Balıqların yaşını necə müəyyən etmək olar?


 Balıqların üzərində olan “pulcuq”lar onların yaşlarını bildirir. Həlqələrdən ibarət olan bu “pulcuq”ların eyni ölçülərdə olmaması balıqların müxtəlif mövsümlərdə qeyri-bərabər inkişaf etməsindən xəbər verir. Həlqələri dəqiqliklə hesablamaq üçün “pulcuq”ları yaxşı-yaxşı təmizləmək, sonra isə zərrəbin (lupa) və ya mikroskop altında diqqətlə nəzərdən keçirmək lazımdır. Qeyd edək ki, belə hesablama metodunu ancaq ölü balıqlar üzərində reallaşdırmaq mümkündür.


 Balıqların üstündəki “pulcuq”ları analiz etməklə tək onun yaşını deyil, illik uzunluğunu (yəni, balığın hər il nə qədər uzanmasını) da müəyyən etmək mümkündür. Tutaq ki, 1 metr uzunluğunda olan balığın “pulcuq”larının radiusu 1 santimetrdir. “Pulcuq”dakı birinci illik həlqədən mərkəzə qədər olan məsafə 6 mm olarsa, bu o deməkdir ki,  balıq 1 yaşında 60 sm. uzunluqda olmuşdur.


 “Pulcuq”lar vasitəsi ilə balığın yaşının müəyyən olunması üçün nə edilir: “pulcuq” ilk növbədə yumşaq tərkibli naşatır spirti ilə yuyub təmizlənir, iki təmiz şüşə parçalarının arasına qoyulur və mikroskop altında “pulcuğ”un üzərindəki yaş həlqələri diqqətlə hesablanır.


 Qeyd eləmək lazımdır ki, balıqların ömür uzunluğu, həmin balığın növündən asılıdır. Elə növ balıqlar vardır ki, onların özləri kimi ömürləri də gödək olur. Elələri də vardır  ki, 25-30 il ömür sürür. Bəziləri 100 ilədək, bəziləri isə 100 ildən artıq ömür sürürlər. Belə üzünömürlü balıqların ölçüləri də iri olur. Belə ki, bəzən 100 yaşlı ağbalığa rast olunub ki, onun uzunluğu 5 metrdən artıq olubdur. 


  AzEns.AZ
Tweet 358