“Bakı” adının etimalogiyası


 Bakı şəhərinin adının tarixi ilə bağlı bir çox versiyalar mövcuddur. Müxtəlif dövrlərdə müxtəlif səyyahlar və tarixçilər tərəfindən Bakı adı müxtəlif cür təqdim olunub.


 Ümumiyyətlə, Abşeron yarımadasında rast gəlinən adlar əsasən burda yaşayan tayfalar, əhali ilə bağlıdır. Massagetlərdən Maştağa, mərd tayfalarından Mərdəkan, türklərdən Türkan qəsəbələrinin adı formalaşıb.


 Bakı adına gəlincə isə, bu ad ilk dəfə V (5-ci) əsr Bizans müəlliflərinin əsərlərində rast gəlinib. O, Skif padşahlığıdan Midiyaya gedən yolda “dəniz daşından partlayan” ərazi haqqda məlumat verirdi. VIII (8-ci) əsrin erməni tarixçisi Qevond Xəzər tayfaları ilə ərəblərin toqquşmasından məlumat verərkən Atşi-Baquan ərazisinin adını çəkir. Sara Aşurbəyli bu məlumata istinad edərək bildirir ki, “Atşi” sözü “atəş” sözündəndir. Söz isə “Baquanın atəşləri mənasını verir”.


 Bütün ehtimallara baxmayaraq, Bakı sözünün tarixi ilə reallığa ən yaxın olan variant fars dilindən yaranan “Badi Kubə” sözünün birləşməsindən yaranmasıdır. Fars dilindən tərcümədə “Küləklər şəhəri” mənası verən bu sözün məhz Bakının əsl tarixinin olmasını bir çox tarixçilər təsdiq edir.


 Qafqazşünas K.P.Patkanov iddia edir ki, şəhərin adı lak sözü “baki”dən (təpə deməkdir) əmələ gəlmişdir. O dövrlərdə Bakı təpələr üzərində salındığından bu fikirdə müəyyən dərəcədə bir həqiqət vardır. Türklərin “İslam ensiklopediyası”nda isə bu sözün Bəy-köy türk sözlərindən düzəldiyi iddia olunur. Bəy-köy baş şəhər deməkdir. Tarixçi Əli Hüseynzadə Mahmud Kaşqarinin məşhur “Divani lüğət üt türk” əsərinə əsaslanaraq K.P.Patkanovun söylədiyi nəticəyə gəlir, o, bu əsərdə təpə mənasında işlədilən Bakı sözünə əsaslanaraq belə qərara gəlmişdi ki, Bakı təpələr üstündə salındığından şəhərin də adı bu sözdən götürülmüşdür. Bu fikri coğrafiya elmləri doktoru B.Budaqov da təsdiq edib.


 Rus və Avropa səyyahlarının bir çoxlarının əsərlərində Bakı adı müxtəlif cür təqdim olunur. Məsələn, XVII əsrdə Qarrits Baca, Adam Oleari Bakuie kimi təqdim etmişdir.


 İslam dini fəlsəfəsində Allahın 99 mübarək adının 96-cısının əl-Bakiy olması da məlumdur. On birinci imam Hz.Həsən Əsgərinin oğlu Hz.Mehdinin (Sahibi-Zaman) özəl adlarından biri də məhz Hz.Bakıyyətullahdır. Burada “Bakıy” etnonimi əlbəttə ki, əbədi mənasındadır. Bakı sözü ərəbcə “sonsuz”, “əbədi”, “qalan”, “fani olmayan”, “varlığı daim olan”, türkcə isə “toxunulmaz” və “müqəddəs” anlamını verir. Sanskritcə (qədim hind ədəbi dillərindən biri) “bhaqa” günəş anlamındadır. Avesta və qədim pəhləvi-iran-fars dillərində “baqa” və yaxud “baq” tanrı deməkdir. E.ə. VI əsr Bisütun mixi kitabəsində (İranın Həmədan şəhəri yaxınlığında Bisütun qayası üzərində İran şahı I Daranın (e.ə. 522-486) həkk etdiyi kitabədə “Baqa” sözünə rast gəlinir.


 Azens.az saytının məlumatına görə, “Baqa” sözü günəş-od kimi tərcümə edilərək dolayısı ilə “Boq” sözünü formalaşdırmış və bu etnonim rus dilinə belə keçmişdir. “Bhaqavad Qita” – Veda müdrikliyinin məğzi olan dünyanın transindental ruhi və fəlsəfi klassikasının ən məşhur əsərlərindən biridir. Sözün kökü “bhaqa” – “günəş” və ya “Tanrı” deməkdir. Demək “Bhaqa”, “baqa”, “baq” sözləri – əsrlər boyu dəyişmiş, Günəş, Tanrı və ya od, alov, atəş anlamını verərək formalaşmışdır. Bəzi mənbələrdə bu etnonim Tanrı-Allah kimi də verilir. Nəhayət, belə nəticəyə gəlmək olar ki, bu ərazidə çox qədimlərdə torpaqdan çıxan qaz və neft yanıb od-atəş halında göründüyü üçün adıçəkilən etnonimlər assimilyasiyasına uğramış, burada yaşayan xalq “baq”, “baqa”, ərazi isə “Baqavan”, “Bakuyə”, “Baku”, “Baki” və Bakı kimi formalaşmışdır. Toponim “Allah şəhəri”, “Allah yeri” və ya “Günəş (atəş) şəhəri”, “Günəş (atəş) yeri” mənasını daşıyır.


 AzEns.AZ

Tweet 201