Bakının sirləri: "Hökumət Evi"nin tarixi


Bakıda olan “sirli” tikililərdən biri də Hökumət Evidir. Bu bina müharibədən (1941-45 illər) sonra estetik baxımdan Azərbaycan arxitekturasında mühüm rol oynamışdır.


O dövrlər bina ətraf mənzərəyə nisbətdə dominantlıq təşkil edirdi. Belə ki, ətrafda olan alçaq və xırda həcmli tikililərə baxanda bu bina çox nəhəng və möhtəşəm görünürdü. Həmin dövrlərdə bu tikiliyə heç kimin yuxarıdan baxmaq imkanı olmadığından elə ilk günlərdən bina haqqında müxtəlif əfsanələr yaranmağa başlamışdı. Bu tikintidə alman hərbi əsirləri çalışırdı. Elə bu səbəbdən də yaranan əfsanələrin birində belə deyilirdi ki, alman hərbi əsirləri bu binanı gizli olaraq svastika formasında inşa edirlər. Bu haqda gizli, alçaqdan, pıçıltı ilə söz-söhbətlər gəzirdi. Əgər bu həqiqətən də belə olsaydı, bunu yuxarıdan baxmaqla, çox asanlıqla görmək olardı. Əslində isə tikilən Hökumət Evini svastika formasında görmək, Kolizeyi beşbucaqlı formasında görmək kimi bir şey olardı. Bu möhtəşəm binanı heç də almanlar deyil, rus sovet arxitektoru Lev Rudnev V. Munçla həmmüəllif olaraq inşa etdirmişlər. İnşa edilmiş Hökumət Evinin yuxarıdan görünüşü isə enli П (Pi) formalıdır.


 Bakıda Hökumət Evi kimi tanınan bu möhtəşəm bina məhz məşhur arxitektor L.Rudnevin fantaziyası əsasında tikilib başa çatdırılmışdır. L.Rudnevin dünya şöhrətli arxitektur əsərlərindən biri Moskvadakı MDU-nun (Moskva Dövlət Universiteti) baş korpusudur. Arxitektor müharibə illərindən (1941-45-ci illər) sonra Bakıda möhtəşəm bir binanı – Hökumət Evini tikmişdir.


 Əslində isə bu binanın tikintisi 1934-cü ildən planlaşdırılmışdı. Həmin ildə Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən “Bakıda Sovetlər Sarayının (o vaxtlar Hökumət Evi belə adlandırılırdı) tikilməsi haqqında” qərar qəbul olunmuşdur. Bu qərara görə, həmin bina inşa edildikdən sonra yaşayış binalarında yerləşən dövlət müəssisələrinin hamısı bu binaya köçürülməli, dövləti yığıncaqlar, tədbirlər, iclaslar, hətta qurultaylar belə bura keçirilməli idi. Bu məqsədlə də binanın inşası ilə bağlı ümumittifaq müsabiqə elan olunmuşdu.


 Müsabiqədə Rudnev və Munç qalıb olur, 2-ci yeri Dadaşov və Useynovun Şirvanşahlar sarayı üslubunda işlənmiş layihəsi (sonralar “Moskva” mehmanxanasının müəllifi), 3-cü yeri isə bakılı Konstantin Sençixinin layihəsi tutur (sonralar “Monolit”in müəllifi).Tikintiyə 1935-ci ildə başlanmalı idi. İlkin olaraq tikintiyə 2.000.000 rubl ayrılır. Tikinti 1937-ci ildə başa çatdırılmalı idi. Amma müəyyən səbəblərdən tikintinin inşası ləngimiş, 1936-cı ildə inşaya başlanmış və tikintinin başa çatdırılması uzanmış, tikintinin sona çatmasına isə müharibənin başlaması mane olmuşdur.


 Binanın tikintisi müharibədən sonra – 1945-ci ildə bərba edilir və elə həmin vaxtdan da Leninin heykəli ilə əlaqədar müsabiqə elan edilir. Bu müsabiqədə 1-ci yeri Cəlal Qaryağdı və L. Rudnevin proyektləri (bu heykəl 1955-ci ildə öz yerini tutur, 1991-ci ildə onu Azərbaycan bayrağı əvəz edir) qazanır. Binanın inşası 1952-ci ildə başa çatdırılır.


 1960-70-ci illərdə Hökumət Evi ətrafinda kompleks binalar inşa edilir ki, bu binalardan - “Azərbaycan” və “Abşeron” mehmanxanalarını, Hacıbəyov küçəsində inşa edilmiş 16 mərtəbəli binanı və “Azərpoçt”un binasını göstərmək olar.


 
 AZENS.AZ/ Jalə Orucova


Tweet 763