Qarabağsız qalan Qarabağ atları

Qədim zamanlarda at xanlar üçün Allah hədiyyəsi sayılırdı, onunla ticarət etmək olmazdı. Qarabağ atları əsasən qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlıdırlar. Arxası və beli düz, döşü və ümumiyyətlə, gövdəsi enli, ayaqları quru, temperamentli, oynaqdırlar. Başları balaca, profilləri düzdür. Dərisi nazik, tükləri yumşaq və parıltılı olur.  Azərbaycanın Qarabağ atları dünyada nadir at növü, Asiya və Qafqazda ən qədim at cinsi hesab olunur. Qarabağ atlarını əsasən 4 əsas tipə bölürlər: Əlyetməz (Ceyran), Qarnıyırtıq, Maymun və Toxmaq. Amma Qarabağ atları arasında nadir cinsə malik olanları da var. Qarabağ atlarının süysününün hündürlüyü 148,5 santimetr, döş qucumu 165,8 santimetr, əldarağının çevrəsi 18,3 santimetrə qədərdir.  Toxmaq adlı at cinsi ipək saçlarına, dərin gözlərinə və uzun boynuna görə fərqlənir. Bu at cinsi özündə ərəb və türkmən arqamakını (türkmən atı cinsi) birləşdirir.  Əlyetməz (Ceyran) tipinin boz rəngli qisminə «Gülgün» deyərmişlər. XIX əsrin ikinci yarısında Qarabağ atının Axaltəkə atı ilə qarışığıdan «Təkə-ceyran atı» yetişdirilib. Bu atlar hündürboy və yüksək sürətə malik olub.  Qarabağ atları yüksək qaçış sürəti ilə seçilir. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən Sumqanda adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə (50.52 km/saat), 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyəyə (50.23 km/saat) qaçmaqla qeydə alınıb. Bu dünya rekordundan (70.76 km/saat) təqribən 20 km/saat azdır.  Qarabağ atının Avropaya gəlişi 1956-cı ilə təsadüf edir. O vaxt Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça Yelizavetaya Ağdam Atçılıq Zavodundan olan «Zaman» adlı Qarabağ atı bağışlayır. Həmin atı Kraliçaya məşhur jokey Əli Tağıyev aparmışdı.  Azens.az saytının məlumatına görə, Qarabağ atları XIX əsrin ortalarından başlayaraq ümumdünya at sərgilərində iştirak edib. 1866, 1869, 1872-ci illərdə Moskvada, 1867-ci ildə Parisdə ümumdünya at sərgilərindən mükafat və meallarla qayıdıb. İştirakçı atların şəkillləri Fransa və Vyanada çap olunan jurnallarda yer alıb.  Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə hücumu zamanı 1993-cü ilin avqust ayında Ağdam at zavodu təcavüzkarlar tərəfindən işğal edilmişdir. Əhali atların bir hissəsini döyüş bölgəsindən çıxara bilmişdi. Ancaq döyüş Qarabağ atlarının azalmasına səbəb oldu. Döyüş bölgəsindən çıхarılan Qarabağ atları əvvəlcə bir müddət Yevlaх rayonundakı «Aran» damazlıq qoyunçuluq təsərrüfatının ərazisində yerləşdirilmişdir. Lakin həmin yerlərin təbii şəraiti Qarabağ atları üçün əlverişli olmadığına görə atlar zavodun Ağcəbədi rayonu ərazisindəki Lənbəran qışlağına köçürülmüşdür.  
Tweet