Əsrlərlə tarixi olan, amma indi olmayan Bakı “Passaj”ı


 1897-ci ilin sonunda Bakıda Aleksandr Nevski Başkilsəsi tikilib qurtardıqdan sonra meydanın abadlıq işlərinə başlandı. Meydanın ətrafına suya davamlı ağac növləri əkildi və dekorativ güllüklər salındı. Başkilsə meydanına ətraf ərazinin bir hissəsi düşürdü, qalan hissələr boş qalmışdı. Başkilsənin və Başkilsə meydanının tikilməsi Bazar küçəsinə gedişi çətinləşdirmişdi. Bu səbəbdən Dini İdarə ətrafda olan boş ərazini ticarət üçün icarəyə vermək qərarına gəlir və həmin ərazini “Tovarişestvo Aleksandro-Nevskix pyadov” ticarət firmasına icarəyə verir.


 Mülki mühəndis A.A. Nikitin 5 oktyabr 1911-ci ildə Spasski küçəsində ((Quberniya(Nizami) və Vrangel(Qarayev) küçələrinin arasında)) örtülü passaj bazarının layihəsini işləyib hazırlayır. Bu ticarət obyekti - içərisində hər növ ticarət əməliyyatının aparılması mümkün olan rahat və yaraşıqlı, möhtəşəm, üstü örtülü bir bazar idi. Buna görə həmin bazara “Passaj” adı verilmişdi. Tikilinin digər bir gözəlliyi də bütünlüklə minalı kərpiclə tikilməsi idi. Bundan başqa bu tikili bayır və içəridən XIX əsrin sonu - XX əsrin əvvəllərində dəbdə olan stildə inşa edilmişdir.


 “Passaj” ən bol və zəngin bazarlardan idi. Bu bazarda istənilən qurmanı istənilən delikateslərlə, kürü və ən çətin tapılan dəniz məhsulları ilə təmin etmək gücünə malik idi. Bundan başqa “Passaj”da müxtəlif növ pendir, yağ və meyvələr də bol olurdu. Bir sözlə, bu bazarın taxcalarında istənilən malı görmək mümkün idi.


 “Passaj” bazarında buzdüzəldən zavod və elektrik stansiyası fəaliyyət göstərirdi. Tez xarab olan malların uzun müddət saxlanması üçün buzdüzəldən zavod o zamanlar üçün əvəzsiz idi. Hətta şəhərin digər bazarlarından gəlib “Passaj” bazarından buz alırmışlar.


 “Passaj” bazarının əraziısində bir neçə çayxana da fəaliyyət göstərirdi. Uzun illər ərzində bu məşhur bazarın fəaliyyəti tədricən məhdudlaşmış və son olaraq, 5 avqust 2013-cü ildə fəaliyyətini tamamilə dayandırmışdı.


 AzEns.AZ


Tweet 208