Sara Xatun ― ilk diplomat qadın

Ağqoyunlu hökmdarı Uzun Həsənin anası demək olar ki, bütün Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını kimi tanınan Sara Xatun böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi idi.  Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, onun xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayıb. O, Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını böyük səylə və müvəffəqiyyətlə həyata keçirirdi. Elə buna görə həmin dövrdə kiçik Ağqoyunlu dövləti, Osmanlı Türkiyəsi və Qaraqoyunlu kimi iki qüvvətli rəqib arasında müstəqilliyini saxlaya bilmişdi.  Sara Xatun Bayandur elində dünyaya gəlib. Uzun Həsən, xüsusilə xarici siyasətlə əlaqədar ən çətin məsələlərin həllini Sara Xatuna etibar edirdi. Teymuri hökmdarı Əbu Səidin Azərbaycana hücumu gözləniləndə, sülh danışıqları üçün göndərilən elçilərə də Sara Xatun başçılıq etmişdir.  Türkiyə Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji mövqeyə malik Qaraman əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı imperatoru II Mehmetlə danışıqlar aparmaq üçün Sara Xatun göndərilmişdi. Sara Xatun Osmanlı imperatoru II Mehmetle bağladığı Yassıçəmən müqaviləsi (1461) Ağqoyunluların dövlət müstəqilliyinin saxlanmasında böyük əhəmiyyətə malik idi. Uzun Həsən Sara Xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən onun qarşısına iki mürəkkəb vəzifə qoymuşdu. Əvvəla o, Osmanlı sultanını ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı, ikincisi Sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən də döndərməli idi. Sara Xatun yol boyu sultanı Trabzonu fəth etmək fikrindən çəkindirməyə çalışdı. Lakin onun səyləri heç bir nəticə vermədi. Dənizdən Osmanlı donanması tərəfindən mühasirəyə alınan Trabzon 30 günlük mühasirədən sonra - 1461-ci il oktyabrın 26-da Türklər tərəfindən zəbt edildi. Qara dənizdə Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi süqut etdi. Artıq Trabzonun əldən getdiyini görən Sara Xatun öz gəlininin - Dəspinə Xatunun Trabzonun taxtına varislik hüququnu irəli sürdü. Trabzon xəzinəsini sultanla bölüşdürdükdən sonra Ağqoyunlu elçilərinin başında geri qayıtdı. Görünür, Ağqoyunlularla kəskinləşən münasibətləri yumşaltmaq üçün II Mehmet Sara Xatuna xoş rəftar göstərmiş, onu çoxlu hədiyyələrlə geri yola salmışdı.  Venesiyadan Azərbaycana göndərilən, demək olar ki, bütün diplomatik sənədlərdə Sara Xatunun adı çəkilir, ondan bəhs olunur. Bir diplomat kimi Sara Xatunun fəaliyyətində, onun sultan II Mehmetlə bağladığı 1461-ci il sülhünün böyük əhəmiyyəti var. Bu sülh hələlik əlimizdə olan məlumata görə, Sara Xatunun xarici ölkə hökmdarları ilə bağladığı ilk müqavilələrdən biridir.  Azərbaycan qadınları tarix boyu müdrik, uzaqgörən, torpağa və ailəsinə sədaqətli olmuş və zamanın bütün sınaqlarından alnıaçıq, üzüağ çıxmağı bacarmış, çətin məqamlardan çıxış yolunu düzgün seçərək kişiləri də bu yola istiqamətləndirmişlər. Adı Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan Sara Xatun adını fəxrlə çəkə biləcəyimiz bir qadındır.  AZENS.AZ
Tweet