Qəlblərin birinci xanımı - Mehriban Əliyeva


 Mehriban Əliyeva 1964-cü il 26 avqust tarixində anadan olub. O yazıçı Mir Cəlal Paşayevin nəvəsidir. Atası Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, anası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş Aida İmanquliyevadır.  Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunun məzunudur. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.


 2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.  Mehriban Əliyevanın elmi işinin mövzusu belədir: «Eftonaziya və təbabətin insanpərvərlik problemlərinin fəlsəfi-etik aspektləri».  O, 9 ildir Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2005-ci ilin noyabrında parlament seçkilərində 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən deputat seçilib. Rəsmi nəticələrə görə, 92.12% (23106 səs) səs toplayıb.  Onun parlamentdəki ən yadda qalan addımı 2009 və 2013-cü ildə təqdim etdiyi «Amnistiya Aktı haqda qanun layihəsi» olub.  


 Mehriban Əliyeva ixtisasca həkim, iki çağırışdır deputat olsa da, daha çox humanitar layihələrə rəhbərlik etməsi ilə diqqət cəlb edir.  O, 1996-cı ildə yaradılan Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəridir. Eləcə də 9 ildir Heydər Əliyev Fonduna başçılıq edir. Fond əsasən humanitar fəaliyyətlə məşğul olur. Bir sıra mədəni layihələri gerçəkləşdirir. Eləcə də xəstələrə, valideyn himayəsindən məhrum uşaqlara kömək edir, bir sıra uşaq evlərini, internat-məktəblərini abadlaşdırır və ya maddi bazasını yeniləşdirir.


 Mehriban Əliyeva  2012-ci ildə Bakıda keçirilmiş «Eurovision» Mahnı Yarışmasının Təşkilat Komitəsinə də başçılıq edib.   Mətbuat ölkənin birinci xanımının və yaxınlarının biznesindən dəfələrlə yazsa da, o, buna münasibət bildirməyib.  Mehriban Əliyevanın iki qızı və bir oğlu  var.  

Tweet 1043