FAKTLAR: Müasir bakılıların kökü e.ə XI əsrə aiddir


 Müasir bakılılar, əsasən İçərişəhər qalasında yaşamış insanların törəmələridirlər. “İçərişəhərli”lərin kökünün haradan gəlməsi haqqında Azens.az oxucularına unikal məlumat təqdim edir: 


 İçərişəhər əhalisi içərisində çoxlu tayfalar mövcud olmuşdur: Seyidi, Arabaçılar,Hamamçılar, Ağ şalvarlı və s. Ağ şalvarlılar sayca ən çox olan tayfa idi.


 Ağ şalvarlı

 Bu dənizçilər öz geyimləri ilə digərlərindən fərqlənirdilər. Onlar ağ şalvar və ağ köynək geyərdilər. Bir versiyaya görə, məhz elə bu səbəbdən onları “Ağ şalvarlı” adlandırırdılar. Amma köklü içərişəhərlilər tərəfindən “Ağ şalvarlı” sözü ilə bağlı daha iki versiya var:


 İkinci versiyaya görə, onlar dəyirmanda işləyənlər idi. Bu adamlar səhər tezdən işə qara şalvarlarda getsələrdə, axşam işdən çıxarkən dəyirmanda üyüdülən undan ağappaq olmuş şalvarlarla evə qayıdarmışlar. Bu səbəbdən də onları “Ağ şalvarlı” adlandırmışlar.


 Üçüncü versiyaya görə isə, Ağ şalvarlılar başqa tayfaların qulları olublar. Qullar iş vaxtı dayanıb durmasınlar və ya işləməyib oturmasınlar deyə, onlara ağaları ağ şalvar geydirərmiş. Çünki işlərkən ağ şalvar həmin an çirklənirdi. Beləliklə də, qulun işləyib-işləməməsi məlum olurdu.


 Bütün bu çoxsaylı versiyalar arasında birinci versiya əsas götürülür - Ağ şalvarlıların dənizçilər olması versiyası. Bu versiyanı həm o zamankı bir çox tarıxçilər, yazıçılar öz yazılarında qeyd etmişlər.


 Qeyd edək ki, Xəzərdə ilk dənizçilik  müasir bakılıların qədim əcdadları tərəfindən öyrənilmişdir.


 Müasir bakılıların əcdadları kimlər olmuş və nə ilə məşğul olmuşlar.

 Hələ Şirvanşahların hakimiyyəti dövründən hesablasaq, son 1000 ildə Xəzərin qərb sahillərində öz dəniz limanları ilə iki şəhər yerləşirdi: Dərbənd və Bakı. Bakının həm də Xəzərin şərq sahillərində yerləşən Gürgən şəhəri (Xorasan), Reşt və Ənzəli İran limanları ilə dəniz əlaqələri vardı.


 VII şiə İmamı Musa Kazımın iki qızı – Hökümə xanım və Rəhimə xanım (məqbərələri Nardaran və Bibiheybət pirlərində yerləşir) Xorasandan İçərişəhərə məhz elə dəniz yolu ilə gəlmişdilər. Həmin dövrlərdə (VIII əsrin sonu-IX əsrin əvvəlləri) Abşeron yarımadasının əsas dəniz limanı Pirallahı adasında yerləşirdi. Abşeron (çox-çox sonralar yarımadaya bu ad verilmişdir), Dübəndi və Gürgən yaşayış məntəqələri məhz burada yerləşirdi (ola bilsin ki, bu yerin Xorasan Gürgəni ilə nəsə bir əlaqəsi var imiş). Bunlardan başqa, Bilgəhdə orta əsrlərə aid Amburan adlanan daha bir liman var idi. Orta əsrlərdə bu yerləri “Bildi” adlandırılırdı. XVI-XVII əsrlərdə Xızı rayonunda Niyazabad (Nizovaya) yaşayış məntəqəsi mövcud olub. Beləliklə, orta əsrlərdə bütün bu regionun ən mühüm strateji şəhərlərində biri Bakı şəhəri olmuşdur. Elə məhz Ağ şalvarlılar da bu qədim şəhərin qədim dənizçilərindən olmuşlar. Eramızdan əvvəl XI əsrə aid edilən “Qobustan qaya rəsmləri” arasındakı gəmi rəsmləri bir daha bunu təsdiqləyir.


 Ağ şalvarlılar əksər hallarda gəmi kapitanı və ya gəmi sahibi olurdular. Sözsüz ki, adi dənizçi olanlar da az deyildi. Hər bir gəmi sahibinin, gəmi kapitanının çox sayda dənizçiləri olurdu. İri gəmilərdən başqa xırda, yerli istehsal olan gəmi və qayıqlarla da dənizçilik edənlər var idi. Bir sözlə desək, Ağ şalvarlılar dənizçiliklə məşğul olan bir tayfa olmuşdur.


 Qeyd edək ki, Ağ şalvarlılar İçərişəhər qalasında yaşasalar da, onlar bir qolu (bir hissəsi) qalanın xaricində, qalaya yaxın - Çəmbərəkənd deyilən bir yerdə yaşamışlar. Həmin ərazidə indi Nazirlər Kabinetinin binası yerləşir.



 AZENS.AZ


Tweet 122