"Milyon qızılgül" mahnısı kimə həsr olunub?


 Milyon, milyon, milyon qızılgül... Təbii ki, bu mahnını dəfələrlə eşitmişik. Amma mahnıda təsvir edilən sadə bir rəssamla onun ürək xanımının kim olduğunu bilənlər çox azdır. Həmin rəssam çəkdiyi bütün rəsmlərini dəyər dəyməzinə satmış və həmin pula qızılgüllər almışdir ki, həmin aktrisa xanımın ayaqları altına sərsin.


  Gürcü rəssamı olmuş Niko Pirosmani (N. Pirosmanaşvili) rəssamlığı özü öyrənmiş xalq arasından çıxan qeyri-adi birisi olmuşdur. Həmin dövrlər xalq arasında tanınmış biri olmasına baxmayaraq, o, kasıbçılıq və səfalət içərisində yaşayırdı. O, çəkdiyi rəsmləri yeməkxanalarda bir qarın yeməyə və ya bir şüşə çaxıra satırmış. N.Pirosmaniyə dünya şöhrəti yalnız ölümündən sonra gəlmişdir.


 Pirosmaninin “sevdiyi xanım” olmuş qadın haqqında məlumat çox azdır. Amma bəzi rəsmi sənədlər təsdiqləyir ki, həmin aktrisa qadın 1905-ci ildə Gürcüstana gəlmişdir. Bu haqda o zamanlar hətta elanlar verilmişdir ki, “Paris miniatür teatrı “Bell Vyü”, Marqarita de Sevr başda olmaqla, özünün şanson müğənniləri və rəqqasları ilə Gürcüstanda konsert verəcək”.


 XX əsrin əvvəllərində (1905-ci il) konsert afişaları Tiflis şəhərinin bir çox yerlərində asılmış və o zamanlar gözəllər gözəli hesab edilən Marqarita de Sevr Tiflisdə 7 gün konsert vermişdir. N. Pirosmani Marqaritanı ilk dəfə afişada görmüş, ona vurulmuş və daha sonra onun “Aktrisa Marqarita” adlı rəsmini çəkmişdir. Marqaritanın konsert zamanı ifasını eşitdikdən sonra Nikonun aktrisaya olan məhəbəti birə-yüz artır (Bu haqda sonralar K. Paustovski və A. Voznesenski daha ətraflı yazmışdılar).


 O zamanlar gəzən söz-söhbətlərə görə, Pirosmani Marqaritanın ürəyini fəth etmək üçün nələr etmirdi: onun portretin çəkmiş, hər konsertdə ona öz adından dəstə-dəstə gül buketləri göndərirmiş... Bütün bunlara baxmayaraq, aktrisa ona heç gözünün ucu ilə də baxmırdı. Deyilənlərə görə, bir dəfə aktrisa konsertdən çıxan zaman Niko onun qarşısında diz çökərək, aktrisanın ayağını öpmək istəmiş və aktrisa buna icazə verməmiş, bundan heç də xoş hal olmamışdır.


 Tiflisdə hələ konsert davam edən günlərdə, rəssam Pirosmani öz ad günündə Bütün rəsmlərini və mülkünü satır. Əldə etdiyi pulların hamısına qızılgüllər alır və 9 araba qızılgüllərin hamısını Marqaritanın qaldığı evin qarşısına göndərir. Söylənilən əfsanələrə görə, Marqarita evinin qarşısında “qızılgül dənizini” görən zaman özünü saxlaya bilmir və Nikoya yaxınlaşaraq onun üzündən öpür. Tarixçilər belə yazırlar ki, bundan sonra rəssamla aktrisa bir daha görüşməmişlər. Niko “qızılgül dənizi”ni Marqaritaya təhvil verdikdən sonra dostları ilə yeyib-içməyə getmiş, bir daha nə aktrisa onu, nə də o aktrisanı görmüşdür. Amma bəzi məlumatlara görə, bu əhvalatdan sonra aktrisa rəssama görüşmək üçün dəvətnamə göndərir, rəssam bu dəvətə bir neçə gün sonra getmək qərarına gəlir, o vaxt isə aktrisa Tiflisi artıq tərk etmiş olur. Bu aktrisanın Tiflisə son səfəri idi.


 “Milyon qızılgül” sözləri məşhur mahnıda tez-tez işlədilir. Bu da yuxarıda söylənən sevgi əfsanəsinin bir hissəsidir. Amma Paustovskinin bu haqda yazdığı povestdə söhbət qızılgülgüldən deyil, İran yasəmənindən gedir, yəni ki, rəssam aktrisaya qızılgüllər deyil, yasəmənlər hədiyyə etmişdi. 


 Mahnıda milyonlarla qızılgülün rəssam tərəfindən böyük bir meydana tökülür. Əfsanədə isə hadisələr köhnə Tiflisdə, Sololaki rayonu ətrafinda cərəyan edir. Tiflisin bu bölgəsi dar-dar küçələrdən ibarət idi. Tiflisin Sololaki adlanan hissəsində iri meydandan söhbət gedə bilməz.


 Sonralar K. Paustovski aktrisa haqqında belə yazmışdır: “Marqarita bütün həyatını sanki, bir yuxu kimi yaşamışdır. Onun ürəyi hər kəsin üzünə bağlı idi. Özünün xarici görünüşünə diqqət yetirməsinə, yaxşı geyinib-keçinməsinə baxmayaraq, aktrisanın gözəlliyinin özünə deyil, ancaq camaata xeyri olmuşdur. Marqaritanın gözəlliyinin içində sanki tənhalıq və acı var idi”.


 AzEns.AZ
 
Tweet 83