Bakının “əfsanəvi” meri – Əliş Lənbəranski


 Hər bir xalqın hər zaman fəxr edilməli, əfsanəyə çevrilmiş şəxsiyyətləri mövcuddur. Bu cür insanlar hansısa bir sahədə özünün əvəzolunmaz fəaliyyəti, yaradıcılığı ilə həmişə xalqın yaddaşında həkk olunmuşlar. Belələri arasında alim, rəssam, musiqiçi, bir sözlə müxtəlif peşə sahibləri var. Belə insanlardan biri də “əfsanəvi” Bakı meri kimi xalqın yaddaşına həkk olunmuş – Əliş Cəmil oğlu Lənbəranski olmuşdur. Bu şəxs hərtərəfli bütün yüksək keyfiyyətlərə malik bir insan idi - həm peşəkarlıq baxımından, həm istedad baxımından, həm təşkilatçılıq, həm də yüksək mənəviyyat baxımından.


 Əliş Lənbəranski 10 may 1914-cü ildə Bərdənin Lənbəran kəndində, o vaxtlar tanınmış cərrah Cəmil Ləmbəranskinin ailəsində dünyaya göz açmışdır. Əlişin uşaqlıq və yeniyetmə dövrünə dair elə də ətraflı məlumat yoxdur. Amma məlumdur ki, Əlişlə bərabər ailədə 3 uşaq olmuşdur: böyük bacı Saidə və 2 qardaş -  Əliş və Firuz. 


 Əliş o biri uşaqlara nisbətən daha utancaq, sakit, daha ciddi, bir az da qapalı uşaq olub. Azərbaycan Sənayə İnstitutunun neft sənayesi fakultəsini (indiki Neft Akademiyası) bitirdikdən sonra o, öz peşəsinə daha da yaxından yiyələnmək üçün zavoda işə düzəlir.


 Böyük Vətən Müharibəsi (1941- ci il) başlayan zaman 27 yaşlı Əliş Lənbəranski Neftayırma zavodunun direktoru vəzifəsində çalışırdı. Elə bu vəzifədə olarkən o, könüllü olaraq müharibəyə yollanır (cəbhəyə yollanmamışdan bir az əvvəl o, Fin Müharibəsindən yeni qayıtmışdı). 1943-cü ildə Rostov ətrafinda döyüşlərdə Ə. Lənbəranski ağır yaralanır. Yaralandıqdan sonra o, Bakiya göndərilir və yenidən əvvəlki vəzifəsinə bərpa edilir. 


 Bakının şəhərsalma tarixində “Lənbəranski erası” adlı bir anlayış mövcuddur. Bu anlayış heç də əbəs yerə yaranmayıb. Bu anlayışın tarixi belədir: 


 1959-cu ildə Lənbəranski Bakı Xalq Deputatları Soveti İcra Komitəsinin sədri təyin edilir. Onun şəxsi təşəbbüsü ilə Bakıda çoxlu mədəniyyət obyektləri, yaşayış evləri tikilmiş və yaşıllaşdırma işləri aparılmış, - bağlar, parklar salınmışdır. Bakı Bulvarı məhz Lənbəranskinin dövründə təzədən qurulmuş və genişləndirilmişdir. Bulvardakı “Mirvari” kafesi, qondolalar üzən Bakı “Venesiya”sı da məhz Lənbəranskinin rəhbərliyi ilə yaradılmışdır. Məhz Əliş Lənbəranski Bakı bulvarında meyvə ağacları və müxtəlif dekorativ çiçəklər əkilməsinə göstəriş vermiş, Baki Bulvarını uşaq və böyüklərin ən sevimli istirahət yerinə çevirmişdir.


 1969-cu ildə Azərbaycan Respublikasının rəhbərliyinə Heydər Əlirza oğlu Əliyev gəlir və Lənbəranskiyə Respublika üzrə bütün tikintilərin rəhbərliyini  üzərinə götürməsini təklif edir. Bu postda Lənbəranskinin ilk tikintisi indiki Heydər Əliyev adına saray olur. Bundan başqa, H.Əliyevin göstərişi ilə Əliş Lənbəranskinin rəhbərliyi altında Bakı Dövlət Sirki, “Gülüstan” sarayı, Yaşıl Teatr, Bakı Funikulyoru, “Moskva”, “Azərbaycan”, “Abşeron” mehmanxanaları və bir çox digər tikililər inşa edilmişdir.


 Qeyd edək ki, Bakı Dəniz Vağzalı 1970-ci ildə, Azərbancan KP MK-nın birinci katibi Heydər Əliyevin şəxsi təşəbüsü ilə Ə.Lənkaranskinin rəhbərliyi altında inşa edilmişdir. O zamanlar bu dəniz vağzalı Xəzər dənizi kənarı dəniz vağzalların ən yaraşıqlısı hesab edilirdi. Lənbəranski Azərbaycan Nazırlər Soveti sədrinin tikinti üzrə müavini təyin edildikdən sonra o, Respublikada inşa edilən mühüm obyektlərə rəhbərlik edir, o cümlədən, “Bakı Kondinsioneri” zavodunun tikintisinə də rəhbərlik etmişdir.


 Musiqili Komediya Teatrı Ə.Lənbəranskinin “Qu-quşu mahnısı” (son işi) olmuşdur. Bu tikinti o vaxta təsadüf edirdi ki, ölkədə tez-tez rəhbərlik dəyişikliyi baş verirdi, xaotik bir vəziyyət idi. Amma bütün bu çətinliklərə baxmayaraq, öz avtoriteti sayəsində Ə. Lənbəranski tikili üçün lazım olan materialları əldə edir. Oturacaqları, çilçıraqları o, özü şəxsən seçmişdir. Mebel üçün Dubaya yollanmış və seçib, alıb gətirmişdir. 


 Əliş Lənbəranski 1999-cu ildə, 85 yaşına çatmağa 9 gün qalmış vəfat etmişdir. Yaşadığı uzun ömür ərzində o, bir çox mükafatlar və titullar almışdır – SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycanın əməkdar mühəndisi və s. Aldığı titulların içərisində  onun özünün ən çox qiymət verdiyi titullar – “layiqli inşaatçı” titulları idi. 


 AzEns.AZ



Tweet 168