Xəzər dənizində gizlənmiş qala


 Bayıl qəsrinin sirri əsrlər boyu Bakıya gələn alim və səyyahların, tədqiqatçı və arxeoloqların diqqətini özünə cəlb edib. Təxminən yeddi əsr bundan əvvələ aid edilən bu abidə Azərbaycanın qədim mədəniyyətə malik ölkə olduğunu bir daha sübut edir. XIX əsrdə Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov, rus alim, şərqşünas və səyyahları İ.N.Berezin, S.Q.Qmelin, B.A.Dorn, V.V.Bartold, A.K.Markov və başqaları Bayıl qəsri haqqında ehtimal xarakterli məlumatlar veriblər. Tədqiqatçı alimlər onu “Səbayıl qalası”, “Bayıl qəsri”, “Bəndərqala”, “Yeraltı şəhər”, “Karvansara”, “Xanəgah”, “Monastr”, “Gömrükxana”, “Müdafiə qalası” və sair adlandırıb. Yalnız XVIII əsrin əvvəllərində qala suyun altından üzə çıxıb.


 Qalanın uzunluğu 40 metr, eni 180 metr olan tikinti aralarındakı məsafə 16 m-dən 28 m-ə qədər olan 15 yarımdairə qalalar vasitəsilə divara birləşdirilib. Dörd küncdəki qalanın biri – şimaldakı monolit olub, qalanları kiçik kamera ilə bir-birinə bağlanıb. Divarın qalınlığı 1,2 m-dən 1,5 m-ə qədərdir. Divar ayrı-ayrı daş tavalarda düzəldilmiş frizli yazılarla (hündürlüyü70 cm, eni 25-50 cm, qalınlığı 12-15 cm) əhatə olunub.  1939-cu ildən 1969-cu ilə kimi aparılan araşdırmalar nəticəsində müxtəlif vaxtlarda 699 ədəd yazılı daş tavalar əldə edilib. Bu daşlar hazırda İçəri Şəhərdə - Şirvanşahlar sarayının həyətində saxlanılır.


 Daşların üzəri ərəb və fars yazıları ilə yanaşı, zəncirvari ornament, insan, heyvan, quş və əfsanəvi heyvan təsvirləri ilə bəzədilib. Bu daş tavaların üzərindəki təsvirlərdən görünür ki, onları hazırlamış sənətkarlar yüksək zövqə və incə müşahidəçilik qabiliyyətinə malik olublar. Amma dənizdən çıxarılmış daşların 30%-ə qədəri əsrlər boyu ləpənin təsirindən ziyan çəkib. Onların üzərindəki yazı və təsvirlər pozulub.


 Tədqiq edilmiş kitabələrə əsasən müəyyənləşib ki, qəsr Xəzər dənizinin sahilə yaxın hissəsində, Bayıl təpələrindən birində 1232-1233-cü illərdə Şirvanşah Gərşəsbin oğlu Fəribürzün dövründə tikilib.


 Qədim yazıların içərisində “Bayıl qəsri”nin memarı Əbdül-Məcid Məsud oğlunun adı tapılıb. Bu memar eyni vaxtda, yəni 1232-ci ildə Abşeronun vahid müdafiə sisteminə daxil olan, şəhəri və Bayıl qəsrini şimaldan müdafiə edən Mərdəkan dəyirmi qalasını da tikib. Bayıl qəsrinin tikintisində istifadə edilən daşların quruluşu təxminən səkkiz əsr bundan əvvəl Azərbaycanda memarlıq sənətinin yüksək səviyyədə olduğunu təsdiq edir. Üzərində ardıcıl olaraq Şirvanşahların adları yazılmış daşlarda hər hökmdarın adının üzərində onların rəmzləri olan simmetrik insan, heyvan, quş və mifik təsvirlər verilib.


 AZENS.AZ

Tweet 1102