Vətənpərvər Nəriman Nərimanov


  Doğulduğu və  gənclik  illərini  keçirdiyi  Tiflis  mühiti  onun əqli  və  mənəvi inkişafında  böyük rol oynamışdır. O zaman Dağıstan və Qafqaz xalqlarının,  o cümlədən  azərbaycanlıların  az – çox  mədəni – maarif ocaqlarını  idarə edən  təşkilatlar  burada yerləşirdi. Odur ki, dövrün qabaqcıl  fikirli  ziyalıları burada  yerləşən  gimnaziyalarda, şəhər  məktəblərində  müəllimlik  edərək  qabaqcıl  mədəniyyəti,  dünyəvi  elmləri yaymaqla  məşğul idilər. Bütün bunlar kiçik Nərimanın dünya görüşünün  təşəkkülünə müsbət  təsir göstərməyə  bilməzdi. N.Nərimanov  1890 – cı ildə Qori  seminariyasını  bitirərək  elə həmin il Tiflis  Quberniyası Borçalı qəzasının  Qızıl  Hacılı  kənd  məktəbində  pedaqoji  fəaliyyətə  başlayır.  1891-ci ildə  Bakı şəhərinə köçür və burada əməli pedaqoji  fəaliyyətilə  məşğul olur, bazar günü  məktəblərində  və axşam  kurslarında  dərs deyir. Daha sonra  o,  böyük  pedaqoq S.M. Qənizadənin  köməyi ilə  A.İ. Pobedanostev  6 sinifli  gimnaziyasının  hazırlıq şöbəsinin  aşağı  sinfinə  müəllim  təyin edilir, 5 ildən  sonra  isə  çoxdankı arzusuna  çatır,  həmin məktəbin əsasında  Bakı oğlan  klassik  gimnaziyasını təşkil edir. Bu məktəblərdə  ancaq Daxili İşlər Nazirliyinin  razılığı  olan şəxslər işləyə bilərdilər.  


1894- cü ildə N.Nərimanov  Azərbaycan ziyalılarının  qabaqcıl  dəstəsinin yaxından  iştirakı ilə  Bakıda  ilk milli  kütləvi  kitabxana-qiraətxananın əsasını qoyur.

 

 N. Nərimanovun  təşkil etdiyi bu qiraətxana – kitabxananın işində diqqət tələb edən cəhətlərdən biri  buraya  gələnlərin – oxucuların  sayının  digər şəhərlərdəki  kitabxana – qiraətxanalara nisbətən  xeyli  çox olması idi.   1902-ci ildə Odessa  Universitetinin  tibb  fakültəsinə daxil olur və burada inqilabı işlə məşğul olur, fəhlə və tələbə  hərəkatının fəal  rəhbərlərindən biri kimi məşhurlaşır. 1905-ci ildə  inqilab günlərində  Nərimanov Odessada ilk inqilabi  sınaqdan  keçir  və həmin  ildə “Hümmət” partiyasına daxil olur.


  I Rus inqilabı dövründə  universitetdə  oxuyan tələbələr  inqilabi  hərəkatda  iştirak  etdiklərinə  görə  çar  hökuməti  universiteti  müvəqqəti  olaraq  bağladığı  üçün  N. Nərimanov  Bakıya qayıdır. Daha sonra Universitetə qayıdaraq 1908-ci ildə təhsilini  başa  vurub  Bakı şəhər  xəstəxanasında  həkim  işləyir. 1909 - cu ilin əvvəllərində geniş  ictimai – siyasi və inqilabi fəaliyyətə  başlayır. Həmin  ilin fevralında çar  hökuməti  tərəfindən nəzarətə  alınan  N. Nərimanov 1909-cu il  martın  1- də Tiflisdə  həbs  olunur. 7 ay Metex qalasında  saxlandıqdan sonra  oktyabr  ayında  2 il  müddətinə  Qafqazdan  xaricə, Həştərxana sürgün edilir.   N. Nərimanov  sürgündə  olarkən xeyli  yerli  “Bürhani – tərəqqi”,  “Astraxanski  listok”, “Astraxanski kay”, “Astraxanski vestnik” və b. qəzetlərdə  çoxlu  məqalələrlə  çıxış  edir, inqilabi və həkimlilik  fəaliyyətini  davam etdirir. 5 illik  sürgün  həyatını  başa  vurduqdan  sonra, 1913 – cü ildə  Bakıya  qayıdan  N. Nərimanov  “Bəsirət”, “Açıq söz”, “İqbal”, “Yeni inqilab” qəzetlərində  qiymətli  məqalələr  dərc etdirir.N. Nərimanov  1917- ci ildə  bolşevik  “Hümmət” təşkilatının  sədri,  həmin  təşkilatın  eyni  adlı  qəzetinin  redaktoru olmuşdur və bolşeviklərlə birlikdə  Azərbaycanda  sosialist  inqilabının  qələbəsi  uğrunda  mübarizə aparmışdır.


