Azərbaycanın İlk Şeyxülislamı - Ağa Əlizadə


 Ağa Əlizadə 1871-ci il oktyabrın 22-də Bakının Pirşağı qəsəbəsində ruhani ailəsində dünyaya göz açmışdır. Pirşağıda böyük hörmətə malik olan atası Hacı Cavad uşaqlarının yaxşı təhsil alması üçün Bakıya gəlmək qərarına gəlir.


 Ağa Əlizadə (əsl adı Zeynal Abdin olmuşdur) ilk təhsilini İçərişəhərdə Qüdsi mədrəsəsində almışdır. Mədrəsəni müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini müqəddəs Əl-Nəcəf şəhərində davam etdirmək qərarına gəlir.


 1896-cı ildə 25 yaşlı Ağa Əlizadə Əl-Nəcəf şəhərində Dini Universiteti müvəffəqiyyətlə başa vurub, axund dini rütbəsi aldıqdan sonra vətənə qayıdır və ömrünün son gününədək burada çalışır.


 Axund Ağa Əlizadə 1903-cü ildən ömrünün son günlərinə qədər Təzəpir məscidində  islam dininin təbliği ilə məşğul olmuşdur.


 28 may 1918-ci ildə Tiflisdə Azərbaycanın Milli Soveti ölkənin azadlığını elan edir. Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Milli Hökumət formalaşır və Zaqafqaziya Müsəlmanları Dini İdarəsi (ZMDİ) Gəncəyə köçürülməsi qərara alınır. Həmin ilin iyun ayının ortalarında Təzəpir məscidinin axundu Ağa Əlizadə Bakı şəhərinin qazısı, Zaqafqaziya Müsəlmanları Dini İdarəsinin sədri və Şeyxülislam seçilir. Beləliklə də Ağa Əlizadənin dini-elmi fəaliyyəti üçün böyük imkanlar yaranır.


 Şeyxülislam Axund Ağa Əlizadə öz dövrünün ən hörmətli və sayılan şəxslərindən idi. Həm də o, tək Azərbaycanda deyil, dünyanın bir çox yaxın və uzaq məmləkətlərində də humanist-dindar bir şəxsiyyət kimi tanınırdı. Dünyanın bir çox ölkələrində keçirilən konferensiyalarda iştirak etmiş və özünün dərin dini- teoretik məruzələri ilə hamının diqqətini cəlb etmiş, çoxlarını isə heyran qoymuşdur.


 Şeyxülislam Axund Ağa Əlizadənin özünəməxsus xüsusiyyətlərindən biri də tək dini elmlərə deyil, riyaziyyat, təbiətşünaslıq, tarix, ədəbiyyata da böyük maraq göstərməsi idi. Bundan başqa o, Azərbaycanda və Cənubi Qafqazda baş vermiş siyasi hadisələri real qiymətləndirməyi çox məharətlə bacarırdı.


  Bir sözlə desək, Azərbaycan Demokratik Respublikasının və Zaqafqaziya Müsəlmanları Dini İdarəsinin ilk sədri və şeyxülislam olmuş Axund Ağa Əlizadə o dövrün ən görkəmli simalarından idi.


 AzEns.AZ

Tweet 213