Dünyanın ən nəhəng neft yataqları


Dünyanın ən nəhəng neft yataqları onluğu (ağır neft və şist nefti yataqları nəzərə alınmadan aşağıdan yuxarıya):


10. “Kaşaqan” (Qazaxıstan)

Xəzər dənizi şelfinin şimalında yerləşən bu yataq 2000-ci ildə kəşf edilib. Ehtiyatları 6,5 milyard ton həcmində qiymətləndirilir. Yatağın işlənməsi asan olmayacaq: yatağın, orta hesabla, 5,5 km dərinlikdə yerləşməsi, dəniş şəraiti, layların yüksək təzyiqi. Lakin Kaşaqan nefti yüksək keyfiyyətlidir.

Yataq 2000-ci ildə 150 illiyi qeyd olunan qazax şairi Kaşaqan Kutjimanulının şərəfinə belə adlandırılıb. Bu söz həm də qazax dilində “ələkeçməz”, “ram edilməz” mənalarını verir.


9. “Şimali” / “Cənubi Pars” (Küveyt / İran)

Əvvəl – 1971-ci ildə “Şimali” yatağı kəşf olundu. İran körfəzi üçün qəribə olan bu adın mənası xəritəyə baxanda aydın olur: o Küveytdən şimalda yerləşir. 

1990-cı ildə isə yatağın İran hissəsi – “Cənubi Pars” kəşf olundu. Adına baxmayaraq, yatağın bu hissəsi “Şimali” hissəsindən şimalda yerləşir.

Küveyt-İran yatağında cəmi 7 milyard ton neft, 28 trilyon kub metr qaz ehtiyatı var. Bu yatağın hesabına Küveyt qaz ehtiyatlarına görə dünyanın üçüncüsü ola bildi.


Yeri gəlmişkən. Dünyanın ən böyük şelf qaz yatağı olan “Cənubi Pars” / “Şimali Doum” yatağı İran və Qətər sularında 9700 kv metr sahədə dənizin dibindən 3 km dərinlikdə yerləşir. Yatağın ehtiyatları 51 trilyon kub metr (!!!) həcmində qiymətləndirilir.

Bu yatağın kəşfindən sonra İran haqlı olaraq hərbi-dəniz donanmasını da gücləndirməyə başladı (sualtı gəmilər, təyyarə və helikopter daşıyan gəmilər, dəniz bazalı orta mənzilli raketlər və s.). Yatağa nəzarətlə bağlı ABŞ, Aİ, Çin, Rusiya, Hindistan və Küveyt-S.Ərəbistanı arasında 20 ildən artıqdır ki gedən böyük, çirkin və qanlı siyasət barədə, imkan olsa, yazmağı planlaşdırıram.


8. “Samotlor” (Rusiya)

Qərbi Sibir yaylasında Samotlor gölü (yerli xantı dilində “Ölü göl” deməkdir) yaxınlığında bataqlıq ərazidə yerləşən bu yataq 1965-ci ildə kəşf edilmişdir. Neft ehtiyatları 7,1 milyard tondur. “Samotlor”a qədər dünyada bataqlıqda neftçıxarma təcrübəsi yox idi. Bataqlığı qurutmaq yaramırdı, çünki torf alovlana bilərdi, Bakıdakı kimi estakadalar tikmək isə həddən çox vaxt aparardı. Buna görə də alternativ çıxış yolu tapıldı: göl-bataqlıqların ortasında gətirmə torpaq tökməklə, buruqlar quraşdırmaq üçün süni adacıqlar yaratdılar. Sonralar eyni üsulla şəhərlər salmağa başladılar. Məsələn, neftçilər şəhəri Nijnevartovsk belə tökmə torpaqlar və svaylar üzərində salınmışdır.


Yeri gəlmişkən. Bu şəhərdə tələbə inşaat dəstəsinin tərkibində 2 dəfə olmuşam. Şəhər bataqlıq üzərinə vaqonlarla gətirilmə torpaqlar üzərində salınıb. Şəhər-adanın kənarları torf bataqlıqlarıdır. İlk baxışdan adi qara torpağa oxşayır, hətta biz ora moruq yığmağa gedirdik, amma bir az uzağa getsən və ya bir yerdə qalsan, batarsan. Binalar svaylar üzərində tikilir, yollar isə beton plitələr üzərinə asfalt sərməklə çəkilir.


7. “Yuxarı Zakum” (BƏƏ)

1969-cu ildə kəşf olunan bu yatağın ehtiyatları 8,2 milyard tondur. Əgər bura qonşu “Aşağı Zakum” yatağının da ehtiyatlarını əlavə etsək, 10,7 milyard ton olar. “Yuxarı Zakum” milli neft şirkəti ADNOC (60%), Exxon (28%) və Japan Oil Development Co (12%), “Aşağı Zakum” isə 100% ADNOC tərəfindən istismar olunur.


6. “Bolivar” (Venesuela)

“Bolivar”, “Laqunilyas”, “Tia-Xuna”, “Boçakero” və başqalarından ibarət şelf yataqlar qrupudur. Ehtyatları 8,3 milyard ton neft həcmində qiymətləndirilir. Bu yataqlar qrupu nəhənglər onluğunun ən “qocaman”ıdır: 1917-ci ildə kəşf olunub və 1926-cı ildən işlənmədədir.


