Bakıda ilk apteklərin yaranması


Adətən, Bakıya gələn hər bir kəsi bu şəhərdəki apteklərin çoxluğu təəccübləndirir. Belə məlum olur ki, bu cür hal müasir dövrün əlamətləridir. Amma XIX əsrdə heç də belə olmamışdı.

 Bakıda ilk aptek şəhər quberniya paytaxtı olarkən yaradılmışdır. Həmin aptekin sahibi K.Y. Eyxler idi. 1890-cı ildə Bakıda artıq 5 sərbəst aptek fəaliyyət göstərirdi və bundan əlavə də, həkimlər tərəfindən 5 yeni aptetin açılmasına dair ərizə ilə müraciət edilmişdi. 


 O zamankı “Kaspi” qəzetinin verdiyi məlumata əsasən, əhalinin müraciətinə görə həmin yeni apteklərin şəhərin Şamaxı küçəsində, Çəmbərikənddə, Təzəpir və digər ucqar yerlərində açılması nəzərdə tutulurdu. Belə ki, şəhərin ucqar yerlərində yaşayan əhali adi bir dərman almaq üçün şəhərin mərkəzinə üz tutmalı olurdu. Hətta belə təklif irəli sürürdülər ki, açılacaq 6-cı yeni aptekdə ilk 5 il ərzində həkimlərin kasıb əhaliyə yazdıqları darmanları lap aşağı qiymətlərlə satılsın. Lakin, Bakının o zamankı qubernatoru Vladimir Petroviç Roqqe 1873-cü ildə verilmiş sərəncama əsasən,“apteklərin fəaliyyətinə dair normativlərin” pozulacağını əsas gətirərək bu cür təklifləri rədd edir.


 “Apkeklərin fəaliyyətinə dair normativlər” nədən ibarət idi? Bu normativə görə, şəhərdə fəaliyyət göstərən hər aptek 10 min nəfərdən çox əhalini və onlara yazılan 15 mindən çox resepti dərmanlarla təmin etmək gücündə idi. O zamanlar Bakının əhalisi 105 min nəfər olduğundan fəaliyyət göstərən 5 aptekin hər birinin öhdəsinə 21 min nəfəri düşürdü. Bu səbəbdən də yeni apteklərin açılmasına ehtiyac duyulmurdu.


 Amma az sonra belə bir faktor ortaya çıxdı – reseptlərin sayı... həmin vaxtlar reseptsiz satılan dərmanlar hesaba alınmırdı. Elə bu da, 1890-cı ildə Bakıda 6-cı aptekin açılmasına əngəl törədirdi. 6-cı aptekin açılmasını Həkimlər İdarəsindən və Qubernatordan şəhərin 3-cü polis hissəsi adlanan ərazisinin əhalisi xahiş etmişdi. Həmin ərazi şəhərin şimal hissəsindən – Qənitəpə rayonundan (sovet dövrü Sverdlov küçəsi) Torqovının cənubunadək və Vorontsovun qərbindən Qara şəhərin şərqinədək olan bir ərazini əhatə edirdi.


 Şəhərdəki apteklərdən əlavə, Bakı ətrafı kəndlərdə 8 aptek fəaliyyət göstərirdi. Bunlar: Balaxanı, Sabunçu, Ramana, Maştağa, Suraxanı, Biləcəri, Pırşağı, Mərdəkan və Mərdəkan aptekinin Buzovka kəndi filialı.


 AzEns.AZ

Tweet 340