İlk peşəkar Azərbaycan heykəltəraşı - Zeynal Abdin Əliyev


 Azərbaycanın mədəniyyəti tarixi - tanınmış ədəbiyyat, incəsənət, memarlıq sənəti xadimlərinin adları ilə zəngindir.

 Amma buna baxmayaraq, keçmişin istedadlı şəxsləri arasında ictimaiyyətə məlum olmayanları da az deyildir. Belə istedadlı şəxslər sırasında, əsasən, ilk peşəkar azərbaycanlı heykəltəraşı olan Zeynal Abdin bəy Əliyev daha çox diqqət çəkir. Bu istedadlı şəxs Azərbaycan Demokratik Respublikası dövründə bütün dövləti atributların tərtib olunmasında çox yaxından istirak etmiş; dövlət möhürünün, dövlət medallarının, poçt markalarının tərtibatını o, vermişdir. Zeynal Abdin 1923-cü ildə İtaliyada (Perucada) Accademia di Belle Artini “peşəkar heykəltəraş” diplomu ilə bitirmiş ilk və yeganə heykəltəraş idi.


  Zeynal Abdin bakılı kommersantın oğlu idi. Uşaqlıqdan rəsmlə, ağac üzərində oyma və gildən fiqurlar düzəltməklə məşğul olarmış.  Bakıda “realnı” məktəbini bitirdikdən sonra atasının təkidi ilə 1915-ci ildə Moskvada kommersiya məktəbinə daxil olur. O, 1918-ci ilin payızında yenidən Bakıya qayıdır. O zaman artıq Azərbaycan Demokratik Respublikası qurulmuşdu. Onu Poçt və Teleqraf Nazirliyində baş mütəxəssis kimi işə götürürlər və 1918-1919-cu illərdə  bütün medal və ordenlər, Parlament nişanları, markalar Zeynal Abdin Əliyevin çəkdiyi eskizlər əsasında hazırlanır.


  1920-ci ildə dövlət hesabına Avropada təhsil almağa göndərilən 100 gəncin içərisində Zeynal Abdin də var idi. O, İtaliyanın Peruca şəhərində yerləşən İncəsənət Akademiyasının heykəltəraşlıq şöbəsinə daxil olur. Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra mühacirətdə qalmaq qərarına gəlir. Dövlət tərəfindən təqaüdü dayandırıldıqda isə çox ağır maddi sıxıntılarla üzləşir və bütün çətinliklərə baxmayaraq, 1923 –cü ildə təhsilini başa vurub, fərdi sifarişlər almağa başlayır.


  Peruca şəhərində Bethovenə və Rusiya emiqrantı, “La Skala” teatrının məşhur opera müğənnisi Siqizmund Zalesskiyə qoyulmuş məşhur büstlər  Zeynal Abdin Əliyevin əl işləridir.


 İstedadlı heykəltəraş Zeynal Abdinin məktub yazışmalarından belə məlum olur ki, 1920-1930-cu illərdə o, daha çox ABŞ-da və Türkiyədə çalışmışdır. Onun çox məşhur olan “Azərbaycanın gözəl incəsənət əsərləri” məqalələri 1934-cü ildə Türkiyədə nəşr olunur.


  Zeynal Abdinin ulu babası Hacı Mirzə Əbdül Rəhim 1832-ci ildə Abbas Qulu ağa Bakixanovla birgə Bakıda ilk Uyezd məktəbi açır. Həmin məktəbdə rus, azərbaycan dilləri, coğrafiya və digər elmlər tədris olunurdu və məktəbdə ilk olaraq müəllimliyi də o, özü etmiş, şagirdlərə Azərbaycan dili və şəriətdən dərs demişdir. Həmin o Uyezd məktəbinin ilk məzunlarından biri də onun öz oğlu – Mirzə Zeynal Abdin bəy Əliyev olmuşdur (1826-1891).


  Mühacirətdə olanların hamısı, eləcə də, Zeynal Abdin mühacirətin ağır şərtləri altında yaşayırdılar. Buna baxmayaraq, onlar, azərbaycanlı mühacirlərin görkəmli lideri olan Ceyhun bəy Hacıbəyli ilə (Üzeyir Haçıbəyovun Parisdə yaşayan qardaşı) sıx əlaqə saxlayır və tez-tez ondan maddi və mənəvi dəstək alırdılar.


  Zeynal Abdin qarşılaşdığı çətinliklərə baxmayaraq, İtaliyada tez bir zamanda istedadlı bir heykəltəraş kimi məşhurlaşır və o zamankı tanınmış adamlardan sifarişlər almağa başlayır. Az keçmir ki, o, İtaliyada özünü yaratdığı əsərlərdən ibarət böyük bir şərgi təşkil edir.


 AzEns.AZ


Tweet 353