5. “Safaniya-Həfci” (Küveyt / Səudiyyə Ərəbistanı)

Bu yataq haqda “Neft haqqında – 5“ statusunda daha ətraflı yazdığım üçün bircə ehtiyatları barədə məlumatları təkrarlayıram: 10,3 milyard ton neft və 327 milyard kub metr qaz. Yataq artıq tükənmək üzrədir.


4. “Karioka Suqar Loaf” (Braziliya)

Bu yataq onluğun ən gənc yatağıdır – San-Paulu şəhərindən 330 km aralı, okeanda 2007-ci ildə kəşf olunub. Yatağın (adının tərcüməsi “Şəkər baş” mənasını verir) ehtiyatları 11 milyard ton neft həcmində qiymətləndirilir. Burada nefti hasil etmək asan olamayacaq: suyun dərinliyi 2 km-dən çoxdur, yataq isə okeanın dibindən 5 km dərinlikdə yerləşir.


3. “Böyük Burhan” (Küveyt)

Küveytin cənub-şərqində səhrada yerləşən bu nəhəng yatağın ehtiyatları 13 milyard tondur (Küveytin bütün ehtiyatlarının 75%-ə qədəri). 1938-ci ildə kəşf olunub, lakin hasilata 1946-cı ildən başlanılıb. 2004-cü ilədək yatağın ehtiyatı dünya neft ehtiyatının 5%-ni təşkil edirdi. 1991-ci ildə Küveyti İraq qoşunlarından azad edəndə bu yatağın quyuları yandırılmışdı. Yanğınlardan əmələ gələn 2,5 km qalınlığında tüstü zolağı 50 km məsəfəyədək uzanmışdı. 117 quyunu əhatə edən yanğını bütün Qərb dünyası söndürürdü.


Yeri gəlmişkən. İraq Küveyti işğal edərkən 2 əsas arqumenti var idi: 1. Küveyt 2 ölkə arasında yerləşən Neytral zonadan icazəsiz (razılaşdırılmamış) neft çıxarırdı (İraq darmadağın ediləndən sonra neftlə zəngin Neytral zona heç kimin yadına düşmür, daha doğrusu, İraqın yadından çıxardıblar); 2. Küveyn OPEC kvotasından artıq neft çıxararaq, neft qiymətlərini süni şəkildə endirir (lap indiki kimi).


2. “Qavar” (Səudiyyə Ərəbistanı)

İran körfəzi hövzəsində 1,5-3 km dərinlikdə yerləşən və 30 km x 280 km sahə üzrə yayılan “Qavar” 1948-ci ildə kəşf olunub və 1951-ci ildən istismar olunur. Yataq tam dövlət mülkiyyətindədir və Saudi Aramco dövlət şirkəti tərəfindən işlədilir. Dövlət əsas milli sərvəti olan bu yataq barədə detallı məlumatları ciddi şəkildə gizlədir. Hətta cari ümumi hasilat barədə belə məlumat verilmir. Olanlar isə tarixi məlumatlara, təsadüfi texniki məqalələrə və şayiələrə əsaslanır. Ehtiyatları ekspertlər tərəfindən 12-20 milyard ton həcmində qiymətləndirilir. 2005-ci ilin sonuna yataqdan 8 milyard tondan artıq neft çıxarılmışdı. 2006-cı ildə dünya neft hasilatının 6,2%-i (gündəlik 680 min ton!) “Qavar”ın payına düşürdü. Neftdən əlavə bu yataqdan gündəlik 56,6 milyon kub metr qaz hasil olunur. 1948-2005-ci illərdəki Səudiyyə Ərəbistanının bütün neft hasilatının 60-65%-i “Qavar”ın payına düşür. Bəzi analitiklər yataq üzrə pik hasilatına 10 il əvvəl nail olunduğu bildirirlər.


1. “Çikontepek” (Meksika)

Puebla və Verakruz şəhərləri arasında neft yataqlarının olması barədə hələ 1926-cı ildə bilirdilər. Lakin “Çikontepek”in ehtiyatlarının 22,1 milyard ton olduğunu elan edən PEMEX şirkəti yalnız 2009-cu ildə Meksikanı xoşbəxt etdi. Düzdür, bu nefti hasil etmək üçün 17 min quyu qazılmalıdır, çünki neft bir tutumda konsentrasiya olunmayıb, çoxsaylı kiçik yataqlarda paylanıb.


Göründüyü kimi, ikisi istisna olmaqla, bütün nəhənglər artıq hasilatının pik dövrlərini keçmişlər. Bu yataqların tükənməsi çox təhlükəli gələcəkdən xəbər verir. Düzdür, son illər bir neçə nəhəng şist yataqları kəşf olunub, lakin onların işlədilməsi üçün neftin qiyməti yüksək olmalıdır. Ucuz neft erasının sonuna bəlkə də 10-15 il qalıb.


Yeri gəlmişkən. Bizim nəhəngimiz – Azəri-Çıraq-Günəşli (dərinsulu hissə) yataqlar qrupunun ehtiyatları bu siyahıda axırıncı yerdə duran "Kaşaqan"dan 6 dəfə kiçikdir.


Müəllif: Asif Şəfəqqətov

Tweet 577