İkibaşlı qartal simvolunun mənası


 Şumer şəhəri olan Laqaşda (Mesopotomiya) qazıntılar zamanı ikibaşlı qartal simvolunun ən qədim nümunəsi tapılmışdır. Qədim xettlərdə bu simvol önəmli yer tuturmuş. Xettlərin dövləti eramızdan əvvəl II minilliyin ortalarında öz çiçəklənmə dövrünü yaşayanda bu simvol onların dövlətçilik rəmzi olmuşdur.


 Türkiyənin ərazisində, Boğazkey kəndi yaxınlığında arxeoloji qazıntılar zamanı ikibaşlı qartal simvolunun ən qədim nümunəsinin qayaüstü təsviri aşkarlanımışdır. Bu qayaüstü təsvir eramızdan əvvəl VIII əsrə aid edilmişdir.


 İkibaşlı qartal simvolundan Qədim Misirdə, Midiyada və Assuriyada da geniş istifadə edilmişdir. “Beynəlxalq emblema və simvolika lüğəti”ndə qeyd edilmişdir ki,  Roma sərkərdələrinə məxsus əlağaclarının üzərində ikibaşlı qartal təsvirləri olurdu ki, bu da “ordu başçısı” mənasını daşıyırdı. Daha sonralar isə qartal – imperatorun hakimiyyəti simvolu kimi hesab olunmağa başladı. Qədim Yunanıstanda Günəş Allahı Helius əvvəllər 4 at qoşulmuş ikitəkərli arabada, sonralar isə ikibaşlı qartal qoşulmuş arabada təsvir olunmuşdur. Yunan mifologiyasına görə, qartal – Yupiterin Yerdəki nümayəndəsidir və yaxud, guya Zevs Qanimedi oğurlamaq üçün qartala çevrilmişdir.


 Ərəb dünyasında ikibaşlı qartal: şərqilik – şərq dünyası kimi təsəvvür olunur. Bu simvol türk səlcuqlarında da geniş istifadə olunmuşdur. Bu simvolla onlar Quran qoyulan rəfləri bəzəyərdilər.


 İkibaşlı qartal farslarda da geniş yayılmış bir simvoldur. Simvol qələbə, qalibiyyət rəmzi hesab olunurdu. Qızıl Ordada bu simvol pullar üzərində döyülərmiş. Deyilənlərə görə, Özbək və Canıbəy xanın dövründə ikibaşlı qartal Qızıl Orda xanlığının gerbi olubmuş.  Belə hesab edilir ki, Avropalılar ilk dəfə ikibaşlı qartal simvolu ilə səlib yürüşləri zamanı rastlaşıblar. Bu simvola tampliyerlərin (Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri) möhürlərində də rast gəlmək mümkündür.  


 Balkan ölkələrində və Bizansda isə bu simvol dekorativ xarakter daşıyıb. Bu təsvirlə onlar parçaları, qabları və müqəddəs tikililərin divarlarını bəzəyərdilər. İkibaşlı qartal XIV əsrdə imperator Sigizmuntun dövründə Bizansın dövlət simvoluna çevrilir. Bundan əlavə ikibaşlı qartal Müqəddəs Roma İmperiyasının da dövlət simvolu olmuşdur. Daha sonra bu simvol - Avstriyanın, Almaniya İttifaqının, Rusiya İmperiyasının, Yuqoslaviya Krallığının, Serbiya və Çernoqoriyanın və hətta İran şahənşahı Məhəmməd Şah Pəhləvinin dövründə İranın gerbində də təsvir olunmuşdur.


 Ümumiyyətlə, qartal – şahlıq, ağalıq, hökmdarlıq simvolu hesab olunur. Quşların şahı qartal olduğu üçün, qartal simvolu da bir növ yüksəklik, hökmranlıq simvolu kimi qəbul olunur. 


 Azens.az/ Orucova Jalə  

Tweet 1097