İlk azərbaycanlı dünya gözəli - Sona Mehmandarova


 “Gözəl yox, xoşbəxt doğul” – bu sözlər əslən Lənkərandan olan Sona Mehmandarovanın həyatına uyğun gəlir.

 O, “Miss dünya – 1912” titulu qazansa da, gözəllik onun üçün ağır yükə çevrilir. Bu gün sizə əfsanəvi general Səməd bəy Mehmandarovun yaxın qohumu, vəzifəli Nağı bəyin qızı Sona xanım Mehmandarovadan danışacağıq. 


 Sona xanım Lənkəran əsilli vəzifəli Nağı bəyin ailəsində böyümüşdür, əmisi əfsanəvi general Səməd bəy Mehmandarov idi. Onun əlini tutmaq istəyən, onunla bir həyat paylaşmaq istəyən sonsuz sayda kişilər var idi. Lakin onlar müəyyən səbəblərlə ailədən və Sona xanımın özündən etiraz cavabı alırdılar. Belə bir etirazla qarşılaşanlardan biri də Əhməd Zeynalov idi, o, hirsini Mehmandarovların ailəsindən çıxarmağa çalışırdı.


 Bir neçə dostu ilə birlikdə gecə yarısı Nağı bəyin evinə girirlər, bəyi oğurlayaraq, onu ölümcül yaralayırlar, cəsədini dənizə atırlar. Araşdırmalar nəticəsində Mehmandarovun qatili tapılmış, günahkarlar məhkum kimi Sibirə göndərilmişlər.


 Hadisədən sonra Sona xanım Lənkəranı tərk edir, Bakıya anasının qohumlarının yanına gəlir. Xanım gözəlliyi ilə Bakıda da şöhrət qazanır. Onu keçmiş Filarmoniyada baş tutacaq gözəllik müsabiqəsinə dəvət edirlər. Tarixdə onun qələbəni necə qarşıladığı, qəbul etdiyi barədə heç bir məlumat yoxdur. Müsabiqədə “Miss Kavkaz”, “Miss Rusiya” kimi titullar var idi. Sona xanıma müsabiqənin ən önəmli mükafatı olan Qran-Pri və zümrüd qaşlarla bəzədilmiş tac hədiyyə olunur. Aparıcı fransız qəzetlərinin ön səhifəsində məhz bu xanımın fotoları və xəbəri yayımlanırdı.


 Amma bu gözəllik ona uğur gətirmədi. Onun həyatının gözəl anları müharibə dövrünə təsadüf etdi. Sona xanım varlı dağıstanlı Uruzovla evlənir. Onun sonrakı taleyi haqda tarixdə heç bir məlumat yoxdur. Yalnız onun 1966-cı ildə Bakıya döndüyü məlumdur. Sona xanımı görənlər onun gözəlliyindən əsər qalmadığını söyləyirdilər, onu yalnız səsi ilə müəyyən etmək olurdu. Sona xanım vətəndə çox yaşamadı, Bakı qəbiristanlıqlarından birində dəfn edildi. Sona xanım yaddaşlarda XX əsrdə gözəlliyi ilə dünyanı fəth etmiş xanım kimi qaldı.


 Məlumat azərbaycan dilinə ilk dəfə tərcümə edilib.

 AZENS.AZ \ Jalə Orucova

Tweet 125