Güzgünün sınması niyə uğursuzluq gətirir?


Güzgü sınmasının uğursuzluq gətirəcəyi ilə bağlı inanclar çox qədimlərə söykənir. Bunun kökü ilk güzgünün hazırlanmasından da çox əvvəllərə, hətta ilk insanlar yaşadığı zamana qədər gedib çıxır. Göllərdə və ya su hövzələrində öz əksini görən ilk insan təəccüblənmiş, görüntünün onun ruhuna aid olduğunu düşünmüş, suyu bulandırıb görüntüsünün itməsinə səbəb olanları da özünə düşman olaraq qəbul etmişdi.


Güzgüdən ilk dəfə Misirdə istifadə olunub. Bunlar bürünc, gümüş, hətta qızıl kimi metallardan hazırlanırdı və səth yaxşıca cilalanırdı. Həmin dövrdə bu parlaq səthdən əks olunan görüntünün o insanın ruhunun görüntüsü olduğuna inanılırdı.


Şüşə qablar istehsal edilməyə başladıqdan sonra da qabın içindəki sudan əks olunan görüntünün bir ruha aid olduğuna inanılsa da, şüşələrin qırılması mümkün idi və inanca görə də bu zaman ruhun bir parçası bədəni tərk edirdi.


I əsrdə Romalılar bu uğursuzluğun müddətini 7 ilə çıxardılar. Yəni onlar həyatın hər yeddi ildən bir özünü yenilədiyinə inanırdılar. Şüşənin qırılması nəticəsində ruh və insan sağlamlığı zərər görürdü, ruh halı zədələnirdi. Bədənin özünü yeniləyərək sağlamlığına qovuşması üçün isə inanca görə, yeddi illik bir zaman diliminə ehtiyac duyulurdu.


XV əsrdə İtaliyanın Venesiya şəhərində gümüşdən hazırlanmış, çox asan qırıla bilən, amma bahalı ilk aynaların istehsalı ilə bu batil inanc yaxşıca inkişaf etdi. Bununla da inanc bir az da iqtisadi dəyər qazanmış oldu. Aynadan istifadə edənlər və ya evlərdə aynaları təmizləyən xidmətçilər onu hətta bilməyərəkdən qıracaqları təqdirdə yeddi il boyunca ölümdən daha betər fəlakətlərlə qarşılaşa biləcəkləri barədə xəbərdar edilirdilər.


Bu inancla bərabər təbii olaraq bəzi tədbirlər də həyata keçirilməyə başlandı. Məsələn: aynanın qırılan parçaları cənuba doğru axan bir çayda yuyularsa və ya torpağa basdırılarsa baş verə biləcək bütün bədliklər yox edilmiş olar. Ancaq qırılan ayna parçalarını götürüb evdən çıxarkən o qırılmış aynaya baxmaq olmaz. Yataq otaqlarındakı aynaların üstü istifadə edilmədiyi zamanlarda örtülməlidir ki, ruh aynanın içində qalmasın. Ölən bir insanın evindəki aynaların da üzəri örtülməlidir ki, ruh səmaya doğru olan səfərində bir maneə ilə qarşılaşmasın.


XVII əsrin ortalarından İngiltərə və Fransada ucuz güzgülər istehsal olunaraq bazara buraxılsa da, bu günün reallığında belə həmin batil inanc yenə də əvvəlki məşhurluğunu qorumaqdadır.


 AzEns.AZ

Tweet 422