Diri Baba türbəsi haqqında 7 tarixi fakt


*** Diri Baba türbəsi Mərəzədə (Şamaxı yaxınlığında) yerləşir. Türbənin üzərindəki daş kitabəyə əsasən, bu tikili 1402- ci ildə inşa edilmişdir. Deyilənlərə görə, bu türbədə dəfn olunan, müqəddəs hesab edilən Diri Babanın nəşi uzun illər çürümədən salamat qalmış (ölümsüz olmuş) və bu məqbərədə yaşamışdır. Elə bu səbəbdən də bu insanın adı Diri – yəni öləndən sonra da, diri qalan mənasında “Diri  Baba” adlandırılmışdır.


*** Diri Baba türbəsi hələ XVII əsrdən səyyahların, ziyarətçilərin, hətta bu türbənin sirrini açmağa çalışan alimlərin belə diqqətini özünə cəlb etmişdir. Bu türbədə olmuş səyyahlar öz yazılarında məqbərənin daşları üzərində cızılmış və çəkilmiş çox unikal ornamentlərdən söz açmışlar.


*** Tarixdən məlumdur ki, Diri Baba türbəsini keçmiş zamanlarda alman həkimi, səyyah və naturalisti Engelbert Kempfer (1651- 1716) ziyarət etmiş və bu türbənin, Bakının və Şamaxının və digər şəhərlərin çox unikal rəsmlərini çizmişdir.


*** 1703-1707-ci illərdə Şamaxıya səyahət etmiş holland rəssamı Kornelius de Bruin Mərəzədə Diri Baba məqbərəsində də olmuş və çox gözəl rəsmlər çəkmişdir. Daha sonra həmin rəsmləri özünün xüsusi albomunda yerləşdirmişdi.


*** XIX əsrdə Diri Baba türbəsini Rusiyanın Qədim Qafqaz üzrə məşhur tədqiqatçıları olmuş İvan Bartolomey və Bernqard Dorn tədqiq edərək öyrənmişlər. Tədqiqat zamanı B. Dorn bu məqbərə Şirvanşahlar şahı  I İbrahim şahın (1382- 1417) hakimiyyəti dövründə inşa edildiyini bəyan etmişdir.


*** Məşhur türk şəyyahı Evliya Çələbi 1647-ci ilin əvvəllərində bu məqbərəni ziyarət etmiş və sonra belə yazmışdır: - “mən Diri Baba məqbərəsini ziyarət edərkən, tərkidünya olmuş və həmin bu məqbərədə ömur sürən, bütün ömrünü burada dinə həsr edən Salah-əd-Dinlə görüşdüm. O mənə söylədi ki, burada dəfn olunan Diri Baba (Mərəzə şeyxi) Şirvanşahlar şahı I İbrahimin dövründə yaşamış və şahın sarayında azançı – müədzin (o zamanlar ən hörmətli vəzifə hesab edilirdi) olmuşdur. 


*** Diri Baba türbəsini 27 dekabr 1636-cı ildə o zamanlar məşhur səyahətçi kimi tanınmış alman səyyahı Adam Oleariy də ziyarət etmişdir.


 AzEns.AZ

Tweet 456