"Böyük İpək Yolu"nun tarixi


 Qədim dünyanın həyata keçirdiyi ən nəzərə çarpan işlərdən biri Şərqlə Qərbi birləşdirən “İpək yolu” olmuşdur. Antik tarixçi Herodot hələ eramızdan əvvəl 430-cu ildə Aralıq dənizinin şərqindən başlayaraq Ural və Sibirdən keçməklə Çini birləşdirən ticarət yolu haqqında qeydlər etmişdir. Hətta Herodot, hələ o dövrlərdə bu ticarət yolunun 1000-dən çox yaşı olduğunu da qeyd etmişdir. Həmin dövrləri tək tarixi yazılar deyil, həm də arxeoloji tapıntılar təsdiqləyir. Belə ki, arxeoloji qazıntılar zamanı Uralda tapılan Çində düzəldilmiş nefrit halqalar, tunc balta və bıçaqlar da buna bir sübutdur. Bu əşyaların düzəlmə tarixi e.ə. 1600-1027-ci illərə təsadüf edir.


 Alman professoru  Q.V. Hansiq Böyük İpək Yolunun tarixi ilə uzun müddət məşğul olmuşdur. O, yazmışdır ki, Böyük İpək Yolu ilə Şərqdən Qərbə gələn tacirlər geri qayıdarkən, yəni Qərbdən Şərqə at qoşqusu ləvazimatları və Cəng (hərbi) arabalar gətirirdilər. Belə bir maraqlı detalı nəzərinizə çatdırmaq istərdik: belə ki, həmin o dövrlərdə Çində düzəldilən at qoşqusu ləvazimatları vaxtı ilə  Yunanıstanda düzəldilən at qoşqusu ləvazimatlarının tam eynisi kimi olurdu, hətta naxışları belə. 


 Böyük İpək Yolu vasitəsilə Şərqdən Qərbə müxtəlif mallar gətirildiyi kimi, Qərbdən də Şərq, əsasən də Çinə - yun, çaxır (şərablar) və şüşə həmin bu yolla gətirilirdi. Şərqdən Qərbə, əsasən - farfor, ipək, kağız, tunc və nefritdən düzəldilmiş əşyalar, daha sonralar isə barıt gətirilirdi. Bu böyük ticarət yolu eramızdan 2000 il əvvəllərdən başlamış, eramızın 900-cü illərinədək fəaliyyətdə olmuşdur.


 Qeyd edək ki, nə qədim yunanlar o zamanlar Çinə getmiş, nə də ki, qədim çinlilər Aralıq dənizi sahillərinə gəlib çıxmışlar. Elə o zamanlarda da mallar dünyanın istənilən nöqtəsinə tacirlərin qurduqları ticarət şəbəkələri vasitəsilə ötürülürdü. Bu ticarət yolunun Şimal hissəsini o zamanlar skiflər idarə edirdilər. Altayda tapılmış qədim qəbirlərdə həm Çinə məxsus, həm də Yunanıstanda düzəldilmiş müxtəlif məişət əşyaları aşkarlanmışdır. Sirli, müəmmalı skiflər Şərq və Qərb (Avropa – Asiya) arasındakı ticarət əlaqələrinin aktiv iştirakçısı olmaqla bərabər, həm də misirlilərə, assuruyalılara, hətta Makedoniyalı İsgərdərə belə muzdlu əsgər və tərcüməçi qismində qulluq etmişlər. Qədim yunan tarixində Afinada polis işçilərinin, Aralıq dənizi sahillərində yerləşən ölkələrə gedən ticarət karvanlarının mühafizəçilərinin əksəriyyətinin  skiflərdən təşkil olunduğu qeyd olunur. 


 İlk öncələr bu böyük ticarət yolunun bir çox adı olmuşdur: “Lazurit yolu”, “Firuzə Yolu”, “Nefrit yolu” və hətta “Şüşə yolu”.


 Bəzi tarixçilər belə hesab edirlər ki, Avropa ilə ticarət əlaqələri yaratmaq Çin üçün tək məişət problemlərini həll etmək məqsədi daşımırdı (o zamanlar Çində məişət durumu normal idi). Bu daha çox  Qərb ekzotikasına, Qərb dəbdəbəsinə maraq məqsədi ilə edilirdi və digər bir tərəfdən də Qərbdən gətirilən mallarla ölkədə mal müxtəlifliyi, mal bolluğu da yaradılırdı.


 Çinə ticarət məqsədilə gələn qonaqların sayı həmişə çox olub. Amma bununla cəmiyyətin ən yüksək təbəqəsi maraqlanırdı. Məsələn: Hakim dairələr üçün Qərbdən atlar, kəhrəba, ekzotik heyvanlar (dəvəquşu, kərgədan), sosial ierarxiyanın aşağı təbəsindən olanlara ətirli muksuslar, dərmanlar, ladanlar gətirilirdi. Sadə xalq isə Hindistandan (Böyük İpək yolunun bir qolu da bu ölkədən keçirdi) gəlmiş buddizm ideyasını qəbul edirdi. Buddizm Çin ərazisinə eramızın ilk əsrlərində “qədəm” qoymuş, V-VI əsrlərdə isə artıq çox dərin bir kök atmış, konfusianlıqdan sonra ölkədə ikinci bir dinə çevrilmişdir. 


 “Böyük İpək Yolu”  üzərindəki hər bir vadi və məbədlər ticarət mərkəzi idi. Bu yerlərdə daima qaynar alver gedirdi və həmin bu yerlər hərbi qarnizonlar tərəfindən mühafizə edilir, qorunurdu. Çinin qərb sərhəddində yerləşən Dunqanda isə ölkəyə gətirilən, ölkədən çıxarılan bütün mallar diqqətlə baxışdan keçirilir, siyahıya alınırdı və siyahı ilə yoxlanılırdı. O zamanlardan indiyədək Dunqanda çox maraqlı bir sənət qalmışdır. Belə ki, həmin dövrlərdə eramızın III əsrində Çində olmuş bir səyyah ölkə haqqında etdiyi qeydlərini özü ilə Səmərqəndə götürmək istəmişdir. Amma Dunqanda buna icazə verilməmiş, sənəd səyyahın əlindən alınaraq orada saxlanılmışdır. Həmin sənət indiyədək orada saxlanılmaqdadır. 


 2014-cü ildə bu böyük yolun Xəzər dənizi ilə bərə vasitəsilə daşınması variantı modernləşdirilərək hazırlanmışdır. Bundan başqa Azərbaycan-Gürcüstan-Türkiyə ərazisindən keçən dəmiryolu modernizasiya edilmiş və tikilib başa çatdırılmışdır. Türkiyə ərazisinə isə bu dəmiryolunun Bosfora çatdırılması işləri aparılır. 


 İPƏK YOLU ÖLKƏLƏRİ:

 Azərbaycan, Çin, Gürcüstan və Şimalı Qafqaz, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan.


 AzEns.AZ



Tweet 895