  1918-ci  il  iyun ayında  N. Nərimanov  ağır  xəstələnir  və Bakı kommunasının  tapşırığı ilə müalicə  üçün  Həştərxana  göndərilir. Onun  müalicəsi  başa  çatanda  artıq  Bakı kommunası  devrilmişdi. Odur ki,  Həştərxanda  qalıb  fəaliyyətini  davam  etdirir.   1920 – ci il  may ayının  16 – da  Bakıya gələn  Nərimanov əvvəlcə müvəqqəti Hərbi inqilab komitəsinin, sonra  İnqilab  Komitəsinin  və Azərbaycan  hökumətinin  sədri olmuşdur. N.Nərimanov  görkəmli ictimai-siyasi və dövlət  xadimi idi. O, 1920-ci il  sentyabrın 12-də Şərq xalqlarının  Bakıda  keçirilən  birinci  qurultayının  çağırılmasının  fəal  təşəbbüsçüsü  və təşkilatçısı  olmaqla bərabər, Bakıda  I türkoloji  qurultayın çağırılmasında  da  böyük rol oynamışdır. Azərbaycan üçün  münasib  olmayan  ərəb  əlifbasından  latın  sistemli əlifbaya keçmək  məsələsi ilə N.Nərimanov  hələ 1922-ci ildən  məşğul olmağa başlamışdır.


  Zaqafqaziyada mövcud  gərgin  ictimai-siyasi  vəziyyəti  obyektiv təhlil  edib həqiqəti deyən  N.Nərimanovun siyasi düşmənləri  onu  “Milli təmayülçülükdə” günahlandırmağa  və onun  xalq  arasındakı  yüksək  nüfuzunu ləkələməyə  çalışırdılar. Sarkis, Şatunovskaya və onların əlaltıları onun  respublika  rəhbərliyindən  uzaqlaşdırılmasına  nail oldular.  Bu xainlər  N.Nərimanovun  1922-ci ilin  axırı – 1923 – cü ilin  əvvəlində SSRİ MİK  sədrlərindən biri seçilməsi şansından  hiyləgərcəsinə  istifadə etdilər və o bu  vəzifədə  ömrünün axırına kimi  Moskvada  işləməli oldu.


  1925-ci il  mart ayının  19-da  Moskva  vaxtı ilə  axşam saat 8-də SSRİ MİK-nin  sədri  N.Nərimanov  müəmmalı  şəkildə  vəfat etdi və Qızıl meydanda,  kreml  divarları  yanında  dəfn edildi. Onun tabutu  üzərinə  qoyulan  əkilidə “Şərq  xalqlarının  inqilabi rəhbərinə  və  imperializm  zülmü  altında  olanların tam  azadlığı  uğrunda çarpışmış mübarizə” sözləri  yazılmışdı.   N. Nərimanovun  vəfatı  ilə əlaqədar ölkənin  bütün dövlət idarələrində  iş  dayandırıldı. Dəfn günü – martın  23-ü  matəm  elan edildi.  Hökumət  binalarında, xaricdəki  diplomatik  və ticarət  nümayəndəliklərinin  binalarında, hərbi  və ticarət  donanmasının  gəmilərində  dövlət  bayraqları  beş  dəqiqəliyə endirildi.


 AZENS.AZ

Tweet 1336