Mosartın qəbrinin itməsinə səbəb


Hollandiya və bəzi Avropa ölkələrində orucluq vaxtı nəinki musiqi ifa etmək, hətta musiqiyə belə qulaq asmaq qəti qadağan olunurdu. Amma kilsə rəhbərliyi və kilsə xadimləri bu qadağaları balaca Mosarta aid etmirdilər. Onlar bunu belə izah edirdilər ki, balaca Mosarta Allah vergisi verilib və onun ifa etdiyi musiqidə bir ilahilik var. Bu səbəbdən də orucluq zamanı yalnız və yalnız Mosartın musiqi ifa etməsinə icazə verilirdi.   Mosart “Volfqanq” adına daha çox üstünlük verirdi...   Dünya şöhrətli bu bəstəkarın adı belə səslənirdi – İohann Xrizost Volfqanq Teofil Mosart. Sual oluna bilər ki, bəs, bəstəkarın Amadey adı haradan peyda olmuşdur? Bəstəkarın son adı olan Teofil – latınca “Amadeyus”, almanca – “Amadey” kimi səslənirdi. Hələ bəstəkarın sağlığında onun son adı olan Teofili Amadey kimi səsləndirirdilər. Amadey latınca “Allahın sevimlisi” mənasını daşıyır. Mosartın özünə isə  adlarının içərisində  Volfqanq adı daha xoş gəlirdi.   12 yaşlı Mosarta “Müqəddəs Roma İmperiyası”nın imperatoru opera sifariş etmişdir...   Mosartın 12 yaşı olarkən ona “Müqəddəs Roma imperiyası”nın imperatoru  II İosif İtaliya operasının truppası üçün opera sifariş etmişdir. 12 yaşlı bəstəkar bu sifarişi qəbul etmiş və bir neçə həftə ərzində operanı yazıb tamamlamışdır. Amma naməlum səbəblərdən bu operanın premyerası baş tutmamışdır...   Bəstəkar mason lojasının üzvü olmuş və atasını da lojaya üzv etmişdir...   1784-cü ilin sonlarında Mosart Vyana mason lojasının üzvü olur. Bununla bərabər o, bir neçə mason ritualları üçün musiqi də bəstələmişdir. Hətta bəstəkarın bəstələdiyi “Sehirli fleyta” əsərində də daha çox masonluq mövzuları səslənir. Mosart özü Mason lojasına üzv olduqdan sonra atasına da lojaya üzv olmasını təklif edir və atasını lojaya üzv edir.   Mosartı kasıb kimi dəfn etmişlər...   Bəstəkarın dəfni 3-cü dərəcəli olmuşdur. Yəni – kasıbların dəfni kimi. O zamanlar kasıbları qəbiristanlıqda ümumi qəbirlərdə (bir neçə qəbir bir yerdə) dəfn edirdilər və qəbirlərin üstündə lövhələr qoyulmurdu. Belə qəbiristanlıqda basdırılanların adları qəbiristanlığın girəcəyində divara vurulmuş ümumi lövhələrdə yazılırdı.   Sual oluna bilər ki, ümumi qəbir olsa belə, bəs, nə üçün bəstəkarın harada basdırıldığı indiyədək məlum deyil?  Məsələ burasındadır ki, bəstəkarın dəfni zamanı onun yaxınlarından heç kəs qəbiristanlığa getməmişdir. Ağır xəstə olan arvadı evdən çölə çıxmamış, yaxınları isə onun tabutunu şəhərin çıxış darvazasınadək müşayət etmişlər. Sonrakı dəfn mərasimini “dəfn kontoru”nun işçiləri icra etmişlər. Bu səbəbdən də, bəstəkarın harada dəfn olunduğu unudulmuş və qəbrin yeri naməlum qalmışdır.   AZENS.AZ
Tweet