“Brent nefti” nədir?


 “Brent nefti” ifadəsini gündə eşidirik. Bəs bu neft markası haqqında nə bilirik?

 Bu neft markası adı Şimal dənizində 1970-ci ildə kəşf edilmiş yatağın adından yaranıb. Yatağın adı isə onun məhsuldar (neft olan) horizontlarının adlarının – Broom, Rannoch, Etive, Ness и Tarbert – baş hərflərindən yaranıb. İlk vaxtlar yataqdan çıxarılan neftlərin Britaniyanın Sallom-Vo terminalında (Şetland adaları) qarışığına Brent markası deyilirdi.


 1980-ci illərin ortalarından Brent yatağından neft hasilatı azalmağa başladı: 1986-cı ildəki gündəlik 885 min barreldən 1990-cı ildə – 366 min barrelə düşdü. 1990-cı ildən Brent markasına Ninian sistemində hasil olunan neft də qarışdırılmağa başladı. Nəticədə bu marka neftin dünya bazarına təklifi artdı və 1992-ci ildə gündəlik 800 min barrela çatdı. Lakin sonra yenə azalaraq, 2001-ci ildə gündəlik 400 min barrelə (ayda 20 tankerə yaxın) düşdü.


 2002-ci ildə Brent nefti üzrə kontraktların əksəriyyətinə qiyməti müəyyənləşdirən Platts agentliyi tərəfindən həmin regionda yerləşən digər – Forties (Şimal dənizi) və Oseberg (Norveç) yataqlarından çıxarılan neftlər də Brent markasına əlavə edildi. Yeni qarışıq BFO (Brent-Forties-Oseberg) adı aldı. 2007-ci ildən isə bu qarışığa Ekofisk yatağından alınan neft də əlavə olunaraq, BFOE adı aldı.


 Hazırda dünya bazarlarında neft qiymətlərinin müəyyənləşdirilməsi üçün Brent neftindən etalon kimi istifadə olunması məsələsi ətrafında müzakirələr gedir. Bu ilk növbədə həmin yataqlarda və ümumiyyətlə, Şimal dənizində neft hasilatının azalması, nəticədə isə həm Brent, həm də digər markalardan olan neftlərin likvidliyinin azalması və qiymətlərinin təhrif olunması ilə bağlıdır.


 Brent neftinin xassələri:

 Yüngül azkükürdlü neftdir, 20°C-də sıxlığı – 825-828 kq/ m³ (38,6-39°API), kükürd tərkibi – 0,37%-ə yaxın. Bu göstəricilərinə görə amerika markası WTI-ya (West Texas Intermediate və ya Light Sweet) yaxındır.


 AzEns.AZ/ Müəllif: Asif Şəfəqqətov


Tweet 191