"Dəyirmanlar kralı" Ağabala Quliyev


 Ağabala Quliyev kasıb bir ailədən çıxmışdı. Uşaqkən şəhər küçələrində və vağzallarda anasının bişirdiyi qutabları satarmış. Böyüdükdən sonra şəxsi biznesini qurmuş, taxıl və un ticarətilə məşğul olmuşdur. Az bir müddətdən sonra dəyirman tikdirir. Bundan sonra onun ticarəti yüksələn xətt üzrə getmiş, bütün Qafqazda və Orta Asiyada neçə-neçə dəyirmanlar sahibi olmuşdur. 

 Artıq milyoner kimi tanınmış Ağabala Quliyevin dəyirmanlarından biri də Stavropolda idi. 1902-ci ildə “Yarmarka meydanı”nın cənub tərəfində Maykop taciri İvan Baranov tərəfindən inşa etdirilmiş buxarla işləyən bu dəyirmanı o zamanlar Ağa Bala Quliyev almışdı.


 A.B.Quliyev həmin dəyirmanı aldıqdan sonra tamamilə yenidən qurdurur və o zaman üçün yeni texnikalarla təchiz etdirir. 1908-ci ildə “Cənub” qəzetinin 100-cü nömrəsində bu haqda xüsusi qeydlər var idi. Ağabala Stavropol dəyirmanını yeni texnika ilə təchiz etdirib, bərpa etdikdən sonra elə həmin “Yarmarka meydanı”nda gündəlik ticarət üçün şəxsi mağazasını açır. 1914-cü ildə mühəndis Saviçskinin layihəsi əsasında dəyirmana taxıl üçün 500.000 pudluq (pud-çəki vahidi) dəmir-beton elevator qurdurur və dəmiryolu çəkdirir. Bir sözlə, bu dəyirmanın yenidən qurulması Ağabalaya 351950 gümüş pula başa gəlir ki, bu da, o zamanlar çox böyük bir məbləğ idi. 


 Stavropoldakı “Quliyev dəyirmanı” (hal-hazırda 4№-li un zavodu) özünün buxar fiti ilə tarixə düşmüşdür. Bu buxar fitini Ağabala o zamanlar böyük bir məbləğə Almaniyadan sifariş edib gətirmişdi. Həmin dəyirmana quraşdırılmış bu buxar fiti bir növ saat rolunu oynayırdı. Belə ki, o zamanlar saat nadir insanlarda olardı. A.B.Quliyevin dəyirmana quraşdırdığı buxar fiti hər gün səhər saat 6:00-da. axşam saat 18:00-da və günorta saat 14:00-da fit verərmiş. Beləliklə də, həm yarmarka, həm də şəhər əhli hər gün saatın neçə olduğunu öyrənirdilər. Bundan əlavə, Ağabala həmin dəyirmanı qazlaşdırmışdı, mütəxəssisləri isə Amerikadan şəxsən özü dəvət etmişdi.


 Haşiyədən kənara çıxaraq qeyd etmək lazımdır ki, milyonçu A.B. Quliyev cavanlıq dövründə mühakimə edilərək məhkum olunmuşdur. Hadisə 1884-cü ilin 30 oktyabrında, Ağabala Quliyev 27 yaşında, subay olarkən baş verir. O, Hacı Məhəmməd Rəsulun qızı Əsmətə vurulmuşdu. Ağabala Hacıgilə tez-tez gedib-gəlirdi. Bir gün Ağabala qıza nişan aparmaq istəyəndə, rədd cavabı alır. Bundan sonra Ağabala bir daha Hacıgilə getmir, amma yenə də Əsmətdən əl çəkmək istəmir, onunla evlənməkdə israrlı olaraq qalır. Bunun üçün də o, qızı qaçırmaq qərarına gəlir. Amma qızı heç uyğun olmayan bir zamanda, qız hamamdan çıxıb evə qayıdarkən qaçırmaq istəyirlər. Lakin bu baş tutmur. İş məhkəməyə gedib çıxır. Məhkəmə zamanı Ağabala belə söyləmişdir ki, qız onu sevir, onunla evlənməyə razıdır, qızın özü könüllü olaraq faytona minmək istəmiş, amma yanındakı qız qohumu ona mane olmuşdur. Ağabalanın atası və qardaşı, Ağabala ilə Əsmətin bir-biri sevdiklərini və hər dəfə görüş zamanı Ağabalanın qıza müxtəlif növ şirniyyatlar hədiyyə etdiyini deyirdilər. Bəzi şahidlər də onların bir-birini istədiklərini, onları birlikdə Əsmətgilin evi yaxınlığında tez-tez gördüklərini söyləmişdilər. Bütün bunlara baxmayaraq, məhkəmə Ağabalaya 2 aylıq həbs cəzası verir.


 Əvvəllər adi bir ticarətlə məşğul olan, daha sonralar Qafqazda və Orta Asiyada neçə-neçə dəyirmanları olan Ağabala ömrünün sonlarına yaxın “Ağabala Quliyev” adlı minlərlə düyü təmizləyən dəyirmanlara və taxıl anbarlarına malik çox məşhur bir milyonçu idi. “Molla Nəsrəddin” jurnalında işləyən məşhur rəssam Əzim Əzimzadə, hələ rus-tatar məktəbində oxuyarkən milyonçu Quliyevin dəyirmanında kuryer işində çalışmışdır.


 Bakının mərkəzində ən məşhur və möhtəşəm tikililərdən biri vaxtilə Ağabala Quliyevin şəxsi mülkü olmuşdur. Bu bina vaxtilə Persidski, Karantinniy və Qimnaziçeski adlanan (Poluxin-Muxtarov) küçələrin kəsişməsində yerləşirdi. Bu binanı memar Y.Y. Skibinski 1899-cu ildə inşa etmişdir. Bu bina hazırda Azərbaycan Memarlar İttifaqının yerləşdiyi binadır. 


 AzEns.AZ


Tweet 327