Plovun yaranma tarixindən...


 Dünya əhalisinin yarısından çoxu üçün düyü əsas qida məhsulu hesab olunur. Düyünün vətəni Asiyadır. Plov Orta Asiya xalqlarının milli yeməyi hesab olunur. Bu yeməyin tarixi bir neçə min illər əvvələ – Hindistana, Çinə və Hind-Çinə gedib çıxır. Orta Asiyada 2,5 min il bundan əvvəl düyüdən istifadə olunmuşdur. Düyü nəmişlik sevən bitkidir. Qədim zamanlarda kəndlilər düyünü  ancaq sulu torpaqlarda, bataqlıqlarda becərirdilər. Sonralar çox suvarılan yumşaq torpaqlarda da düyü becərməyə başladılar. Orta Asiyada isə bü cür torpaqlar əvvəllər çox idi.  Düyü becərilən vaxtdan düyü yeməkləri də hazırlanmışdır. Xalqlar müxtəlif olduğu kimi onların hazırladığı düyü yeməkləri də bir-birindən fərqlənib. Bu yeməklər bir-birindən çox fərqli olmuşdur, hər bir xalqın özünəməxsus hazırlama üsulu vardı.  Məşhur həkim Əli ibn Sina bir çox xəstəliklərin müalicəsində  xəstələrə ən azı həftədə bir dəfə “palov oş” yeməyindən istifadə etməyi məsləhət görərmiş. Əli ibn Sinaya görə, “palov oş” yeməyi itirilmiş enerjinin bərpasında xəstələr üçün çox əhəmiyyətlidir.  Yəqin hamı üçün “palov oş” yeməyinin nə olduğu çox maraqlıdır. Bu, plovun və ya aşın özbək dilində ilk adıdır. Sözdə olan hər bir hərf  bu yeməkdə işlədilən komponentlərin baş hərfləridir. Yəni; P— piyoz—soğan; A—ayoz—kök; L—lahm—ət; O—olio—yağ; V—vet—duz; O—ob— su; Ş—şalı—düyü. Bu adı yeməyə Əli ibn Sina vermişdir. Əli ibn Sinanın məlumatlarına görə, “Palov oş” 7 əsas komponentdən ibarətdir. Müalicəvi  və qidalandırıcı xüsusiyyətə malikdir. “Plov” yeməyi çox qədimlərdən məlumdur. Bu yeməyin adına qədim eposlarda, nağıllarda rast gəlinir.  “Plov” sözünə X əsr yazılarında rast  gəlmək mümkündür.  Xalq təbabətində “plov” müalicəvi hesab olunur, əsasən də, halsızlıq, gücsüzlük hallarında... Xəstəlik zamanı itirilən enerjinin bərbası məqsədilə xəstəyə məsləhət görülürdü.  Düyü plovun əsas komponentidir. Düyü qədim bitki hesab olunduğu üçün plov da qədim yeməklərdən hesab edilir. “Plov” yeməyi, təxminən XV əsrdən indiyədək Şərqdə  “Süfrələrin Şahı” adını daşıyır. Bu yemək ən qiymətli yeməklər sırasında olub. Şərq xalqları “plov”u toylarda, böyük bayramlarda, ən əziz qonaqları gələndə süfrəyə qoyardılar.  Azens.az saytının məlumatına görə, “Plov”un ilk yazılı reseptinə XVI əsr yazılarında rast olunur. Bu yazılarda “plov”un müxtəlif hazırlanma reseptləri verilmişdir: “noxudlu plov”, “ətli plov”, “göyərtili plov” və s.... Bu reseptlərdə plovun əsas komponenti olan düyü növləri haqqında da maraqlı məlumatlar verilmişdir. Belə ki, bu reseptlərdə ən yaxşı düyü növü kimi “ dəvzirə” düyüsünün adı çəkilir.  Özbəkistanda plov xalq arasında “palov oş” adlandırılır. Belə bir fərziyyə irəli sürülür ki, bu söz yunan sözü olan “polub” sözündən götürülüb. Tərcüməsi “müxtəlif tərkibli”, “müxtəlif kompotentdən ibarət” deməkdir. Bundan başqa, plovun yaranma tarixçəsini Makedoniyalı İsgəndərlə bağlayırlar. Əslində isə bu yeməyin tarixi Makedoniyalı İsdəngərin dövründən də çox-çox əvvəllərə gedib çıxır. Bundan əlavə, yunan mətbəxində, ümumiyyətlə, plov adlı bir yemək, hətta plova bənzər yemək belə olmayıb.  Keçmiş zamanlarda “plov” varlı və imkanlı adamların süfrəsində tez-tez görünərdi. Qalanları isə “plov”u  bayramlarda və əziz qonaqların qəbulunda süfrəyə qoyardılar.  Bir sözlə, “plov” haqqında danışarkən qeyd etmək lazımdır ki, “plov” xalqa məxsus bir yeməkdir. Bu yeməyi konkret kiminsə adına çıxmaq olmaz. Azərbaycanda plovun "Şazəndə plov", "Kütüm plov", "Ali müsəmbə plov", "Qiymətli plov" və.s. kimi növləri vardır. “Plov” xalq mətbəxinin nailiyyətidir. O nəsillərdən-nəsillərə keçə-keçə gəlib dövrümüzə çatan yeməklərdəndir... AZENS.AZ Orucova Jalə
Tweet 3385