İlk kosmonavt həqiqətən Yuri Qaqarin olub?


 12 aprel, 1961-ci ildə ilk dəfə kosmosa insan uçmuşdur.


Bu rəsmi versiyadır və bunu hətta hər bir məktəbli də bilir. Amma 50 ildən çoxdur ki, bu fakt ətrafında olan mübahisələr səngimək bilmir: həqiqətən Y. Qaqarin ilk kosmonavt olub? Bu faktlar ətrafında müxtəlif mülahizələr mövcuddur. Bəzi mülahizələrə görə, Y. Qaqarin kosmosa uçan 4-cü, bəzilərinə görə isə 12-ci olub.


Belə deyim var: “od olmayan yerdən tüstü çıxmaz”. Amma o zamanlar bütün dünya ölkələrinin diqqəti ilk insanın nə vaxt kosmosa uçacağına yönəldiyindən, bu uçuşa hazırlıq prosesi və uçuşun həyata keçirilmə vaxtı bir sirr kimi gizli saxlanılırdı. Bu səbəbdən də istər xarici ölkələrdə, istərsə də ölkə daxilində uçuşla bağlı bir çox miflər söylənilirdi.


Keçmişdə kosmodromda eksperimentçi və baş mühəndis olmuş M. Rudenkonun şahidliyinə görə, Qaqarinə qədər kosmosa 3 nəfər uçub. Uçuş zamanı həlak olduqlarından onlar haqqında məlumatlar ciddi-gizli saxlanılmışdır. Çünki bu uğursuzluq ölkənin adına da xələl gətirirdi. Qaqarinə qədər kosmosa müxtəlif illərdə 3 nəfər uçub: 1957-ci ildə - Ledovskix, 1958-ci ildə - Şaborin, 1959-cu ildə - Mitkov. O zamanlar İtalyanın Teleqraf Agentliyinin verdiyi məlumatlara əsasən, onların hər üçü sınaqçı - təyyarəçilər olmuş və hazırlıq keçmədən bu kosmik uçuşları etmişlər.


Aviasiya tarixçisi A. Simonovun yazdıqlarına görə, həmin kosmonavtlar haqqında Müdafiə Nazirliyinin Arxivində heç bir məlumat yoxdur. Amma əvvəllər kosmik fəzaya içərisində it olan raketlər buraxılıb. Raketlərin kabinalarının germetizasiyası qüsurlu olduğundan itlər tələf olmuşdur.


Xarici mediyanın bəziləri kosmik uçuşlar zamanı həlak olan kosmonavrların sayını üç deyil daha çox göstərirlər. Bunların: Kaçur, Zavodovski, Qraçev, Mixaylov və Belokonov soyadlı kosmonavtların olduğu qeyd edilir. Amma bu şəxslərin qohumları iddia edirlər ki, yuxarıda adı çəkilənlər heç də kosmonavt olmamışlar, onlar texnik-sınaqçılar olmuş və adları gizli saxlanan deyil, açıqda olan şəxslərdən olmuşdur. Sonradan bu şəxslərin adları da mətbuatdan gizli saxlanıldığı üçün xarici mətbuat bu şəxslərin həlak olduğunu zənn etmişlər.


Ginnesin Rekordlar kitabında 1964-cü il üçün ilk kosmonavt kimi məşhur aviakonstruktorun oğlu Mixail İlyuşin göstərilmişdir. Amma kosmonavtika tarixçiləri iddia edirlər ki, bu şəxs heç vaxt kosmosda olmamış və o, kosmosda deyil, təyyarə qəzasında həlak olmuşdur. Xarici mətbuatda adı çəkilən digər bir təyyarəçi Valentin Bondarenkonun da kosmosda deyil, surdobarokameranın sınağı zamanı həlak olduğu bildirilir.


Hansı formada olursa-olsun, Qaqarin kosmosa uçmaq hüququna layiq görülmüş və kosmosa uçan ilk insan adına layiq görülərək, tarixə düşmüşdür. Kosmosa uçuşundan sonra Qaqarin öz müsahibəsində bu uçuşa hazırlıqlar zamanı onun neçə ağır sınaqlardan, psixi gərginliklərdən keçdiyini və 10 günlərlə tək, səssiz qapalı otaqlarda, sentrafuqda çəkdiyi fiziki və psixi əziyyətləri xüsusi olaraq qeyd etmişdir. İlk kosmonavt qeyd etmişdir ki; “ bu cür fiziki və psixi əziyyətlətləri nəzərə alsaq, inanmıram ki, kimsə məndən əvvəl kosmosa uça bilsin”.


Azens.az / Jalə Orucova

Tweet 210