Azneftin binası - Seyid Mirbabayevin sarayı


 Həmin bu saray bir vaxtlar müğənnilik etmiş, sonradan Azərbaycanın neft milyonçusuna çevrilmiş Seyid Mirbabayevə məxsus idi. Bina “Fransız Renessansı” tərzində, memar Pavel Şternberqin layihəsi əsasında inşa edilmişdir. Bu tikili özünün arxitektur detallarına və qeyri-adi fasadına görə digərlərindən seçilmişdir.


 Bu binanın layihəsi 25 may 1893-cü ildə təsdiqlənmiş və həmin ayın sonunda da inşasına başlanmışdır. Sarayın yerləşdiyi indiki Niyazı (sovet vaxtı Sadovaya) küçəsi Azneft meydanından şəhərin mərkəzi hissəsinə uzanır. Həmin bu küçə hazırda İçərişəhər ətrafındakı dairəvi şossenin bir hissəsidir. Binanın əsas fasadı Xəzər dənizinın qərb sahilinə tərəf baxır.


 Binanın ilk sahibi erməni taciri Aramyanın ailəsi olmuşdur. Amma Aramyan “Britaniya klubu”nda digər milyonçularla qumar oynayan zaman böyük məbləğdə pul uduzur və sarayı satmaq məcburiyyətində qalır. Aramyanın arvadı özünün bir neçə brilyant zinət əşyalarının satmaqla binanın satılmamasına nail ola bilərmiş və o, hansısa naməlum səbəblərdən bunu etmir. Belə olan halda tacir Aramyan sarayı satmalı olur.


 Bakının daşınmaz əmlak üzrə auksioneri bu bunanı almaq istəmədiyindən, binaya müştəri axtarmaq üçün Tiflisə yollanır. Elə həmin vaxtlar saray müğənni Seyid Mirbabayevin diqqətini cəlb edir və o, məsləhət üçün mesenat Z. Tağıyevə müraciət edir. Z.Tağıyev ona sarayı almasını məsləhət görür və Aramyana bir məktub yazaraq, sarayı S. Mirbabayevə satmasını tövsiyə edir. Bu məktubdan sonra Aramyan sarayı əvvəlcə nəzərdə tutduğu qiymətdən də aşağı qiymətə S. Mirbabayevə satır. Bundan sonra yerli əhali arasında bu bina “Seyid Mirbabayevin sarayı” kimi tanınmışdır. Birinci Azərbaycan Demokratik Respublikası dövründə həmin binanın 1-ci mərtəbəsində Britaniya konsulluğu yerləşirdi. 


 S. Mirbabayev 1867-ci ildə Bakıda anadan olmuş, XIX əsrin sonları XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmişdir. O, XIX əsrin sonlarında azərbaycanın ən tanınmış müğənnilərdən idi. Milyonçu Şıxbalayevin toyunda müğənnilik etmək. Mirbabayevin həyatında böyük bir dəyişikliyə səbəb olur. Belə ki, müğənnilik etdiyi həmin toyda bəyin dayısı S.Mirbabayevə torpaq sahəsi hədiyyə edir, az bir müddətdən sonra həmin ərazidə neft tapılır və müğənni Azərbaycanın neft milyonçusuna çevrilir. 


 S. Mirbabayev vaxtilə Bakı Muğam məclislərinin aktiv iştirakçısı olub. Onun ifasına bir çox muğamlar qramplastinkalara yazılmışdır. Hətta 1906-cı ildə Riqanın “Qrammafon” səsyazma firması tərəfindən oxuduğu muğamların yazılışı üçün S. Mirbabayev təkliflər də almışdı.


 Neft sənayesi nümayəndəsi və milyonçusu olduqdan sonra S. Mirbabayev  musiqi fəaliyyətindən tamamilə uzaqlaşır. O. özünün əvvəlki sənətindən utanmağa başlayır və özünün bütün səsyazma qramplastinkalarını satın alaraq onları məhv etdirmişdir ki, onun müğənni olmasını heç kim xatırlamasın. 


 Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər S. Mirbabayevin bütün əmlakını müsadirə edirlər. Həmin binada S. Mirbabayev 1920-ci ilədək yaşamış və sonra Fransaya mühacirət etmək məcburiyyətində qalmışdır. 1929-cu ildə S.Mirbabayev tamamilə müflisləşir. Tezliklə Parisdə Teymur bəy Aşurbəyovla görüşür və onunla Tehrana yollanır, ömrünün qalan hissəsini də orada bir azərbaycanlı çayxanasında müğənnilik etməklə keçirir. Seyid Mirbabayev 1953-cü ildə Tehranda vəfat edir.


 Sovet dövründə həmin saray Azneftin sərəncamında olmuşdur. 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra bina Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilmiş və 1990-cı illərdə bina təmirə dayandırılmışdır. 


 AzEns.AZ/ Jalə Orucova

Tweet 583