəkilərək, lay-lay yığılır və bunun nəticəsində gözəl qiymətli daş mirvari yaranır. Azens.az saytının məlumatına görə, mirvarinin rənginin tutqunlaşması onun sahibinin ağır xəstəliyə düçar olmasından və ya tezliklə öləcəyindən xəbər verir. Qədim Romada mirvari ər-arvad sadiqliyinin simvolu sayılırdı. Təzə evlənənlərə mirvari taxırdılar. Hələ XIII əsrdə Çində şirin suda mirvariləri yetişdirirdilər. XIX-cü əsrin sonlarında yaponlar çinlilərin bu təcrübəsini öz ölkələrində tətbiq eləməyə başladılar. 1907-ci ildə yapon Mikimoto süni şəkildə mirvari yetişdirməyin patentini alır. 1915-ci ildə isə dəniz və şirin su mirvarisi yetişdirmək artıq sənaye masştabına keçir.  Dünyanın ən yaxşı mirvariləri Hindistan sahillərində, Fars və Bengal körfəzlərində, Vest-İndiyanın Marqarita adasında əldə olunur. İndiyədək ən böyük mirvari 1934-cü ildə Filippin adalarında tapılmışdır ki, onun uzunluğu 24, eni 16 santimetr, çəkisi isə 6,4 kiloqram idi.
Tweet